Dilimizdə “vətəndaşlıq” qazanmış alınma sözlər

by Samir Asadli

Dünya dilləri arasında türk dilləri ailəsinin özünəməxsus yeri var. Hesablamalara görə, dünyanın müxtəlif ölkələrində təxminən 180 milyon adam bu dil ailəsinə daxil olan dillərdə danışır. 

Türk dilləri ailəsi bir neçə qrupa bö­lünür. Bu qruplardan biri oğuz qrupu adlanır. Azərbaycan dili türk, türkmən və qaqauz dilləri ilə birlikdə oğuz qru­puna daxildir. Dilimizin lüğət tərkibinin əsas hissəsini türk mənşəli sözlər təş­kil edir. Bir çox dillərdə olduğu kimi, bizim dilimizin lüğət tərkibində də xeyli sayda başqa dillərdən keçmiş sözlər var ki, bunlara dilçilik elmində alınma sözlər deyilir. Alınma sözlərin 2 əsas mənbəyi var: ərəb-fars mənşəli və Av­ropa mənşəli alınma sözlər.

Alınma sözlərin çoxu dilimizdə uzun zamandan bəri işlədildiyinə görə, milli sözlərimizlə qaynayıb-qarışmış, necə deyərlər, dilin lüğət tərkibində ar­tıq vətəndaşlıq hüququ qazanmışdır.

Bu yazıda dilimizdə çox işlənən alınma sözlərdən bir qisminin mənşə­yi barədə yığcam və maraqlı məlumat verməyə calışmışıq.

1. “Brakonyer” sözünün mənası çoxumuza məlumdur. Qanunla yasaq edilmiş yerlərdə, qadağan olunmuş vaxtlarda və qeyri-qanuni üsullarla ov edən, ovlanması yasaq edilmiş hey­vanları ovlayan şəxslərə “brakonyer” deyilir.

Bəs, bu söz haradan gəlib və mən­şəcə necə izah olunur? Mütəxəssislər belə hesab edirlər ki, bu sözün əvvəli qədim alman dilində “axtaran” mənası­nı ifadə edən “bracho” sözünə söykə­nir. Sonra bu söz fransız dilinə keçmiş, bu dildə “braques” formasında işlədil­mişdir ki, bu da fransızca “isarə verən it” mənasını ifadə edir. Buradan da “itlə ov etmək”, “itlə ov edən” mənasını verən “braconner” sözü meydana gəl­mişdir. Bir sözlə, “brakonyer” sözü iş­ləndiyi bütün dillərdə, bütün formalarda və bütün zamanlarda “oğurluq” sözünə uyğun mənalar ifadə etmişdir.

2. Hamıya yaxşı tanış olan və fəza, səma ilə bağlı başa düşülən bir söz var: “kosmos”. Yunan fəlsəfə və mə­dəniyyətı ilə bağlı olan bu anlayış qə­dim yunan dilində nizam, harmoniya mənasını ifadə edir. Bu fəlsəfəyə görə bütün kainat əvvəlcə nizamsız, qar­maqarışıq, qeyri-ahəngdar bir vəziy­yətdə olmuş, tədricən formalaşmış və nizamlı, harmonik bir tam – kosmos ha­lına düşmüşdür. Yəqin, bu da təsadüfi deyil ki, qarmaqarışıqlıq, nizamsızlıq mənası ifadə edən “xaos” sözü ilə əks mənalı anlayış kimi məhz “kosmos” sözü qarşılaşdırılır.

3. “Kompot” sözü bizim dilimizə rus dili vasitəsilə fransız dilindən gəlib. Fransız dilinə isə bu söz bir çox digər sözlər kimi, latın dilindən keçib. Söz latın dilində “kompositus” şəklindədir. “Kompositus” sözü “mürəkkəb tərkib­li” mənasını ifadə edir ki, bu da içkinin adına tam uyğun gəlir: axı kompo­tun hazırlanmasında adətən bir neçə komponent iştirak edir. Elə bu “kom­ponent” sözünün özü də, həmçinin “kompozisiya”, “kompüter”, “komp­leks”, “komplekt”, “kompaniya” və s. bu tipli sozlər də “kompot”la qohum olan sözlərdir.

4. Məktəblə bağlı sözlərin içərisin­də elə birisi var ki, onu bilməyən və iş­lətməyən adam çətin tapılar. Bu, “par­ta” sözüdür. Necə yaranıb bu söz? Bir sıra dil tədqiqatçılarının müddəalarına görə, “parta” fransız dilində “xüsusi”, “ayrıca” mənası ifadə edən “a part” sözündən götürülüb. Əvvəllər məktəb­lərdə uşaqlar çoxyerli uzun skamyalar­da otururmuşlar. Sonralar daha əlve­rişli olduğuna görə, təkyerli və ikiyerli skamyalardan istifadə edilməyə baş­landı. Necə deyərlər, uzun skamyalar bölünüb artıq hər sagird və ya hər iki şagird üçün ayrıca, xüsusi oturacaq ayrıldığına görə adı da dəyişib oldu “parta”. “Apartament” və “departa­ment” sözlərinin tərkibindəki “a part” da onların “parta” sözü ilə eyniköklu olduğundan xəbər verir: “apartament” sözünün ilkin mənası ayrıca otaq, ay­rıca mənzil, “departament” isə ayrılmış hər hansı bir ərazi, şöbə mənasını ifa­də edir.

Əsrlər boyu cəmiyyətə əziyyət verən bir siyasətin adını ifadə edən “separatizm” sözü də, irqi ayrı-seçki­liyin ən kəskin formasını adlandıran aparteid sözü də “parta” sözü ilə eyni kökdəndir.

5. “Vergül” sözünü tələffüz edərkən adama elə gəlir ki, bu öz sö­zümüzdür və ya şərq mənsəli sözdür. Əslində vergül fransız mənşəli virgule sözündən yaranıb: fransızca “virgule” sözü “aşağısı qatlanan” mənasını ifadə edir.

Vergül işarəsinə diqqətlə baxanda onun həqiqətən də, izahlara uyğun formada olduğunu aşkar etmək müm­kündür.

Göründüyü kimi, dilimizdə işlənən alınma sözlərin mənşəyini araşdı­rarkən xeyli maraqlı məlumatlara rast gəlirik və hər bir dilin tikinti materialı sayılan sözlərin necə zəngin və mü­hüm informasiya mənbəyi olduğunu bir daha aşkar edirik.

İmarət CƏLİLQIZI,
filoloq

Oğuz şəhəri

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK