Bir an belə Təbrizi unutmadı

by Samir Asadli
Mədinə Gülgün Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və mübariz şeirləri ilə ömrü boyu inqilabın carçısı olub
 
  Xalqımızın tarixi yaddaşını silkələyən vətənpərvərlik şeirləri ilə oxucuların  rəğbətini qazanan şair Mədinə Gülgünün anadan olmasının 97-cı ildönümüdür.
  Mədinə  Ələkbərzadə (Gülgün)  1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. Burada ibtidai məktəbi bitirib. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçüblər. Sonra Təbriz şəhərində yaşayıb, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlayıb. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olub. “Azərbaycan” qəzeti redaksiyasında xüsusi müxbir işləyən Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olub.
Uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olan M. Gülgün məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edib, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edib. İlk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən Yolunda”, “Azərbaycan” qəzetində çap etdirib. Mədinə Gülgünün “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb. Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci Dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərəçarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. Mədinə Gülgünün poeziyasının ağır sınaqlarla dolu olan yollarında ilk addımlarını atdığı gündən onun lirikasının ötdüyü nəğmələrin baş ahəngini xalqa, doğma vətənə övlad məhəbbəti, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış nidalarının başlıca motivlərini təşkil edib.
  Məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. 
“Yer üzündə bir evim var,
Ocağı daim yanar.
 Onun sönməz şöləsindən,
 Ürəyim işıqlanar”-,
deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilib.
  Şairin yaradıcılığının əsas motivini  Cənub həsrəti, xəfif məhəbbət, vətənpərvərlik, zəriflik kimi duyğular təşkil edib.
  M.Gülgün Şimalda yalnız Cənubun həsrətini çəkməyib, bir vətəndaş kimi vətən təəssübü çəkib. Bu vacib cəhət Cənubdan gəlmiş  bütün şairlərin yaradıcılığı üçün səciyyəvidir. M.Gülgün poeziyasının diqqəti cəlb edən cəhətlərindən biri də budur ki, bu poeziyada Cənuba bağlılıq, Cənub məhəbbəti, Cənub təəssübü özünün Şimal qarşılığı ilə tamam müştərəkdir. Bu cəhət şairin “Nənələr və nəvələr”, “Xatirələrimin nəğməsi”, “Ürəklərdə, nəğmələrdə yaşayanlar”, “Dastana çevrilmiş həyat” kimi poemalarına da xasdır. Mədinə Gülgünün ən yaxşı şeirlərində bədii ümumiləşdirmə gücü şəxsi hiss-həyəcanlara ümumxalq mahiyyəti verə bilir.
  Mədinə Gülgün Təbrizə, Savalana, Marağaya müraciət edəndə, ya da Mərənddən, Salmasdan danışanda bu qədim toponimlərimiz müəyyən bir coğrafi ərazini bildirmir, Cənubun rəmzinə çevrilir: 
Siz ey Ərdəbildə qalan günlərim,
illərin əlində talan günlərim” –
uzun-uzun illərin əlində talan olan o günlər yalnız Ərdəbildə qalmayıb, bütöv cənubda qalıb.
 
  Lirik şeirləri və mahnıları dillər əzbəri olan M.Gülgün yaradıcılığında Təbriz xiffəti, Araz nisgili, Savalan həsrəti əsas leytmotivlər kimi diqqəti cəlb edir:
Qayıdaydıq o Təbrizli günlərə,
Arzularım qönçəsindən çıxaydı,
Saçlarıma yaz yağışı yağaydı…
  Zərif bir poetik ahənglə dilə gətirilən bu nisgil onun bütün varlığına hopub, həyatını, fəaliyyətini yönləndirib. Təsadüfi deyil ki, bu iki Güney həsrətli şairin – Balaş Azəroğlu və Mədinə Gülgün ailəsinin ilk övladı dünyaya gələndə ona “Araz” adını veriblər. Bununla da yolları yaxın etməyə, üstündəki Xüdafərin körpüsüylə məhz Arazın onları əlçatmaz Təbrizə, ünyetməz Savalana qovuşduracağına inam ifadə etmişdilər.  Bir-birinin fikir, amal, sənət dostu, ömür-gün yoldaşı olan bu iki dəyərli şairimiz həsrətə birlikdə tab gətirə bilib, yaradıcılıqlarında eyni hiss və duyğuların poetik ifadəsini veriblər. Balaş Azəroğluna həsr etdiyi şeirdə Mədinə Gülgün yazır: “Nə yaxşı ki, el dərdini qoşa çəkdik”.
  “Bir torpaq üstündə dogulmuşuq biz, bir qolum Bakıdır, bir qolum Təbriz” deyən M.Gülgün ömrünün çox hissəsini Bakıda yaşasa da, bir an belə Təbrizi unutmur, köksündə bütöv bir Vətən sevgisini gəzdirirdi.
Xalq şairi Rəsul Rza 1978-ci ildə “Azərbaycan qadını” jurnalında dərc olunmuş “Həsrət, ümid, inam nəğmələri” adlı məqaləsində M. Gülgün poeziyasını geniş təhlil edərək şairin poeziyasında Təbriz mövzusunun önəmli yer tutduğunu göstərirdi. Mədinə Gülgünün həzin nəğmələrinin oxucunu “incikli xatirə yolları ilə” Təbrizin qoynuna apardığını vurğulayan Rəsul Rza yazıb: “Sən Təbrizin küçələrinin, məhəllələrinin adını çəkirsən. Mən onlardan çoxunu görə bilmədim. Mənim xəyalımda Təbriz bir xalqın tarixi, dünya mədəniyyətinə yazdığı zəngin-zəngin səhifələr, cəngavərlik dastanları, Saib şeirinin ölməz sətirləri, Xiyabanilərin, Səttarxanların, Bağırxanların, Firidunların tunclaşmış heykəli kimi bir əzəmətli, canlı abidə olaraq qalıb. Sən Təbrizin küçələrini mənim gözlərimdə bir də canlandırdın. Təbrizin həsrətini qəlbimdə yenidən oyatdın. Dodaqlarımda iki kəlmə titrədi: “Təbrizim – mənsizim”.
  Doğma Azərbaycanın hər qarışını sevən, Vətənə heyranlığını, məftunluğunu şeirlərində dolğun bədii boyalarla ifadə edən Mədinə Gülgünün bir ömür boyu sürən həsrəti də bu sevgiylə bərabər yaşadı:
Yuvası var körpəcə bir quşun da,
Mənası var qayanın da, daşın da.
Nə yaxşı ki, könlüm coşub-daşanda
Nəğmə burda havalanan olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
 
Yaxud:
Ey doğma vətənim, doğma torpağım
Mən əgər quş olsam yuvam səndədir.
Sənsən xilaskarım, sənsən dayağım,
Loğman təbiətli havam səndədir.
  Təbriz mövzulu şeirləri içərisində qəm, kədər yükü daha ağır olan, insanı dərdin dərinliyinə çəkən poetik örnək kimi “Telefon xətlərində” şeiri diqqəti cəlb edir. Şeirdə şairin həyatında baş verən təsirli bir hadisədən bəhs olunur. Mədinə Gülgün otuz illik ayrılıqdan sonra Arazın o tayında qalan anası ilə ilk dəfə danışır. Bu şeirin yaratdığı poetik ovqatı, duyğular təlatümünü sözlə ifadə etmək imkansızdır. Şair yazır:
Telefon xətlərində bir səs düşdü dünyaya,
Telefon xətlərində birləşdi ana-bala.
Bir ananın səsindən sanki üşüdü dünya,
Bir balanın səsindən göy ağladı az qala.
…Sona çatdı nəhayət telefon görüşümüz,
Elə bil bir qəriblik yayıldı Yer üzünə.
Görüşərkən təzədən ayrılmalı olduq biz,
Anam da, mən də sonsuz nağıla döndük.
  M.Gülgünün əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib. “Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.
Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!…” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.
 
Mənalı ömrünü bütövlükdə Vətəninin azadlığı, millətinin taleyi üçün yaşayan Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK