Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, parlamentin ən gənc üzvü, görkəmli ziyalı, maarifçi demokrat Şəfi bəy Rüstəmbəylinin anım günüdür.
Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub.
O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir.
1911-ci ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılır.
1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultaıynda Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdu.
Həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı.
Həmin dövrdə Şəfi bəy Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmışdı.
Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetinin (rus dilində) redaktoru olur.
“Azərbaycan”ın redaktoru olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir.
Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinin deputatı seçilir. Şəfi bəy “Azərbaycan” qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi.
O, hələ Azərbaycan Parlamentinin deputatı və “Azərbaycan” qəzetinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur.
Aprel işğalı zamanı parlamentdə qızğın mübahisələr gedən zaman Şəfi bəy Rüstəmbəyli Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə qətiyyətlə mübarizə aparmağın tərəfdarı olur.
Lakin Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edilir.
Parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı”.
1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur.
Tiflisdə onun rəhbərliyi altında “Azərbaycanı xilasetmə komitəsi” yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir.
O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir. 1960-cı ildə İstanbulda dünyasını dəyişən Şəfi bəy Rüstəmbəyli Feriköy məzarlığında dəfn edilib.