Bu qısa yazıda üç mərhum ziyalımıza Allahdan rəhmət diləyirəm. Üçü də dəyərli insanlar idi. Ancaq onlar arasında ən çox ünsiyyətdə olduğumm, altı-yeddi ay müəllimim olmuş professor Kamil Əliyev idi.
… Orta məktəbi bitirəndən beş il sonra (özümdən asılı olmayan səbəblər üzündən) ali məktəbə ilk dəfə imtahan vermək şansım 1976-cı ildə olmuşdu. Təbii ki, kənd işləri ilə bağlı lazımi səviyyədə hazırlaşa bilmədiyimə görə həmin il universitetə qəbul olmaq istəyim baş tutmadı. Ona görə də, sonrakı ilin qəbulu üçün Bakı Dövlət Universitetinin təşkil etdiyi hazırlıq kursuna yazılmalı oldum. O vaxt universitetin bəzi fakültələri hələ Kommunist küçəsində (indiki istiqlal küçəsi) idi. Dil və ədəbiyyatdan hazırlıq müəllimimiz universitetin dosenti Kamil Əliyev, tarix fənnini tədris edən isə soyadını unutduğum Sadıq müəllim idi.
Hazırlıq kursundakılar arasında ən yaşlı abituriyent mən olduğuma görə idi, ya nəyə görəsə Kamil müəllim mənə daha doğma münasibət bəsləyirdi. Bir dəfə nə üçün indiyədək qəbul ola bilmədiyimi soruşdu. Kənddən Bakıya gələ bilməməyimin səbəbini danışdım və əlavə etdim ki, cəmi bir dəfə imtahan vermiş və bütün fənlərdən qiymət almışdım. Amma…
Sanki öz övladını ruhlandırırmış kimi ( sonralar yaxın qohumu Zəfər Əliyevdən öyrəndim ki, bu gözəl insanın övladı yox imiş) əlini çiynimə qoydu və ürək-dirək verdi: “Beş il kolxozda işləyəndən sonra ali təhsil almaq istəyi səni kənddən Bakıya gətiribsə, ilk dəfə iştirak etdiyin imtahanların hamısından qiymət ala bilmisənsə, bu, artıq istək yox, ali təhsil eşqidir. Mən inanıram ki, sən qəbul olunacaqsan və hansı fakültəni bitirsən də, yaxşı mütəxəssis olacaqsan”. Universitet müəlliminin bu sözlərini eşidən uşaqların hamısı çevrilib mənə baxırdılar. O anlarda elə bildim ki, həqiqətən, ali məktəbə qəbul olunmuşam. Sonra o, mənim hazırlaşmağıma ən yaxın doğma adam kimi xüsusi kömək edirdi.
Hazırlaşdıq və sonrakı il imtahanlar ərəfəsində eşitdim ki, Bakı Dövlət Universiteti partiya komitəsinin katibi, professor Aslan Aslanovu İncəsənət İnstitutuna rektor təyin ediblər. Söz yayıldı ki, İncəsənət İnstitundakı imtahanları BDU-nun müəllimləri qəbul edəcəklər. Həm də Mərkəzi Komitə əməkdaşlarının iştirakı ilə. Mən dərhal sənədlərimi həmin institutun mədəni-maarif fakültəsiunə verdim və Allaha yalvardım ki, qəbul imtahanına Kamil Əliyev də gəlsin. Gəlmədi. Dil-ədəbiyyat imtahanımızı BDU-nun professorları Pənah Xəlilov və Əkbər Ağayev qəbul etdilər. Orada qəbul imtahanı verdiyimiz isti yay günlərində institutun dəhlizlərində qara kostyumlu adamların görünməsi isə “Mərkəzi Komitə” söhbətinin şayiə olmadığının sübutu idi.
Aradan iki il keçəndən sonra Kamil müəllimi metronun “Bakı Soveti” stansiyasının qarşısında uzaqdan gördüm və əmimin, dayımın yanına gedirmiş kimi özümü sevincək ona çatdırdım: “Kamil müəllim, mən qəbul olunmuşam, ikinci kursdayam”. “Hansı fakültəyə?”- deyə soruşdu. Vəziyyəti danışdım. Sevindiyini xüsusi bir şəkildə ifadə etdi ki, BDU-ya qəbul oluna bilmədiyimə görə pərt olmayım: “Mən bilirdim ki, sən qəbul olunacaqsan. Amma elə oxu ki, istədiyin ali məktəbə qəbul olunmamağının peşmançılığını çəkməyəsən”.
… 1994-cü ilin payızı idi. Onda mən artıq üç ildən çox idi ki, dövlət radiosunda çalışırdım. Xəbər gəldi ki, Yardımlı rayonunda professor (o, 1991-ci ildən professor idi) Kamil Əliyevin əlli illiyi qeyd olunur və oraya dəvət olunan jurnalistlər arasında… mən də var idim. Sadəcə, Allah düzümü idi. Məni o siyahıya kim yazmışdısa, bilmədim. Getdik. Kamil müəllimi Yardımlıda – rayon icra hakimiyyətinin həyətində gördüm. Təbrik etdim: “Kamil müəllim, istədiyim ali məktəbə qəbul olunmasam da, sizin universitetin məzunları ilə birlikdə işləyirəm”. “Mən bilən, sənə bunu kimsə şox əvvəllər demişdi” – deyə gülümsündü.
Elə bu yerdə rəhmət oxumaq istədiyim digər iki nəfəri də xatırladım. Onların biri Yardımlı Rayon İcra Hakimiyyətinin 1994-cü ildəki başçısı Əli Quliyev idi. O, iki gün Bakıdan gələn qonaqların yanından ayrılmadı. Səhər yeməyində də, naharda da, şam yeməyində də Kamil müəllimin yanında oturdu. Həm rayon mərkəzində, həm də professorun doğulub böyüdüyü Perimbel kəndindəki tədbirlərdə Kamil müəllimin tərcümeyi-halını və yaradıcılığını heç bir qeydə-kağıza baxmadan elə danışdı, təqdim etdi ki, sanki özü haqqında danışırdı.
Rəhmətlə yad etmək istədiyim o biri ziyalımız isə universitetin professoru Firuz Sadıqzadə idi. Bu zəif bədənli, çəlimsiz insan Perimbel kəndindən Ərdəbilə– doğulub böyüdüyü şəhərə baxanda ipin üstünə sərilmiş cib dəsmalı kimə əsir, titrəyirdi. Firuz müəllim dağın zirvəsindən Ərdəbilə baxanda soruşdu ki, Kamil, buradan Ərdəbilə neçə kilometr olar? Cavab verdilər. “Kamil, sağ ol ki, məni bura gətirdin” – dedi və göz yaşlarını sildi. Sonra bu hal eynilə üç-dörd dəfə təkrar olundu.
Perimbeldən Yardımlıya qayıdanda isə Firuz müəllim Allaha yalvardı ki, kaş bu cavanlar Ərdəbili, Təbrizi, Urmiyanı görə bilsinlər!
Allah mənim üçün Firuz müəllimin Təbrizi, Ərdəbili, Urmiyanı görmək arzusunu da çin etdi.
Hər üçünə min dəfələrlə rəhmət oxumuşam. Yeri gəlmişkən, gələn ilin bu günlərində mənim ali məktəbdəki ilk müəllimim Kamil müəllimin 80 yaşı tamam olacaq. Sağlıq olsun, o vaxt daha yaxşı bir yazı hazırlayarıq. İnşallah!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist