Balkanlarda Türk möhürü – Köstəncədəki möhtəşəm tədbirdən qeydlər – Tənzilə Rüstəmxanlı

by Samir Asadli
Tənzilə Rüstəmxanlı
 
 
Sentyabrın 21-dən 23-dək Rumınyanın Köstəncə şəhərində “Cümhuriyətin 100 ili: Balkanlarda türk qadını” mövzusunda elmi-nəzəri simpozium keçirildi.
Avropanın və Türkiyənin nüfuzlu alimlərinin, ictimai-siyasi və dövlət xadimlərinin qatıldığı toplantıda Azərbaycan Türkiyə Evinin (ATEV) sədri olaraq mən də iştirak edirdim.
2004-cü ildən Balkan Qadınları Qurultayına qatılıram və hər dəfə orada Qarabağ məsələsini, Xocalı soyqırımını gündəmə gətirirəm. Balkanlardakı türklər Azərbaycanı çox sevirlər və acımızı paylaşırlar. Builki simpoziumda “Cümhuriyyətin 100-cü ildönümündə Türk qadını” mövzusunda çıxış etdim. Çıxışımda bildirdim ki, bu gün Balkanlarda 2 milyona yaxın insan türk dilində danışır və bu dili yaşadır. Türklər türkcənin Balkanlardakı varlığını qoruyur. Bölgədə ən çox türkdilli insan Bolqarıstanda və Rumıniyadadır. Onlar burada önəmli nüfuza malikdirlər.
Rumıniyada iki böyük türk diaspor təşkilatı – Türk Tatar Müsəlman Dərnəyi və Rumıniya Demokratik Türk Dərnəyi fəaliyyət göstərir. Burda yaşayan türklərin yüzillərlə dilini və dinini, milli kimliyini qoruyub saxlaması böyük bir mücadilənin nəticəsidir. Bu baxımdan türk dünyası ilə bağlı simpoziumlar buradakı soydaşlarımız üçün əvəzsiz mənəvi dəstək rolunu oynayır. Buna görə də tədbirin təşkilatçılarına – Rumıniya Demokratik Türk Dərnəyinin rəhbəri Fedbi Osman bəyə, Rumıniya Demokrat Türk Qadın Komissiyasının başqanı Melek Ahmet xanıma və müavini Nurcan İbrahimə, qədim dostum, bu qurultaylarda çox əməyi olan Düriyyə xanıma, Dərya xanıma və əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Özəliklə illərdir yaxından tanıdığım Gülten Abdulla hocama çəkdiyi zəhmətlərə görə təşəkkür edirəm. Balkanlarda türk varlığı üçün mucadilə edən böyük dava adamıdır bu zərif xanım. Məhz bu insanların zəhməti hesabına bu gün Rumıniyada və bütövlükdə Balkanlarda türk varlığı qorunub saxlanır. Mən Balkanlarda yaşayan türklərin həyatını öyrənəndə bir daha əmin oldum ki, bir millətin varlığını hər şeydən öncə onun dilinin qorunması təmin edir. Türk anaları övladlarını öz dilində böyütdükcə milli varlığımız da yaşayacaq. Bu gün qloballaşan dünya şərtləri daxilində Balkanlarda yaşayan türk gəncliyinin dilini unutması müşahidə olunur və bu təəssüf doğurur. Bu kimi tədbirlər, Türkiyə və Azərbaycanın qeyri-hökumət təşkilatlarının burada yaşayan soydaşlarımıza dəstəyi bu prosesin durdurulmasına böyük yardım etmiş olar. “Cümhuriyətin 100 ili: Balkanlarda türk qadını” mövzusunda elmi-nəzəri simpoziumu həmin prosesin başlanğıcı saymaq olar.
Rumıniya dövləti səviyyəsində tədbirə böyük maraq göstərildi və dövlət müşavirinin iştirakı təşkil edildi. Belə yüksək səviyyəli tədbirin təşkilatçılarına ancaq xoş sözlər düşür və onlara uğurlar diləyirəm. Onlar bizim qardaşlarımız, Fatihin övladları, Baıkanlarda türk varlığının qoruyucularıdır. Nə mutlu türkəm deyənə…

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK