Daşkənddə “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammiti keçirilib

by Samir Asadli

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evi və “İpək yolu” Xalq Diplomatiyası Vəqfinin təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddə “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammiti keçirilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Sabir Rüstəmxanlı, Naqif Həmzəyev, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Döctluq qrupunun həmsədri Şamil Ayrım, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanda yaşayan Qərbi Azərbaycan kökənli diaspor üzvləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyətindən elm və mədəniyyət xadimləri iştirak edib.

Əvvəl Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib.

Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı öz çıxışında iştirakçıları salamlayıb, bununla bağlı birinci Sammitin İspaniyanın paytaxtı Madriddə keçirildiyini qeyd edib, ikinci tədbirin Özbəkistanda baş tutmasından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, bu sammit təkcə Azərbaycan üçün deyil, bütün Türk  dünyası üçün öməmlidir və bu istiqamətdə işlər davam etdiriləcək. Biz artıq Qarabağa qayıtmışıq, indi isə hədəfimiz Qərbi Azərbaycana, ata-baba yurdlarımıza qayıtmaqdır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu məsələdə mühüm sənəddir.

T.Rüstəmxanlı bildirib ki, Ermənistan tərəfdən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın qaytarılması asan olmadı. Bu işdə təbii ki, bütün Türk dünyasının rolu var.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev belə bir tədbirin Özbəkistanda keçirilməsindən məmnun olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən söhbət açıb, Qərbi Azərbaycan icmasının yaradılması, fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi haqqında danışıb.

Sonra azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ilə bağlı sənədli film nümayiş etdirilib.

“İpək yolu” Strateji Araşdırmalar Vəqfi İdarə heyətinin sədri Seyfulla Türksoy Türk dünyası arasında bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin genişləndirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikirlərini bölüşüb. O deyib ki, biz bu istiqamətdə nə qədər səmərəli fəaliyyət göstərsək bu torpağın Əmir Teymur, İbn Sina, Əl-Xarəzmi və digər şəxsiyyətlərinin ruhunu şad edəcəyik.

Şamil Ayrım forum iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb, Azərbaycan əsgərinin Qarabağın azad olunmasındakı rəşadəti haqqında söhbət açıb, ermənilər tərəfdən Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndlərin, tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılmasının, viran qoyulmasının ermənilərin tarixinə yazıldığını bildirib. O deyib ki, artıq Azərbaycanın azad olunan torpaqlarında tikinti işləri aparıllr, ata-baba yurdlarından qovulanlar mərhələ-mərhələ öz torpaqlarına qayıdır.

Naqif Həmzəyev bildirib ki, Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrin, toponimlərin, coğrafi adlarıın, xalqımızın folklor nümunələrinin öyrənilməsi, bu istiqamətdə təbliğat işlərinin aparılması hər birimizin borcu olmalıdır.  O vurğulayıb ki, Qərbi Azərbaycan torpaqlarına xalqımızın qayıdışı tam gerçəkləşənə qədər işlərimizi davam etdirməliyik.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu idarə heyətinin sədri İqbal Babayev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Özbəkistan Qadınlar Komitəsinin nümayəndəsi Cəmilə Şermuxamedova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, Qərbi Azərbaycan İcması Barana rayon icmasının sədri Osman Hacıyev, alim və tərcüməçi Babaxan Şərif, şair Tahir Qəhhar və başqaları öz çıxışlarında Qərbi Azərbaycanda tarixi-mədəni irsin soyqırıma məruz qalması, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın tarixi və mədəni irsinin bərpası ilə bağlı fikirlərini çatdırıblar.

Forum öz işini davam etdirir.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd   

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK