Sənətin çətin yollarından onun necə keçib gəldiyini yaxşı bilirəm. Onu da bilirəm ki, Ədalət körpəliyindən sazın bəxtəvəridir. Sanki saz üçün doğulub. Gözünü açıb evlərində saz görüb. Həm ata, həm də ana nəslində yaxşı saz-söz biliciləri olub. Özü də kiçik yaşlarından aşıq sənətinin eşqinə düşüb, sənətin çətin yollarında yürüməyə başlayıb.
Artıq yeniyetmə vaxtında Ədalət öz ifaları ilə sənətsevərləri heyrətləndirməyi bacarıb. Ona Dədə Ədalətin davamçısı – Bala Ədalət deyiblər. Bu adı sənət eşqinin möcüzəli uğuru kimi qazanıb. O, 1967-ci ilin fevral ayında Kəlbəcərin Yellicə kəndində anadan olub. Elə rayondakı musiqi məktəbində də təhsil alıb. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansanblının rəhbəri Əliş Quliyev Ədalətin ilk ustadı olub. Daha sonra ustad aşıqlar Qəmkeş Allahverdidən və Dədə Ədalətdən mükəmməl dərs alıb.
Ədalət 18 yaşından toy məclislərində, el şənliklərində gözəl ifaları ilə tanınıb, sevilib. 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində uğur qazanıb. Sonra ustad aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan” folklor müsabiqəsində qalib gəlib. 2006-cı ildə ölkəmizdə keçirilən “Ozan” müsabiqəsində də 1-ci olub. Sənətdə qazandığı uğurların nəticəsi kimi, dövlətimiz tərəfindən 2007-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Ədalət Dəlidağlı saz-söz məclislərində həmişə başa çəkilir. O, təkcə saz çalıb oxumaqla kifayətlənmir. Məclislərdə gözəl dastan danışmaqla və ürəyinə yatan şeir nümunələrini əsl bədii qiraət ustası kimi söyləməklə də könülləri oxşayır. Aşıq Şəmşirin, Zəlimxan Yaqubun, Məmməd Aslanın, Bəhmən Vətənoğlunun, Şücaətin və başqa şairlərin şeirlərindən seçmələri öz sazının sədaları altında ustalıqla səsləndirir və ruhumuza layla deyir. Sinəsi, elə bil, qaynayan söz çeşməsidir. Yüzlərlə şeiri və 15-dək dastanı əzbərində yaşadır.
Aşığa Dəlidağlı təxəllüsünü verənlər yanılmayıblar. Ədalət Dəlidağlı sazın, sözün, sənətin dəlisidir. Digər aşıqlardan dəli-doluluğu ilə seçilir. O, Dəlidağın qucağından ulduzları sayrışan göylərə boylanıb, sənət dünyasının zirvəsinə boylanıb. Ədalət Dəlidağlı təxəllüsü ona “xəncərə gümüş yaraşan kimi” yaraşır. Bu adı öz sənəti ilə doğruldub və Dəlidağ ucalığında zirvəyə yüksəldib. Bu ada sazın, sözün heyranları böyük rəğbət bəsləyir, bu adı dağlar kimi uca tuturlar.
Onun ifasında hər hansı havacat sönük səslənə bilməz. Havacatlar, sanki, Ədalətin ürəyində ocaq çatır. Sazın sinəsində havacata uyğun xallar gül açır. Ədalətin ürək şəkilli sazı ürək kimi döyünür, ürək kimi çırpınır. O, “Yanıq Kərəmi”ni çalanda pərdələrə yanğı düşür. Başını sazının sinəsinə söykəyib havacatı havacata calayır. Onun ifasında “Ruhani”ni dinləyən insan nəfəsini içinə çəkir, sözü sükutla pıçıldayır. Sazı ahəstə dilləndirəndə səsi bulaqların həzin zümzüməsinə bənzəyir. Çılğınlıqla sazı bağrına basanda, başının üzərinə qaldıranda coşub-çağlayan çaya dönür. Çayın selləri məcrasına sığmır. Sazının telləri hörüyə gəlmir… Ədalət saz çalanda özündə olmur. Ruha bənzəyir. Gərilmiş yaya bənzəyir. İfa etdiyi havacatlar saz sevdalılarının iliyinə, qanına işləyir.
Doğru sözdür ki, ustada qulluq etməyənlərin işi xam qalar. Ədalət Dəlidağlı həm kamil ustadlardan dərs alıb, həm də öz şagirdlərinə və yetirmələrinə ustad dərsləri keçir. O, Aşıq Əfqan, Aşıq Qalib, Şəhriyar Laçınlı və Ülvi Cəfərov kimi davamçılarını ərsəyə gətirib. Onların adlarını fəxrlə çəkir.
O, ozan-aşıq sənətinin daşıyıcılarını, aşıq məktəblərini özünəməxsus dəyərləndirir. Deyir: “– Azərbaycanda Göyçə, Borçalı, Tovuz, Gəncə–Şəmkir, Şirvan, Qaradağ, Təbriz, Urmiya, Dərbənd və Çıldır aşıq məktəbləri olub. Borçalı, Çıldır və Urmiya aşıqları təklikdə, Tovuz, Gəncə–Şəmkir aşıqları həm təklikdə, həm də ikilikdə – balabançı ilə məclis aparırlar. Şirvan və Təbriz aşıqlarının havacatları və ifa tərzləri Göyçə və başqa Qərb aşıq məktəblərindən fərqlənir. Şirvan aşıqlarında ritm daha çox üstünlük təşkil edir. Özlərinə məxsus rəqsləri var. Ona görə də məclislərə ansanblla çıxırlar. Bunların hamısı xalqımızın sərvətidir. Hərəsinin öz yeri, öz dinləyicisi və öz pərəstişkarları var”.
Aşıq Ədalət Dəlidağlı sazı şou alətinə çevirənləri, sazın çətiri altında yüngül davrananları qınayır. Haqlı olaraq deyir ki, sazla belə davranmaq olmaz. Ozan-aşıq sənəti bizim ulu sənətimizdir. Sazımız musiqi sərvətimizdir. Onu bayağılaşdırmaq, sənətə kəm baxmaq bizə yaraşmaz.
Ədalət Dəlidağlının sənəti və sənətkarlığı haqqında yazdıqlarım dəryadan bir damladır. Onun sənəti kitaba, dəftərə sığmaz. Bu gün ustad Ədalət Dəlidağlının doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir və ən xoş arzularımı bildirirəm.
Həzi HƏSƏNLİ,
şair-publisist