Şahmar Ələkbərov – 80
“Kino” qəzetinin 1994-cü ildə hazırlanmış xüsusi buraxılışı qarşımızdadır. Tanınmış kinoşünas Aydın Kazımzadə vaxtilə baş redaktoru olduğu həmin qəzeti öz arxivindən çıxarıb bizə göndərdi. Ayrı-ayrı səhifələrdə unudulmaz aktyor, ssenarist, rejissor, Xalq artisti Şahmar Ələkbərov haqqında Aydın müəllimin özünün, həmçinin Mailə Muradxanlının, Eldəniz Quliyevin, Seymur Elsevərin, Sədaqət Məmmədlinin xatirələri və o vaxtlar “Kino”da çalışmış mərhum iş yoldaşımız Mehdi Mükərrəmoğlunun “Ölüm sevinməsin, qoy” şeiri çap olunub.
Həmin xüsusi buraxılışda Şahmarın bir fikri epiqraf olaraq verilib: “Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, bizim sənətdə işləmək üçün insana xas olan adi keyfiyyətlər çox vacibdir. Nəciblik, xeyirxahlıq, tərbiyə, mədəniyyət, qayğıkeşlik, xeyrə-şərə yaramaq kimi müsbət keyfiyyətlər istedad qədər vacibdir”. Dostlarının dediyinə görə, onun özündə bütün bu keyfiyyətlər cəmləşmişdi. Cəmi 49 il yaşasa da, qazandığı hörmət-izzət, sevgi hüdudsuz idi.
Xalq artisti Tariyel Qasımovun bir xatirəsi burada yerinə düşür: “Tələbəlik illərində imkansız olduğum üçün 4 il dostum Şahmargildə qalmışam. Şahmar institutu qurtaran kimi hərbi xidmətə gedəndə anasına demişdi ki, “Ana, mən əsgər gedirəm, qoy Tariyel evdə qalsın, ha!” Anası da məni buraxmadı. Yəni Şahmarın anası tək olduğuna görə mən onlarda qaldım. Hətta evləndim və Şahmar əsgərlikdən qayıdana qədər ailəmlə o evdə yaşadım. Şahmar gələndən sonra isə başqa yerə köçdüm”.
Rolları. İndiki nəsil Şahmar Ələkbərovun teatrdakı parlaq çıxışlarından az xəbərdar olsa da, onun filmoqrafiyasını, az qala, əzbər bilir. Çünki vaxtaşırı göstərilən “Dağlarda döyüş” bədii filmində Fərrux, “Bakıda küləklər əsir” filmində Azad, “Mən ki, gözəl deyildim”də Məzahir, “Yeddi oğul istərəm”də Qəzənfər, “Qızıl qaz”da Rizvan, “Qatır Məmməd”də Qatır Məmməd, “Arxadan vurulan zərbə”də Gündüz, “İntizar”da Fərhad”, “Axırıncı aşırım”da İman, “Həyat bizi sınayır”da Arif, “Babək”də Cavidan və sair rollarının hamısı yaddaqalan olub.
Sərhədçi Fərruxun dağlarda döyüşü ilə kinoya gələn Şahmarın sənət yolu keşməkeşli olsa da, sənət zirvəsinə yön alıb, illər keçdikcə tamaşaçıların sərhədsiz sevgisini qazana bilib. Oynadığı obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif olsa da, onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.
Rejissor işi. Anarın “Şəhərin yay günləri” povesti əsasında Gülbəniz Əzimzadə ilə birgə “İmtahan” filmini çəkib. İlk sərbəst işi isə Elçinin “Toyuğun diri qalması” povesti əsasında çəkilən “Sahilsiz gecə”dir. Son filmi Əliağa Vahidə həsr etdiyi “Qəzəlxan” olub. Təəssüf ki, amansız ölüm ona bu filmin ekran taleyini görməyə imkan verməyib. Bakı milyonçusu Ağamusa Nağıyev haqqında yazdığı ssenari əsasında filmi isə çəkə bilməyib. Ölümündən 3 il sonra bu işi rejissor Rövşən Almuradlı gerçəkləşdirib və “Yük” adlı gözəl film yaranıb.
“Yeddi oğul istərəm” filmindən məşhur səhnə yada düşür. Filmdə Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqlaması unudulmaz epizoddur. Bu, elə nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar özü də sənətin cazibəli dünyasından, pərəstişkarlarının sevgi aləmindən belə bir işıqlı təbəssümlə qopub getdi.
Qəqəni rolunun ifaçısı, Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti kafedrasının baş müəllimi, Prezident mükafatçısı, Əməkdar artist Fərhad İsrafilovun dedikləri:
– Yaşca ondan xeyli kiçik olsam da, aramızda əsl dost münasibəti vardı. “Yeddi oğul istərəm” filminin çəkilişi boyunca da, sonra həyatda da Şahmar müəllimlə çox vaxt birlikdə oldum. İllər sonra belə onun yanında özümü balaca uşaq saymışam. Xasiyyətcə ciddi adam olsa da, mənimlə ünsiyyətində üzündən təbəssüm əskik olmazdı. Kinostudiyanın həyətində, küçələrdə mənimlə birlikdə gəzərdi, maraqlı söhbətlər, zarafatlar edərdi.
Doğrusu, Şahmardan sonra özümdə bir yetimlik hiss edirəm… “Qəzəlxan”ı çəkəndə üzrxahlıq etdi ki, bu filmdə mənə uyğun rol yoxdur. Mən isə dedim ki, sizin çəkdiyiniz filmdə fəhləlik də eləmək xoşdur. Sonra filmdə iştirak edim deyə, mənə epizodik rol verdi… Çoxlu unudulmaz xatirələrim var… Axı, mən onun Qəqənisiydim…
Son olaraq. Nədənsə, ondan danışanda dəfələrlə çaşıb “Şahmar Əkbərzadə” demişəm. Bəlkə də, eyni adı daşıyan gözəl aktyorun da, gözəl şairin də ruhuna ehtiramıma görədir. Elə bu yazını şair Şahmarın aktyor Şahmara da aid edilə biləcək misraları ilə tamamlayıram:
Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.
Hər iki Şahmar bizdən ayrılıb getsə də, ölməz sənətləri ilə, sevgi saçan təbəssümləri ilə həmişə bizimlə bir yerdədirlər.
Əli NƏCƏFXANLI