Böyük şairimiz Məmməd Araz AYB-də anıldı

by Samir Asadli

Unudulmaz Xalq şairimiz Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan  Yazıçılar Birliyində (AYB) tədbir keçirilib. Tədbirdə Məmməd Araz poeziyasının ənginliklərinə baş vurulub və şairin böyük bədii-fəlsəfi təfəkkürə əsaslanan əsərlərinin ədəbiyyatımıza verdiyi töhfələrdən söhbət açılıb. 

AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid böyük şairin vəfatından 19 il ötməsinə baxmayaraq, onun yaradıcılığına olan xalq məhəbbətinin heç vaxt azalmadığını qeyd edib, şairin mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadığını diqqətə çatdırıb.

Əməkdar artist Ağalar Bayram şairin bir-birindən bənzərsiz şeirlərini səsləndirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək bildirib ki,  “Natəvan” klubu son vaxtlar belə qələbəlik yaşamamışdı. Bu, Məmməd Araz poeziyasına, şəxsiyyətinə olan sonsuz sevgi ilə bağlıdır.

Şairin təbiət vurğunu, gözəllik aşiqi olduğunu qeyd edən AYB sədri deyib ki, bu keyfiyyət şairin yaradıcılığına hopmuşdu. Eyni zamanda, Azərbaycan dilinin bütün incəliklərini onun poeziyasında görmək mümkündür.

Onun sözlərinə görə, bu gün də Məmməd Arazın ocağı ədəbiyyat ocağı kimi gurlayır və onun yolunu əzizləri, doğmaları İradə Tuncay və Aqil Abbas uğurla davam etdirirlər.

Tədbirdə çıxış edən digər natiqlər Məmməd Arazın Azərbaycan poeziyasına bəxş etdiyi bənzərsiz poeziya nümunələrindən söhbət açıblar. Bildirilib ki, Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Vurğulanıb ki, Xalq şairi Məmməd Araz təkrarsız şeirləri, bənzərsiz poeziya nümunələri ilə ədəbiyyatımızda hər zaman yaşayacaq.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK