Dünya Azərbaycanlıları Konqresinin şəxs adları ilə bağlı İrana etirazı və soydaşlarımıza müraciəti yayılıb. Müraciətdə deyilir:
Fars molla rejimi bütün gücü və imkanları ilə İran adlı dövlətdə köklü Türk varlığını silməyə, Türk milli kimliyinin ləğvinə, yaxud assimilyasiyaya uğramasına çalışır, çünki bunu özünün varlığına əsas təhdid sayır. Eyni səbəbdən İran hakimiyyəti bir ovuc erməniyə öz ana dilində təhsil almaq üçün hər cür şərait yaratdığı halda, on milyonlarla soydaşımızın analoji haqqını, digər təməl haqlarını tanımaq istəmir.
İran uzun müddətdir ki, türk adlarına qarşı “qadağa” siyasəti aparır. Bölgədə yaşayan türk ailələr övladlarına türk adları verdikləri üçün şəxsiyyət vəsiqəsi ala bilmirlər. İran Siyahıyaalma Bürosunun Güney Azərbaycanda yaşayan türk ailələrinə şəxsiyyət vəsiqəsi verməkdən imtinası ailələr tərəfindən etirazla qarşılanır. Valideynlər tərəfindən seçilmiş ad qeydiyyat şöbəsi tərəfindən təklif olunan siyahıdan kənardadırsa, seçilmiş ad baxılmaq üçün şöbənin direktorlar şurasına (ad komitəsinə) göndərilir və təsdiq edilmədikcə heç bir seçimə icazə verilmir. Bu azmış kimi Ayətulla Əl Xameneyinin fərmanı ilə bundan sonra İran İslam Respublikasında yeni döğulan körpələrə yalnız fars adı veriləcək. XXI əsrdə din adı altında pərdələnərək fars şovinizmini həyata keçirən molla rejiminin bu siyasəti nə beynəlxalq hüquqa, nə də müqəddəs Qurani-Kərimin prinsiplərinə sığır… Hər bir xalqın öz ad sistemi var. Xalqın kimliyi adlardan bilinir.
Dünya Azərbaycanlıları Konqresi İranda adqoyma ilə bağlı yürüdülən şovinist siyasəti qətiyyətlə pisləyir və müstəqil Azərbaycan Respublikasında, dünyanın hər yerində yaşayan soydaşlarımıza müraciət edərək fars kökənli adlardan imtina etməyə çağırır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə paniranizm və fars şovinizmini özündə yaşadan adların qoyulmasının qadağan edilməsini tövsiyyə edirik.