Ermənistan yenə təxribat yolunu seçdi

by Samir Asadli

Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində beş aya yaxın idi ki, nisbi sakitlik hökm sürürdü. Ötən ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri ilə Azərbaycan öz ərazisində qanunsuz erməni silahlı birləşmələrinin varlığına soy qoydu və Qarabağdakı separatçı rejimi ləğv etdi. Bununla da Bakı ilə İrəvan arasında sülh gündəliyinin irəliləməsi üçün çox yaxşı fürsət yarandı. Azərbaycanın sülh üçün bütün cəhdlərinə baxmayaraq, müxtəlif güclərin əlində vasitəyə çevrilən, onların çaldığı havaya oynayan Ermənistan təxribatlarından əl çəkmək niyyətində olmadığını növbəti dəfə nümayiş etdirdi. Belə ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən, qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.

Sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Görünən odur ki, qarşı tərəfi sabitlik qane etmir, gərginlik yaratmaq, sülh prosesinə, Azərbaycanla münasibətlərin normallaşmasına zərbə vurmaq üçün pozucu addımları davam etdirirlər.

Azərbaycan XİN-in bəyanatında bu məqam vurğulanıb. Qeyd edilib ki, son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir: “Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”.

Amma Azərbaycanın cavabı da özünü çox gözlətmədi. Prezident İlham Əliyevin dediyi kimi, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Hamı bilməlidir ki, hər bir təxribat şiddətli şəkildə cavablandırılacaq. Bunu qarşı tərəf də yaxşı bilir. Çünki bundan əvvəl də Ermənistanın hərbi təxribatları cavabsız qalmayıb.

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub: “Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Əlbəttə ki, baş verənlərə görə Ermənistan rəhbərliyi ilə yanaşı, Avropa İttifaqının (Aİ) missiyasının nümayəndələri, hərbçiləri,  instruktorları, binoklçılar da məsuliyyət daşıyırlar. Normalda Aİ missiyası məsələyə reaksiya verməli, bu təxribatı qınamalıydı. Ancaq bunu etmədi. Heç araşdırma aparmağa belə cəhd göstərmədilər. ABŞ, Fransa vəziyyəti gərginləşdirməklə mövcudluqlarını Ermənistanda və regionda saxlamaq istəyirlər. Ancaq Ermənistan başa düşməlidir ki, heç kim onun arxasında dayana bilməyəcək.

Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir, bu reallıq çoxsaylı ekspertlər tərəfindən qeyd olunurdu. Ermənistanın öz havadarları vasitəsilə guya Azərbaycanın yeni müharibəyə hazırlaşdığı barədə yaydığı dezinformasiyalar da məhz buna xidmət edirdi. Bundan çıxış edərək hadisənin birmənalı şəkildə Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyini deyə bilərik. Məqsəd də yuxarıda vurğuladığımız kimi, vəziyyəti gərginləşdirib, sülh prosesindən yayınmaqdır. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

Əlbəttə ki, Aİ-nin Ermənistandakı missiyasını genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam De Meyerin Ermənistana gedərək, binoklla Azərbaycana tərəf baxması, sonra erməniləri dəstəkləyən bəyanatla çıxış etməsi heç də təsadüfi deyildir. Bütün bunlar Ermənistanı təxribata hazırlayırdı. Çünki az sonra Qərb mediasında, habelə Ermənistan KİV-də “Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək, uğur qazana biləcəyi” barədə iddialar yer almağa başladı.

Nəticə özünü çox gözlətmədi və artıq baş verənlər göz önündədir. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi planlaşdırılmış haldır və qeyd edilən hadisə də bu planın tərkib hiassəsidir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın zərurət olmadan “The Telegraph” nəşrinə müsahibəsində aqressiv tonu, Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi də İrəvanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur.

Başqa bir məqam, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa,  Hindistan və hansısa fövqəlgüc ölkədən silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığını sübut edən hallardır.

Görünür, ABŞ və Fransa Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər. Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər.

Milli Məclisin deputatı Arzu Nağıyev mövzu ilə bağlı “525”ə şərhində deyib ki, Ermənistan Müdafiə Nazirliyi də atəşkəsin dolayı yolla onlar tərəfdən pozulmasını təsdiq edir. Guya ki, verilən əmrə zidd olaraq atəş açan hərbçilərin bu proseslərdə iştirakları sübut olunarsa, mütləq onları cəza gözləyir. Bu, artıq sübut edir ki, onlar həqiqətən təxribata yol verib, atəşkəsi pozub.

Deputat xatırladıb ki, istər Zəngilan, istərsə də Tovuz istiqamətində törədilən təxribat göstərir ki, atəşkəs faktiki olaraq SSRİ zamanı sərhəd olan regionda baş verib: “Bu artıq dövlət sərhədində atəşkəsin  pozulması kimi dəyərləndirilməlidr. Bunun bir neçə səbəbi var. Təbii ki, son vaxtlar Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin erməniləri Qarabağa qaytarıb, onların təhlükəsizliyini təmin edə biləcəkləri ilə bağlı açıqlamaları, eyni zamanda bu ölkənin Azərbaycandakı səfirinin Qarabağ məsələsininin artıq bitməsi kimi bəyanatının da mütləq şəkildə təsiri vardır. Ermənistandakı istər iqtidar, istər müxalif qüvvələri nəyin bahasına olur-olsun Rusiyanın regionda rolunun azalmasını istəyirlər. Bunu təbii ki, havadarları da, Qərb də istəyir və dəstəkləyir”.

Deputat əlavə edib ki, əgər doğrudan da, atəşkəs pozulursa, onda vaxtilə gətirilən və vizual kəşfiyyatçı kimi fəaliyyət göstərən istər Fransanın, istər digər Qərb dövlətlərinin nümayəndələri niyə susur və bununla bağlı müvafiq açıqlamalar vermirlər: “Yəni birmənalı olaraq bu, düşünülmüş məsələdir. Əsas məqsəd sülh müqaviləsinin imzalanmasının gecikməsinə, status-kvonun olduğu kimi qalmasına nail olmaqdır. Son zamanlar Ermənistanın baş naziri və xarici işlər nazirinin verdiyi absurd bəyanatlar da onu göstərir ki, bu və ya digər şəkildə sülh müqaviləsinin imzalanmasını gecikdirmək istəyirlər. Rusiya da, Qərb də burada vasitəçi olmaq istəyir. Eyni zamanda, Azərbaycanın yürütdüyü müstəqil xarici və daxili siyasət Ermənistanı və onun havadarlarını qane etmir, məhz buna görə də bu proseslər baş verir. Təbii ki, atəşkəs pozulduqca Azərbaycan buna adekvat cavab verəcək. Çünki bizim suverenliyimizə, eyni zamanda ərazi bütövlüyümüzə istənilən təhdidin qarşısı artıqlaması ilə alınacaq. Buna görə də həm Qərb, o cümlədən, Rusiya və digər dövlətlər də düşünməlidirlər ki, suverenliyimiz, ərazi bütövlüyümüz bizim üçün çox mühümdür. Bu baxımdan sülh müqaviləsinə mane olmaq mümkün deyil”.

A.Nağıyev deyib ki, fevralın 24-də Rusiya ilə Ukrayna arasındakı müharibənin ildönümüdür: “Qərb maraqlıdır ki, regionda stabillik pozulsun və birbaşa Rusiyanı günahlandırsın. Bütün baş verən proseslərdə əsas məqam Rusiyanı regiondan uzaqlaşdırmağa, eyni zamanda onun təsirini azaltmağa, Azərbaycanın müstəqil siyasətinə mane olmağa istiqamətlənib. Bunu da həyata keçirmək üçün Ermənistandan vasitə kimi istifadə edirlər”.

Hərbi ekspert Ədalət Verdiyev “525”ə deyib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Onun sözlərinə görə, Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq: “Bunu Ali Bas Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb. Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasını tərkibində fəaliyyət göstərən missiyasının üzərinə düşür. Baş verən təxribatlara Avropa İttifaqı missiyası reaksiya vermək, təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə biləcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı-acılı nəticələrlə üzləşəcək”.

Pərvanə SULTANOVA

525-ci qəzet

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK