Ötən əsrin əvvəllərində xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım uzun illər boyu unutdurulmağa çalışılmışdı. Xüsusilə də Qərbi Azərbaycan və Qarabağ bölgəsində 1918–20-ci illər olaylarının gerçək mahiyyəti xalqımıza açıqlanmırdı. Amma sovet rejiminin sərt ab-havası şəraitində belə yazıçılarımız bu barədə nələrisə deməyə, yazmağa çalışıblar. Belə şəxsiyyətlərdən biri də Xalq yazıçısı Əli Vəliyev idi.
Andranik Ozanyanın quldur dəstələrinin hücumu nəticəsində valideynlərini itirmiş gələcək yazıçı “Budağın xatirələri”, “Qarabağda qalan izlər” və digər əsərlərində həmin müsibətləri öz qan yaddaşına söykənərək qələmə alıb. Ermənistanda Andranikə heykəl qoyulanda buna qarşı etiraz səsini ucaldıb.
“Bir cüt tərlan” povesti Əli Vəliyevin Zəngəzur mövzusunda yazdığı ən ciddi əsəridir. Povestdə 1918-ci ilin dramatik hadisələri daşnak-bolşevik qarşıdurması kontekstində əks edilsə də, erməni şovinizmi əsərin aparıcı mövzusudur. Azərbaycan türkləri ilə ermənilər arasındakı ziddiyyət nankor qonşuların Haral meşəsində donuz saxlaması kontekstində əks etdirilir. Təbii ki, müsəlman əhali bundan narazıdır və ermənilərin üzərinə hücum eləmək istəyir. Lakin milli ədavətin qızışdıılmasında əsas rolu daşnak hökümətinin başçıları oynayır. Əli Vəliyev xisləti xəyanət, məqsədi günahsız insanların qanını tökmək olan Dro və xüsusən də Qaregin Njdenin timsalında Azərbaycan xalqına qarşı erməni millətçilyini ifşa edir. Yazıçı erməni Magicin dilindən Zənzəgurun Azərbaycana bağlığını belə ifadə edir: “Daşnakların bu saat qorxduqları yer Zəngəzurdur. Səbəbi budur ki, Zəngəzur birbaşa Bakı ilə bağlıdır. Bir də Zəzgəzurun şəhər və kəndlərində çoxlu Bakı fəhləsi, bolşevik vardır”.
Müəllif daha sonra erməni millətçilərinin bolşevik axtarmaq bəhanəsi ilə Gorusdakı müsəlman mülklərini dağıtdıqlarından yazır. Təbii ki, daşnaklar 1918–20-ci illərdə bu qırğınları törətməklə Zəngəzurun türk-müsəlman əhalisini tamamilə qırmaq, onu, qeyd edildiyi kimi, Bakıdan ayırmaq məqsədi güdürdülər. Əsərdə bu məqamlara xüsusi diqqət yetirilib. Belə ki, daşnakaların iştahasından Bakıda, Gəncədə, Şamaxıda Hayastan bayrağını sancmaq keçir. Onlar həmçinin gürcü menşevikləri ilə danışaraq, Qazax və Zaqatala ərazilərini Azərbaycandan qoparmaq istəyirlər. Yazıçı Əli Vəliyev əsəri sovet dövründə yazmasına baxmayaraq, erməni millətçilərinin mənfur niyyətlərini ifşa edirdi. O, Njdenin qaniçən obrazını realist boyalarla əks etdirə bilmişdir. Qəddar fəaliyyətiylə məşhur olan Njdeni müəllif istehzalı şəkildə “kral” adlandırır. Bolşevikləri tutmaq bəhanəsi ilə obalara yürüş edib, insanları qayadan atdıran Njde Teymur adlı azərbaycanlını aldadır. Belə ki, bolşevikləri tutmaq bəhanəsi ilə ona müsəlmanlarla işi olmadıqlarını desə də, əsgərlərinə Teymuru öldürtməyi tapşırır. Əsərdə Njdenin təkcə türk-müsəlman deyil, erməni əhalisinə qarşı da cinayətlərindən bəhs olunur. Daşnakların cinayətlərdən ermənilər də bezar olurlar. Bu baxımdan Ə.Vəliyev erməni qızı Armenakın dilindən belə yazır:
Zəngəzurun daşnakları,
Bellərində çaxmaqları,
Bizə “kral” gətirdilər –
Dro kimi axmaqları,
Njde kimi sarsaqları.
Çox güman ki, bu şeir parçasını Ə.Vəliyev elə o zamanlar eşitmiş və qələmə almışdı. Cəlladların fəaliyyəti sadə insanların yaddaşında məhz belə qala bilərdi.
Daha maraqlı bir məqam isə Qəssabyan soyadlı erməninin fəaliyyəti ilə bağlıdı. İşi-gücü Njdeyə xəbər çatdırmaq olan bu erməninin cibində həm daşnak, həm də boşevik firqəsinin bileti var. Yazıçı əsərdə Qəssabyan kimi adamlara aldanmamağa çağırış edir. Bu, əslində, uzaqgörənliyin ifadəsi idi. İçində daşnak və bolşevikliyi çulğalaşdırmış ermənilər 80-ci illərin sonunda Qafqazda milli ədavəti yenidən qızışdırdılar, olmazın faciələr törətdilər və yüz minlərlə azərbaycanlını dədə-baba torpaqlarından didərgin saldılar.
“Bir cüt tərlan”da bəhs olunan hadisələr cümhuriyyət dövründə baş verdiyindən, 1918-ci il “Hürriyyət ili” kimi qeyd edilir. Bu da təsadüfi deyil, xalq yaddaşından qopan söz birləşməsinin povestdə ehtivasıdır. Əsərdə Cümhuriyyət dövründə Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun da obrazı var. Təbii ki, sovet dövründə bu şəxsiyyətə münasibət mənfi olmuşdu. Amma tarixdən o da məlumdur ki, Xosrov bəy Qarabağın, Zəngəzurun türk-müsəlman əhalisini erməni millətçilərinin hücumlarından mətanətlə qoruyub. Povestdə bu məqam maraqlı şəkildə əksini tapıb. Belə ki, Abbas, Nəzər kimi bolşeviklər Njdeni qanlı hücumlardan çəkindirmək üçün Xosrov bəyin adından məktub yazaraq onu Azərbaycan Ordusunun 25 minlik ordusu ilə hədələyirlər. Bundan qorxuya düşən Njde nəhayətdə talan və qırğınları dayandırmalı olur və bu daşnak cəlladı Hadrutdan qaçır. Bu epizod, əslində, 1920-ci ilin martında baş verən döyüşləri xatırladır. Bildiyimiz kimi, Azərbaycan Ordusu o zaman da erməni millətçilərini yerlərində oturda bilmişdi…
“Bir cüt tərlan” əsəri, bütövlükdə, Zəngəzurla bağlı yaddaşı dirildən əsərdir. Bu povestdə yer adları, müxtəlif nəsillər yada salınır. Hazırda – Qərbi Azərbaycana qayıdış məsələsi aktuallaşdığı bir məqamda bu əsərə yenidən qayıtmağın da faydalı olacağını düşünürük. Azərbaycan dilinin zəngin çalarlarıyla yazılan bu povestin latın əlifbasında yenidən nəşri məqsədəuyğun olardı.
Ceyhun MİRZƏLİ