Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvləri Babək Muğanlı və Ağrı Qaradağlı Milli Məclisin deputatı Fazil Mustafanı ziyarət ediblər.
Onlar təmsil etdikləri təşkilat adından “keçmiş olsun” diləklərini hörmətli deputata çatdırmış, tezliklə sağlamlığına qovuşmasını arzulayıblar.
Görüş zamanı Dünya Azərbaycanlılarının həmrəyliyi, diaspora təşkilatlarımızın durumu, o cümlədən istər Azərbaycanda, istərsə də regionda baş verən son olaylar, Azərbaycanın Güneyindəki soydaşlarımızın təşkilatlanması və Bütöv Azərbaycanın yaranması istiqamətində görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində Azərbaycan Millət vəkili Fazil Mustafa Bakı şəhərində yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən terror hücumuna məruz qalaraq avtomat silahla güllələnib.
Ayağından və çiynindən güllə yarası alan deputat hazırda evində müalicəsini davam etdirir.