Cəsur Azərbaycan qadınının ən gözəl nümunəsi şəhid Arəstə Baxışova

by Samir Asadli

Tariximiz təkcə igid oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Bu dəfə şücaəti ilə adını qəlbimizdə əbədiyaşar edən xanımlarımızdan biri, Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə xanım Baxışovanın ailəsini ziyarət edib, onun əziz xatirəsini birlikdə yad etdik.

Şəhid Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışova orta təhsilini 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə, ali təhsilini isə 2004–2008-ci illərdə  Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” ixtisası üzrə alıb. Özündən sonra Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.

Şəhid Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və
Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.

Şəhidin anası Baxışova Məktubə xanım deyir ki, ailədə qızı Arəstə ilə birgə 3 övladları var, iki oğlan, bir qız:

“Həyat yoldaşım baş leytenant Kərim Baxışov 1958-ci ildə Köhnə Xaçmaz kəndində anadan olub. Ukraynada təhsil alıb. 1986-ci ildə Çernobıl faciəsində xəsarət alıb və aldığı xəsarətdən 1993-cü ilin aprelin 7-də dünyasını dəyib. Ukraynada Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olarkən vəfat edib.  Böyük oğlum Vüqar və qardaşı Tural da hazırda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində işləyirlər.

Arəstənin iki övladı var. Böyük övladı Məmmədli Mərdan Ziya oğlu Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı Oksford özəl məktəbində 8-ci sinifdə oxuyur. Ən böyük arzusu hüquqşünas olmaqdır. Humanitar fənləri çox gözəl bilir. Dərslərindəki uğurlarına görə Tarix, Riyaziyyat və Azərbaycan dili fənlərindən sertifikatları var. Kiçik övladı Məmmədli Zəhra Ziya qızı da Bakıda doğulub”.

Şəhidimizin oğlu Mərdan deyir ki, hüquqşünas olmaqda əsas məqsədi, insanların haqlarını qorumaqdır: “Ən böyük arzum məhkəmə sədri olmaqdır. Anam  bizi ticarət mərkəzinə aparmışdı, bizimlə şərt kəsmişdi ki, bizim bütün qiymətlərimiz yaxşı olsa, hər ay gətirəcək. Adi 3 alsam bel,  anama deməyə çəkinərdim, çox ciddi idi. Başqa yolum yox idi, ancaq oxumaq, oxumaq. Müharibə vaxtı anamla danışanda mənə tapşırdı ki, nənənə, bacına yaxşı bax, dərslərinizi də yaxşı oxuyun…

Bir ilə yaxındır Taekvando ilə məşğul oluram. Ən sevdiyim idman növüdür.
Mən də hərbiyə gedib, şəhidlərimizin, anamın qisasını alacağam. Mən anamın qanın yerdə qoymaram!”

Şəhidimizin kiçik övladı Zəhra deyir ki, o anasına çox bağlı idi və anasından sonra çox stress keçirib: “Döyüş başlamazdan 15 gün əvvəl anamın yanında qaldım. Döyüş başlamamışdan qabaq anam mənə sırğa aldı. Anamın arzusu idi uşaqları İngiltərədə Oksford da təhsil alsınlar. Həyat elə gətirdi ki, anam şəhid olandan sonra orada oxuyuruq. Çalışırıq ki, anamızın adını doğruldaq. İstəyirəm ki, gələcəkdə diplomatiya üzrə oxuyumş. Bunun üçün fransız, ingilis, həm də alman dillərini öyrənirəm. Mən Azərbaycanın Sara xatunu, diplomat qadını olacağam. Taekvandoda Bakı şəhəri üzrə gümüş medalım da var”.

Şəhidin anası Baxışıova Məktubə Cəbrayıl qızı yekun olaraq deyir ki,Allah şəhidlərmizə rəhmət eləsin:

“Qazilərimizə də cansağlığı versin! Həqiqətən general-mayor Polad Həşimovun şəhid olmasından sonra ordumuz bir dəmir yumruq kimi Cənab İlham Əliyevin ətrafında birləşdi. Prezidentimizin müdrik siyasəti nəticəsində 30 illik işğala son qoyuldu. Bu gün alnımız açıqdır. Biz qalib generallarımız, balarımız, zabitlərimiz, əsgərlərimiz canı,qanı bahasına buna nail oldu. Qələbəmiz daimi olsun, üçəngli bayrağımız daha ucalarda dalğalansın! Ulu öndərin qoyduğu yolun davamçısı Prezident İlham Əliyevi Allah qorusun. Mehriban xanımın qayğısını da hər zaman hiss edirik. Bu cür rəhbərliyi olan dövlət heç zaman sarsılmaz. Var olsun müstəqil Azərbaycan!”
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Arəstə Baxışova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.  Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra İngiltərəli tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilən “Florens Naytingeyl medalı” ilə təltif edilib.

Ruhun şad olsun cəsurluğu ilə Azərbaycan qadınının ən gözəl nümunəsi, qəhrəman Arəstə xanım Baxışova!

Aydın Tağıyev

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK