Erməni mediası hər addımda qərəzli və qeyri-obyektiv, həqiqətə uyğun olmayan məlumatlar, dezinformasiyalar yaymaqda “usta” olduğunu nümayiş etdirir.
Azərbaycanla, Bakı ilə əlaqəsi olmayan hansısa vandalizm görüntülərini də bizə yamamaq istəyən erməni mediası bir video yayımlayıb. Bir neçə aydır erməni mətbuatında dövriyyədə olan bu görüntüdə iddia olunur ki, guya Bakıda xristian qəbiristanlığını dağıdıblar, guya yüzlərlə rus soyadlı şəxslərin məzarlarını sındırıblar. Erməni mediası belə bir iddia irəli sürsə də, o videonun Bakıda çəkildiyini sübut edən nəsə yoxdur. Təbii ki, ermənilər bu dezinformasiyanı yaymaqla Azərbaycana çirkab atırlar. Təsəvvür edin ki, özləri yüzlərlə Azərbaycan məzarlığını dağıdıblar, qəbir daşlarını daşıyıb satıblar, qəbirləri eşib ölüləri gordan çıxarıblar, ölülərin sümüklərini belə daşıyıb aparıblar, bu halda ermənilər hansı humanizmdən danışa bilərlər? Azərbaycan tolerant və multikultural ölkədir və burada yaşayan hər bir xalqın ölüsünə də, dirisinə də hörmət edilir. Azərbaycanda xristian dininə çox böyük sayğı ilə yanaşılır və onların müqəddəs məkanları qorunur.
Sülh danışıqlarının getdiyi bir vaxtda erməni mediasının guya Azərbaycanda rus “qəbirlərinin dağıdılması” iddiasını ortaya atması ziyanlı haldır. Amma ölkənin rus icması da, dünya rusları da bilir ki, Azərbaycanda belə bir problem yaşanmır.
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər köhnə üsullarla manipulyasiya etməkdə israrlı olsalar da, artıq onların bu nimdaşlaşmış üsulları keçmir. “Ermənilər uzun illərdir ki, eyni üsullarla hərəkət edirlər, yalandan “bizi Sumqayıtda belə öldürdülər”, “Azərbaycanda xristian qəbirləri dağıdılır” kimi cəfəng iddiaları artıq iflasa uğrayıb. Dezinformasiya “ustası” olan erməni mediası bu cür cəfəngiyatlarla ölkəmizin rus icmasını dövlətimizə qarşı qaldırmaq niyyəti güdür. Amma ermənilər heç zaman rus icmasından istifadə edə bilməz, onların bu yalanlarına nə ruslar, nə də dünya inanar. Erməni mediası çox ucuz bir piarla məşğuldur”-deyən S.Adıgözəlli qeyd edir ki, bu gün Ermənistanda rus mədəniyyətinə, rus dilinə, rus kilsəsinə münasibət çox aşağı səviyyədədir. Ermənilərin Rusiyanın gözündən düşdüyünü deyən S.Adıgözəlli hesab edir ki, onlar hazırda yenidən Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Rusiyanın gözünə girmək istəyirlər. “Erməni mediası bu cür dezinformasiyalarla Rusiyanı Azərbaycana qarşı körükləmək istəyir. Çox ucuz siyasət aparırlar.
Ermənistanın bu dezinformasiya siyasətinə ölkənin rus icması cavab verməlidir ki, Azərbaycan Qafqazda yeganə ölkədir ki, burada bütün dinlərə, bütün ibadət yerlərinə böyük sayğöı var. Ölkəmizin çox yerində ruslara və başqa xalqlara məxsus məzarlıqlar var. Hər birinə diqqət yetirilir. Bu məsələdə ermənini öz silahı ilə vurmaq lazımdır. Bizim aparıcı media qurumları, televiziyalar hərəkətə keçməlidir və ermənilərin azərbaycanlıların qəbirlərini dağıtdığını əks etdirən materiallar təqdim edilməlidir. Azərbaycan məzarlıqlarını dağıdıb məhv edən ermənilərin Azərbaycana qarşı belə əsassız iddia irəli sürməsi yolverilməzdir”-deyə S.Adıgözəlli qeyd etdi.
Leyla QARAXANLI