Prezident sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Birinci Qarabağ müharibəsinin cəsur döyüşçüsü – Xocalı girovlarını xilas etmək üçün təslim olan zaman Vətən bayrağını köksünə sıxmış Natiq Qasımovun hünəri dillərdə dastan olmaqdadır. Onun haqqında poetik duyğularını qələmə alan şair Ayaz Arabaçı yazır: “Nəfəsimi dərə-dərə bu əfsanəvi qəhrəman haqqında bir poema yazmağa başladım. Bir az xəyallarıma güvəndim, bir az tarixin solğun vərəqlərinə göz gəzdirdim, bir az da səngərlərin soyuğunu canıma çəkdim. O acı illərdə bizə cəsarət şirinliyi daddıran oğula “Ruhun şad olsun!” – dedim”.
Milli Qəhrəman Natiq Qasımova həsr olunan həmin poemadan bir parçanı “XQ”-nin oxucularına təqdim edirik:
…Vətənin yaraları ürəyində qövr edən,
Yernən əlləşən igid, göynən əlləşən igid.
Damarında qeyrəti qan yerinə dövr edən,
İyirmi bir yaşında əfsanələşən igid.
Döyüşdün yorulmadan hey gündüz də, gecə də,
Ləyaqətlə bitirdin həm də son vuruşunu.
Bütün dünya mat idi, itirmədin necə də,
Düşmənin ortasında öz məğrur duruşunu.
Titrəmədi tətikdə bircə gün də barmağın,
Dönmədin öz yolundan bu çovğunla, bu qarla.
Yeriyirdin inamla başın üstə bayrağın,
Babəki xatırladan əzəmətlə, vüqarla.
Qəzəbin örtük idi çəkdiyin ağrılara,
İyirmi bir yaşından dillərdə dastan igid..
Sən öz haqq savaşınla göstərdin yağılara,
Göstərdin necə olur, şir igid, aslan igid.
Güllələr ac quş kimi qapırdı hər bir “dən”i,
Qanına bələyirdi yolları-cığırları.
Kilsədə bir batalyon əsgər zənn edib səni,
Qorxuya düşmüşdülər erməni dılğırları…
Beş gün gecəbəgündüz susmayıb avtomatın,
Bilirik danışmısan düşmənlərlə nə tonla.
Bilmirik harda bitdi, necə bitdi həyatın,
Öyündük o mübarək qəhrəmanlıq fotonla…
Ayaz ARABAÇI