Belçika–Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi, ssenarist Kevin Van Nuffel Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Belçika Krallığının Azərbaycandakı Səfirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində rəsmi qonağı muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva müşayiət edib. O, qonağı Nizami Muzeyinin ekspozisiya zalları ilə tanış edərək Azərbaycan ədəbiyyatı haqqında məlumatlandırıb.
Ekspozisiya ilə tanışlıqdan sonra qonaq muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb.
Belçika Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyən muzeyin direktoru qonağa Azərbaycan ədəbiyyatının qədim və zəngin inkişaf yolu haqqında məlumat verib.
Klassik Şərq ədəbiyyatına böyük maraq göstərən Kevin Van Nuffel görüş əsnasında Azərbaycanın çox zəngin mədəni irsə sahib olduğunu qeyd edib. O, XII yüzillikdə qədim Gəncədə Məhsəti Gəncəvi kimi qüdrətli rübai ustadının parlamasını Azərbaycan xalqının yüksək poetik istedadı ilə əlaqələndirərək bunun dünyada fenomen hadisə olduğunu bildirib.
Görüş zamanı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Belçika–Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında birgə əməkdaşlığın perspektivləri də müzakirə edilib.