“Nitq mədəniyyəti ümumi mədəniyyətin, milli xarakterin mühüm bir hissəsidir. Danışıq düzgün, səlis, aydın, ifadəli, təsir gücünə malik olmalıdır. Kim necə istəyir, elə də danışır. Küçədə eşitdiyi rus kəlimələrini, ingilislərdən gəlmə sözləri istifadə edir. O yabancı sözlər dili korladığı kimi, onu danışan insan haqqında da qeyri-ciddi təsəvvür yaranır. Çirkli paltarla küçəyə çıxmaq nə qədər ayıbdırsa, çirkli dillə danışmaq da o qədər ayıbdır”.
Bakupost.az xəbər verir ki, bu fikirləri VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı ana dilimizin yad sözlərlə çirkləndirilməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, ana dilimizi zədələyən əsas amil xarici dillərdən alınan kəlmələrdir:
“Bakıya yeni gəldiyim vaxtlarda məni çox narahat edən bir şey var idi. Hər yerdə – avtobusda, küçədə, mağazalarda rusca danışıq daha gur səslənir, azərbaycanlıların çoxu aşağı səslə, qorxa-qorxa danışırdı. Bu təkcə qorxu deyildi, inkişaf səviyyəsini göstərən məsələ idi. İndi də aktyorların belə dillərində qüsur tapmaq mümkündür. Televiziya aparıcılarının dili isə bərbaddır. Mükəmməl nitq mədəniyyəti dərsi keçməyən, nitqimizə mükəmməl yiyələnməyən adamaların aktyor, yaxud aparıcı olaraq televiziyaya çıxması düzgün deyil. Qədim Yunanıstanda xüsusi nitq məktəbləri var idi. Uşaqlara öyrədirdilər. Natiqlər ölkə boyu gəzib müxtəlif ideologiya, zəruri informasiyaları çatdırırdılar. Bizdə bu cür natiqlər var? Televiziyada 2-3 saat oturub hər hansı bir məsələni səlis bir dillə anlada bilən mütəxəssislərimiz mövcuddur?”.
Millət vəkili bir sıra məmurların da dilimizin qayda-qanunlarına əməl etmədiyini vurğulayıb:
“Hər hansı bir məmur camaatın qabağına çıxıb sıxıntı duymadan, qarışıq, eybəcər bir dildə danışır. Kim haqq verir ki, millətin dilinə bu cür hörmətsizlik edəsən? Səni dinləyən insanlar dilində doğru danışmayanda sənə necə hörət edə bilərlər?”
S.Rüstəmxanlının fikrincə, nitq mədəniyyətinin təhsil ocaqlarında tədris edilməsi olduqca vacibdir:
“Orta məktəblərdən başlayaraq nitq mədəniyyəti öyrədilməlidir. Amma getdikcə ana dili dərslərinin sayı azaldılır. Yeni sistem də qarışıq qurulub. Bunlarla uşağın başında heç nə qalmaz. Birini vərəqləyib gördüm ki, bu yaşda insanlar belə baş çıxara bilməz. 5 cavab qoyur, 5-nin də doğru cəhətləri var. Uşaq bunu necə seçməlidir? Ədəbiyyat dərsliklərində də əvvəl Elçin Əfəndiyevi, sonra İlyas Əfəndiyevi təqdim edirlər. Bəzi müəlliflər xronologiyanı da bilmir”.
S.Rüstəmxanlı sonda nitq mədəniyyətinin dövlət səviyyəsində önəmindən də danışıb:
“Nitq mədəniyyəti bir dövlət başçısı üçün çox mühümdür. Nitq ölkənin gücüdür. İllərdir Ərdoğanın nitqinə heyranlıqla qulaq asıram. Dünyəvi mətnlərlə dini mətnləri uyğunlaşdıra bilir. Bizim Prezidentimiz də həm Azərbaycan dili, həm rus dili, həm də ingilis dilində səlis, mükəmməl danışır. Hələ də bütün dünya Paşinyanla İlham Əliyevin nitqini müqayisə edir”.
Daha ətraflı aşağıdakı videoda: