Amma butalı xalçalarımızı xarici bazarlarda erməni işbazları satırlar
…Qonşumuz İsagilin evində taxtın üstünə atılmış nimdaş xalçanı kəndimizə gələn erməni alıcılardan birinin gözü yaman tutmuşdu. O, bəzi yerləri sökülmüş, rəngi solmuş və elə də böyük olmayan xalçanı təzə, müxtəlif ölçülü fabrik istehsalı olan xalçalarla dəyişməyi təklif edirdi. Rədd cavabı alsa da, əl çəkmir, daha şirnikləndirici təkliflər verirdi. Sonda tərəflər nimdaş xalçanı 2 İran xalçası ilə dəyişməyə razılaşdılar.
Əslində, bu, maddi dəyəri olan Qazax xalçaçılıq məktəbinə aid Borçalı xalçası – tariximizin, mədəniyyətimizin bir parçası idi, nənələrmiş toxumuşdular. Aydındır ki, alıcı onu divardan asmaq üçün almırdı, baha qiymətə sataraq dəfələrlə çox gəlir götürəcəyinə əmin idi.
Bu hadisə ötən əsrin 70-ci illərində Arıxlı kəndində baş vermişdi. Orada ən çox farmaş (məfrəş), xurcun, heybə, yəhərüstü, həsir, palaz, kilim toxuyardılar. Bu ən çox kənd sakinlərinin yaylaq köçü ilə bağlı idi. Bizim evdə də fərməş vardı. Dağa köç vaxtı Nigar nənəm ona yorğan-döşək yığardı. Rəngi solmuş kilimi, palazı, parlaq rəngli iki gözdən ibarət olan xurcunu indi də xatırlayıram. Kilim və palaz, adətən, dəyə qurulduqdan sonra taxtın üstünə sərilərdi. Kənddə də bunlar eyni məqsədə xidmət edirdi.
Qonşumuz Çayçı Qulunun evində hana qurulub xalça toxunmasını görmüşdüm. Gülxanım arvad öz qızları üçün cehizlik xalçalar toxuyardı. Ona qadınlar yaxından köməklik göstərirdilər. Hürü nənəmin də yaxşı xalça toxumağı vardı. Onun dədə yurdu Kosalarda həmişə peşəkar xalçaçılar olub. Bu gün nənələrimizin uzun illər göz nuru ilə toxuduqları xalçalardan çox az sayda qalıb. Çünki ötən əsrin 90-cı illərində maddi sərvətlərimizin ucuz qiymətə alınaraq xarici bazarlara çıxarılması intensivləşmişdi.
Beləliklə, Azərbaycan, o cümlədən Qazax–Borçalı xalçaları uzun illər xarici bazarlara daşındı. Yaxşı nəyimiz vardısa, ermənilər ucuz alıb baha, həm də öz adlarından satdılar. Talançıların arasında bizim özümüzünkülər də vardı və onlar üçün maddi maraqlar milli-mənəvi dəyərlərdən irəli idi. Gec ayıldıq… Xalçalarımızın bir hissəsi xarici bazarlarda erməni işbazlarına milyonlar qazandırdı.
“Vikipediya”da erməni xalça tarixinin “qədim kökləri” olduğu göstərilib. Burada erməni xalçalarının füsunkar ornament və ilmələrindən danışılır. Şəkillərdə isə Qarabağ, Qazax–Borçalı, Naxçıvan, hətta Təbriz xalçaları erməni sənət nümunələri kimi göstərilir. Bu cür təxribatlara dünyanın müxtəlif özəl muzeylərində də rast gəlinir.
Tez-tez xarici səfərdə olan həmkəndlim Eldar İdrisov deyir:
– Varşavada xalça muzeyinə getmişdim. Erməni əsilli isveçrəlinin (onun həyat yoldaşı polyak olub) kolleksiyası əsasında yaradılmış muzeydə Azərbaycana məxsus xalçalar da vardı. Forma zənginliyinə, rənglərin əlvanlığına (al-qırmızı, palıdı, qızılı, sarı, çəhrayı rənglər) və yüksək fantaziyalarına görə fərqlənən Qarabağ xalçaları erməni malları kimi təqdim olunurdu. Muzey əməkdaşına Qullabı ilmə üsulu ilə toxunan iriölçülü həndəsi göllər, nəbati naxışlarla zəngin olan bu xalçaların Azərbaycanın Qarabağ xalçaçılıq məktəbinə aid olduğunu bildirəndə sözlərimi təəccüblə qarşıladı. Bildirdim ki, ermənilərin xalçaçılıq sənəti olmayıb. Onların əsas hissəsi Qarabağa, Borçalıya XIX əsrdə köçüb.
İlk dövrdə ermənilər azərbaycanlılara xalça üçün sifarişlər veriblər. Bəzən isə xalçada erməni hərflərinin, xaçların toxunmasını xahiş ediblər. Tədricən onlar azərbaycanlılardan xalça toxumağı da öyrəniblər. Bu gün erməni qadınlarının toxuduğu xalçalardakı ilmələr türk ilmələridir. Yaşları da o qədər çox deyil. Muzeydə Qazax–Borçalı, Bakı xalçaları da vardı. Qarabağ xalçalarına nisbətən ilmələri daha sıx vurulmuş Bakı xalçalarında dəvə, buta, dördbucaqlı göllər üstünlük təşkil edirdi. Qeyd etdim ki, buta Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biridir. Butanın ermənilərə heç bir aidiyyəti yoxdur.
Borçalı xalçasını görən kimi isə ürəyim şiddətlə döyünməyə başladı. Fikirləşdim ki, erməni malı kimi təqdim olunan bu xalça, bəlkə, elə bizim Arıxlıda toxunub, hansı yollasa xarici bazara çıxarılıb və bu gün özəl muzeydə nümayiş olunur. özü də oğurluğu man bilməyən millətin, adı ilə. Mənim üçün çox ağır idi.
Eldar İdrisov daha sonra bildirdi ki, xalçalarla bağlı kataloqlarda kolleksiya sahiblərinin əksəriyyəti ermənilərdir. “Onlar dünyanın müxtəlif ölkələrinə səpələniblər və kolleksiyalarında, əsasən, Azərbaycan xalçaları toplanıb. Çox vaxt da bu xalçaları utanıb çəkinmədən erməni xalçaları kimi sərgiləyirlər. Dəfələrlə bunun şahidi olmuşuq. Belə neqativ halların qarşısı vaxtında alınmalıdır”.
Bəli, vaxtında alınmalıdır. Çünki mədəniyyətimizin bir parçasıdır. Bu gün Borçalı xalçalarına xarici bazarlarda böyük maraq var; məsələn, 2011-ci il martın 22-də almaniyalı kolleksiyaçı tərəfindən “Nagel” hərracına çıxarılan 1.63×2.18 ölçülü “Qaraçöp” xalçası (XIX əsr) 56 min 650 ABŞ dollarına satılıb. Müxtəlif illərdə daha baha satılan xalçalarımız da olub. Beləcə, maddi-mədəniyyət irsimiz talan olunub.
P.ƏFƏNDİ
XQ