Asif Rüstəmli – 70
Asif Rüstəmlinin ədəbi, elmi və publisistik yaradıclığının başlıca mərhələləri Azərbaycanın milli-ictimai və humanitar fikir tarixinin öyrənilməsinə, təhlilinə və təbliğinə həsr olunub.
Professor Asif Rüstəmlinin obyektiv araşdırmaları və axtarışları nəticəsində mədəniyyət tariximizin zirvələrindən olan Cəfər Cabbarlıya yalnız elmi-mədəni yox, həm də milli münasibətimiz tamamilə dəyişib: C.Cabbarlı gözlərimiz önündə sovet sənətkarından cümhuriyyət tərənnümçüsünə çevrilib. “Sevil”i, “Yaşar”ı, “Almaz”ı, “Dönüş”ü, “Firuzə”ni yazan, Azərbaycan ədəbiyyatında sosialist realizmi metodunun banisi kimi şöhrətlənmiş yazıçı cümhuriyyət dövrü söz sənətimizin ən sədaqətli salnaməçisi statutusunu qazanıb. Bu sanballı faktın özü görkəmli ədəbiyyatşünasın Cabbarlışünaslığa gətirdiyi yenilikləri, onların təkcə elmi-ədəbi əhəmiyyətini deyil, həm də milli dəyərini vurğulamaqdadır.
İstedadlı cabbarlışünasın elmimizə verdiyi möhtəşəm töhfələri onun həmkarı, ədəbiyyatşünas alim, professor Vilayət Quliyev layiqincə dəyərləndirib: “Azərbaycanda istiqlalçılıq ideyalarına və milli mücadilə tarixinə maraq Asifi, təbii olaraq, bu mübarizənin ən atəşin tərənnümçülərindən birinin – böyük yazıçı, dramaturq Cəfər Cabbarlının mühiti, həyatı, şəxsiyyəti və yaradıcılığı ilə daha yaxından məşğul olmağa vadar etmişdi. Onun araşdırmalarına qədər Azərbaycan ədəbiyyatı tarixinə daha çox sovet ideologiyasının təqdim etdiyi rəsmi Cabbarlı məlum idi. Əlbəttə, həmin Cabbarlı da istedadının möhtəşəmliyi, yaradıcı fantaziyasının gücü, xalqına və Vətəninə məhəbbətinin hüdudsuzluğu ilə diqqəti çəkirdi. Lakin sovet ədəbiyyatşünaslığının təfsirində və təlqinində böyük sənətkar onu bizə daha da yaxınlaşdıran, doğmalaşdıran əsas özəlliyindən – sağlam milliyyətçilik və türkçülük, Cümhuriyyət heyranlığından tamamilə arıdılaraq təqdim edilmişdi. Bu mühüm xüsusiyyətlərin Cabbarlı şəxsiyyətinə və yaradıcılığına Asif Rüstəmlinin tədqiqatları nəticəsində yenidən qaytarıldığını desəm, yəqin ki, böyük mübaliğəyə yol vermiş olmaram”.
Cümhuriyyətşünas və cabbarlışünas tədqiqatçı doğru olaraq vurğulayır ki, C.Cabbarlının türkçülük və milliyətçilik ruhunda yazılmış “Türk sağ ikən…” və “Yaşasın Azərbaycan” şərqiləri milli himn yaradıcılığı istiqamətində mühüm tarixi əhəmiyyətə malik təşəbbüs olub. Alim bu mülahizələri irəli sürərkən böyük sənətkarın yaxın dostu və məsləkdaşı Mirzəbala Məmmədzadənin fikirlərinə əsaslanır. “Məhəmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı: qovuşan və ayrılan yollar” məqaləsinin girişində vurğulayır ki, XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbi-ictimai mühitinin iki görkəmli nümayəndəsi – M.Ə.Rəsulzadə və C.Cabbarlının imperiyaya qarşı mübarizə illərində, Cümhuriyyət dövründə bir-biri ilə yaxın münasibətlərinin, yaradıcılıq əlaqələrinin araşdırılması ədəbiyyat tariximizin açılmamış səhifələrindəndir və şübhəsiz ki, çağdaş oxucu auditoriyası üçün bu mövzu geniş və müstəsna əhəmiyyət kəsb edir”.
A.Rüstəmli böyük sənətkarın yaradıcılığının tematikasını və simvolikasını uğurla açan yanaşma və təhlillərə yer verməklə C.Cabbarlı sənətinin orijinal estetik keyfiyyətini və təkrarsız xüsusiyyətini nəzərə çarpdırmağa nail olmuşdur. Onun “Cəfər Cabbarlı Cümhuriyyət dönəmində” və “Cəfər Cabbarlı repressiyalar məngəsində” tədqiqatları yeni fakt və sənədlərlə zənginliyi nöqteyi-nəzərindən ciddi maraq doğurur. Alimin C.Cabbarlı haqqındakı tədqiqatları təkcə yeni fakt və sənədlərlə zənginliyinə görə diqqəti çəkmir. Böyük sənətkarın bir sıra əsərlərinin yeni yozumu və oxunuşu da elmi cəhətdən çox qiymətlidir. Məsələn, “Qarabağ “1905-ci ildə”: tarixi gerçəklik və bədii həqiqət” məqaləsində biz məşhur pyesin yeni təhlili ilə üz-üzə gəlirik. Müəllifin söylədiyi kimi, C.Cabbarlı mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş, Qarabağa – Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını və zərərdidələrini dinləmişdi. 1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda törətdikləri ağlasığmaz vəhşiliklərin, soyqırımının canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə “1905-ci ildə” tarixi dramında əks etdirmişdir. Tədqiqatda çox doğru olaraq, C.Cabbarlının 30-cu illərin siyasi ab-havasını çox gözəl görən və duyan bir sənətkar kimi 25 il əvvələ – 1905-ci ilə qayıdaraq erməni-müsəlman qırğınını mövzu seçməsi müəllifin böyük cəsarəti kim dəyərləndirilir.
Müstəqillik dövrü ədəbiyyatşünaslığının nailiyyətlərinə nəzər salarkən, iki fundamental tədqiqatın xüsusi ilə diqqəti cəlb etdiyini görürük: akademik İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” və Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı və mühiti” monoqrafiyaları ədəbiyyatşünaslığımızda elmi-nəzəri və metodoloji baxımından ciddi yeniliklərdir. XX yüzil ədəbiyyatımızın iki böyük nümayəndəsi haqqında yazılmış bu əsərlər, eyni zamanda, xalq şairimiz Səməd Vurğunun bu korifey sənətkarlar haqqındakı mühüm mülahizələrini bir daha təsdiq edir. Başqa sözlə, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlını XX əsr mədəniyyətimizin iki əvəzsiz və nəhəng nümayəndəsi kimi qiymətləndirən Səməd Vurğunun dəyərləndirməsini ədəbiyyatşünaslıq elmi parlaq surətdə isbat etmişdir.
Qeyd edək ki, indiyə qədər görkəmli ədəbiyyatşünas alimin 10-dan çox fundamental elmi-tədqiqat əsəri və monoqrafiyası, yüzlərlə ədəbi-nəzəri və publisist məqaləsi işıq üzü görüb. Müstəqillik illərində “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı: həyatı və mühiti”, “Cefer Cabbarlı: hayatı, sanatı ve mücadilesi” (Türkiyə), “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi”, “Müdriklik mücəssəməsi”, “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” və başqa əsərləri çap edilmişdir. 2009-cu ildə nəşr olunmuş “Cəfər Cabbarlı: həyatı və mühiti” monumental monoqrafiyası təkcə Asif Rüstəmli yaradıclığında deyil, ümumən, müstəqillik dövrü ədəbiyyatşünaslığımızda mühüm uğur və yaddaqalan haidsə kimi dəyərləndirilir.
Alimin əsərlərində əksini tapan ictimai-siyasi-ədəbi Azərbaycan Asif Rüstəmlinin araşdırıb kəşf etdiyi, on illərlə yaratdığı və bizə göstərdiyi XX yüzilin Azərbaycanıdır. Zəhmətkeş və vətənpərvər alimin gərgin axtarışlar nəticəsində ərsəyə gətirdiyi bu kitabların səhifələri müəllifinin böyük və bütöv Azərbaycan arzusunu yaşadır. Bu isə görkəmli alimin təkcə elmi əhəmiyyət daşıyan uğuru deyil, həm də milli mənaya və dəyərə malik qələbəsidir.
Yaşar QASIMBƏYLİ,
filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi