El sənətləri
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə ölkəmizdə görülən işlər bəhrəsini verir. İllərdir ki, Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin müəssisələri fəaliyyət göstərir. 2018-ci ilin oktyabrında isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran filialının açılışında iştirak ediblər. O vaxtdan “Lənkəran” imzalı “xalça-məktublar” dünyanı dolaşmağa başlayıb.
Artıq burada toxunan xalçalar Amerika və İsveçrəyə, digər ölkələrə ixrac olunur, keyfiyyətinə və yaraşığına görə sifarışçilər tərəfindən sevilir. Filial fəaliyyət göstərdiyi gündən xalçaçılar burada 1044 xalça toxuyublar. Onlara dünya bazarında böyük maraq və tələbat var.
“Azərxalça” ASC-nin Lənkəran filialına Nargilə Qənbərova rəhbərlik edir. Prezidentin qarşısında çıxışı zamanı Nargilə xanım deyib ki, burada 116 toxucu işləyir, 15 şagirdimiz var. “Demək olar ki, nəqliyyata qədər bütün şəraitlə təmin olunmuşuq. Belə bir gözəl müəssisə xalçaçı xanımların ixtiyarına verilib. Buna görə çox sağ olun. Mən “Azərxalça”nın işçisi olaraq 40 ilə yaxındır ki, bu sənətdə çalışıram. Amma biz heç vaxt bu cür şərait, belə gözəl bina görməmişdik. Bizim xəyallarımızı gerçəkləşdirdiniz, ağlımıza gəlməyəni bizim üçün həyata keçirdiniz. Çox sağ olun”.
Bizimlə söhbətində isə Nargilə xanım bildirdi ki, filialın xalçaları həmişə yaxşı satılıb.
– Son vaxtlar dünya bazarında modern üslubda zərif ipək xalçalara üstünlük verirlər. Biz də bunu nəzərə alıb, 6 aydır ki, ipək xalçalar toxuyuruq. Yüksək keyfiyyətli xalçalar üçün xammal xarici bazarlardan gətirilir. Məhsulun çeşnilərinə gəldikdə isə filialda peşəkar, təcrübəli, öz işini kamil bilən toxucular çalışır. Onların toxuduğu müxtəlif çeşidlərdə xalçalar alıcı zövqlərinə uyğun gəlir, xarici bazarın tələbatına cavab verir. Onu da deyim ki, peşəkarlıq, keyfiyyət həm də toxunan xalçaların ilmə sayına görə müəyyən edilir. Əgər əvvəllər toxucularımız əməkhaqqını 1 kvadratmetrə görə alırdılarsa, indi bu, ilməyə görə hesablanır. Xalçaçı var ki, gündə 10 min ilmə toxuyur.
Söhbətimizə toxucu Sevinc Fərziyeva da qoşulur: – Xalçaçılıq çox incə sənətdir. Məhz buna görə də qadınlar bu işi daha gözəl görürlər. Sənətə gələn gərək Azərbaycanın mədəniyyətini də bilsin. Hazırda ipək sapdan xalça toxuyuruq. Adama maraqlı gəlir. Qaldı ki, çox vaxt və diqqət tələb edir. Ölçüsü bir kvadratmetr olan ipək xalça 2 nəfər tərəfindən 3 aya toxunur.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü