Bakıda “Avropanın rəngləri” sərgisi açılıb

by Samir Asadli

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi gənc Avropa səfirləri ilə birlikdə “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ikinci sərgi təşkil edir.

“Avropanın rəngləri” adlı sərgi Azərbaycanın yaradıcı qadınlarına Avropa və Avropa dəyərləri mövzusundakı əsərlərini nümayiş etdirmək imkanı verir.

Sərgidən əvvəl azərbaycanlı qadın rəssamların öz əsərlərini təqdim etmələri üçün açıq dəvət elan olunmuş və əsərləri heç zaman sərgilənməyən rəssamlara üstünlük verilmişdir.

“Bu tədbir təkcə incəsənət və yaradıcılıq barədə deyil, məqsəd qadınların bacarıqlarını inkişaf etdirmək və daha inklüziv mədəniyyət səhnəsi yaratmaqdır. İncəsənət insanları bir araya gətirən unikal metoddur və sərgi bunun mükəmməl nümunəsidir. Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəkidən olan müxtəlif sənət əsərləri Azərbaycanın zəngin mədəniyyət tarixini əks etdirir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı güclü tərəfdaşlığın bir hissəsi olaraq əhəmiyyətlidir”, – deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.

“Avropanın rəngləri” sərgisi dekabrın 24-dək saat 12.00-dan 18.00-dək İçərişəhər, Firdovsi küçəsi 14 ünvanında yerləşən Mədinə Qalereyasında açıq olacaq. Sərgilərdən başqa, rəssamların iş başında izlənməsi vorkşopları və şəhər turları təşkil olunacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında Azərbaycan İncəsənət Şurası təşkilati dəstək göstərir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK