Sərlövhəyə baxıb, Dostoyevskinin romanından bəhs edəcəyimizi düşünməyin. Soyadı dilimizə “ləyaqət” kimi tərcümə olunan “dostoinstvo” sözündən yaranmış rus yazıçısından deyil, həmin keyfiyyətdən tamamilə xali olan sovet-rus ordusunun 34 il əvvəl Bakıda törətdiyi qanlı cinayətlərdən söz açırıq. Daha doğrusu, qanlı cinayəti törədib cəzasız qalacağına ümid edən imperiya qullarının öz zənnində yanılmasından.
Müstəqillik istəyən, erməni faşizminin yenidən əl-qol açmasından qəzəblənən Azərbaycanda “Qanlı yanvar” qırğınını törədərək azadlıq mücahidlərinin inadını qırmaqda qərarlı olan, bununla da bünövrəsi laxlamış sovet imperiyasından qopmağa çalışan digər respublikalara göz ağardan Qorbaçov hakimiyyəti hər vəchlə tarixi cinayətini ört-basdır etməyə çalışsa da, alınmadı. Sadalayacağımız amillərin sayəsində dünya qaniçən sovet ordusunun misilsiz cinayətindən elə həmin gün xəbər tutdu.
Bakıdan ilk harayı Xəzərin sularından hadisələrə şahidlik etmiş dənizçilərimiz qaldırdılar. “Xəzər Dəniz Neft donanması”nın 100-ə yaxın gəmisi yanvarın 20-də, günün 2-ci yarısı Bakı buxtasından aramsız SOS həyəcan siqnalları verdi. Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər.
Azərbaycan televiziyasının enerji bloku bir gün öncə partladıldığına görə, Bakı studiyasının işi dayanmışdı. Amma Şuşa televiziyası bəd xəbəri bütün dünyaya car çəkə bildi. Lənkəran radio qovşağı da hadisələr zamanı susmadı. Faciəli anlarda “Azadlıq” radiostansiyasından Mirzə Xəzərin səsi də Qorbaçovun informasiya blokadasını dağıtdı. Yazıçı Yusif Səməd-oğlu telefon bağlantısı ilə ona müsahibə verərək dedi ki, saat yarımdır qırğın başlanıb. Xalq şairi Bəxtiyar Vahabzadə isə həmin radiostansiyada SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatlarının bəyanatını səsləndirdi ki, dünyaya yayılsın.
Yanvarın 20-də AzTV-nin studiyası işləməsə də, baş rejissoru Vasif Babayevin rəhbərliyi ilə operatorlar Ələkbər Muradov, Seyidağa Mövsümov, Rəsul Babayev, İzzət Əzizov, Fikrət Qafarov, Adil Bunyadov və Zahid Bağırov Bakı küçələrində, xəstəxanalarda, morqlarda faciənin görüntülərini lentə aldılar. Onların çəkdiyi kadrlar bu gün də bütün dünya ekranlarında göstərilir.
Bir gün sonra xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycanın Mos-kvadakı Daimi nümayəndəliyinə gələrək bu vəhşiliyi qətiyyətlə pisləməsi, onun törədilməsi səbəblərini açıqlayaraq, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etməsi xüsusilə böyük cəsarət nümunəsi idi. Həmin bəyanat, heç şübhəsiz, informasiya qıtlığının aradan qaldırılması baxımından böyük bir jurnalistlər ordusunun görə biləcəyi işdən qat-qat artıq təsirli olmuşdu.
Ünlü fotojurnalistlər – Parisdən Bakıya gəlmiş Reza Deqati, Rasim Sadıqov, Mirnaib Həsənoğlu, Hüseyn Hüseynzadə, Fərid Əşrəfoğlu öz maşınlarının içindən, insan kütləsinin arasından, bir sözlə, mümkün olan hər yerdən həmin anları əbədiləşdirə bildilər.
Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdə ikən mərhum həmkarımız Məzahir Süleymanzadənin baş redaktoru olduğu “Səhər” qəzeti 2 milyon tirajla nəşr olundu və bütün ölkəyə yayıldı, müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərildi. Qəzetin növbəti nömrəsində isə Səhiyyə nazirliyinə istinadla 20 Yanvar şəhidlərinin siyahısı ilk dəfə dərc edildi. Kinostudiyanın fədakar operatorları Nizami Abbas, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev, Zaur Məhərrəmov və Nizami Abbas həmin gecə həyatlarını təhlükəyə ataraq, qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürüb, gizli çəkilişlər edərək, Ramiz Fətəliyevin rəhbərliyi ilə qısa müddətdə sənədli filmlər hazırlayıblar.
Yeri gəlmişkən, fədakar həmkarlarımızın hünəri dünya mətbuatının hadisələri dərhal yaymasına vəsilə olub. Türkiyənin “Cümhuriyyət” qəzeti həmin materialları əsas gətirərək yazırdı ki, 7 milyonluq (o zaman sayımız bu qədər idi) Azərbaycan xalqı sonadək mübarizə aparacaq. Britaniyanın nüfuzlu “The Guardian” qəzeti xəbərləri “Bakı küçələri uğrunda savaş”, “Bakını itaətsizlik ruhu bürüyüb” başlıqları ilə dərc edib. Birləşmiş Krallığın “The Times” qəzetində “Gözü yaşlı Bakı izdihamı Sovet qoşunlarına qarşı müqavimət göstərir” başlıqlı yazı dərc edib. “The Independent”dəki yazı isə “Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşırlar” adlanırdı.
Bəli, qanlı şənbə günü şəhidliyi gözə alaraq, qorxmadan haqq mücadiləsinə qatılan dənizçilərimiz, şair və yazıçılarımız, jurnalistlərimiz, kino və teleoperatorlarımız həm informasiya blokadasını yarıblar, həm də tarixin salnaməsini yaradıblar.
Cinayəti törədənlərin isə cəzası o oldu ki, sovet ordusuna inam çat verdi, sarsıldı, imperiyanın çöküşü sürətləndi, Azərbaycan müstəqilliyinə qovuşdu.
Həmin günlər Vətən naminə fədakarlıq göstərənlərin hamısına minnətdarlıq duyğuları ilə:
Əli NƏCƏFXANLI