Ermənistanın, onun diaspor qüvvələrinin Azərbaycan səfirliklərinə qarşı barbar əməllərinə dünya birliyinin müvafiq reaksiya verməsi olduqca zəruridir.

by Samir Asadli

Son vaxtlar erməni diasporunun anti-azərbaycan fəaliyyəti və buna qarşı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti haqda Dünya Azərbaycanlıları Konqresinin Avropa Bölməsinin rəhbəri, hüquqşünas Əli Hacı ilə söhbətləşdik.

– Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən bir qrup erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
– Ermənilər tərəfindən tarixən Türkiyə və Azərbaycan diplomatik korpuslarına qarşı çoxsaylı hücumlar olub və təəssüf ki, bu, hazırda da təkrarlanır. Son vaxtlar, yəni 44 günlük Zəfər savaşından sonra dünyanın bir sıra ölkələrində Azərbaycan səfirlikləri ilə bağlı erməni diasporunun vandalizm üzərində köklənmiş fəaliyyəti bunun növbəti təsdiqidir. Hətta iş o yerə çatıb ki, erməni vandalları hədəf kimi seçdikləri Azərbaycan səfirliklərinə qarşı barbar hücumlardan belə çəkinmirlər. Son olaraq Livandakı Azərbaycan səfirliyi ilə bağlı baş verən hadisə bunun real təzahürüdür. Ermənistanın, onun diaspor qüvvələrinin Azərbaycan səfirliklərinə qarşı barbar əməllərinə dünya birliyinin müvafiq reaksiya verməsi olduqca zəruridir. Əks halda diplomatik korpuslara qarşı radikal xarakterli fəaliyyətlə bağlı çox təhlükəli presedent yarana bilər. Bunun qarşısının indidən alınması, Azərbaycan səfirliklərinə qarşı aqressiv addımlar atan erməni diasporunun təmsilçilərinin cəzalandırılması çox önəmlidir.
– Bu təxribatların qarşısının alınması sizcə üçün hansı tədbirlər görülməlidir?
– Təxribat törətmək istəyən şəxslərin qarşısını ilk öncə həmin ölkənin hüquq-mühafizə orqanları almalıdır. Cavabdehliyi onlar daşıyırlar. Çünki ilk növbədə bu məlumatları alanlar həmin dövlətlərin orqanlarıdır. Ancaq çox təəssüf ki, onlar öz funksiyalarını həyata keçirə bilmirlər və ya keçirmək istəmirlər. Məsələn, ABŞ-ın İraq və Əfqanıstan kimi ölkələrdəki səfirliklərinə özünün nəzarət etməsi istisna hallar idi. Bu ondan qaynaqlanırdı ki, həmin yerlər müharibə gedən ərazilərdir. Yəni o dövlətlərə etibar edilmədiyi üçün ABŞ hərbi kontingentini də səfirlik ərazisində yerləşdirmişdi. Amma Fransa, İngiltərə, Livan kimi ölkələrdə belə bir addıma ehtiyac yoxdur. Bu gün səfirliklərimizdə fəaliyyət göstərən Azərbaycan mühafizə orqanlarının kifayət qədər gücü var, sadəcə, əsas məsələ xaricdən olan təxribatın qarşısını almaq üçün həmin dövlətlərin yerli xüsusi xidmət orqanlarının çalışmasıdır
– Necə düşünürsünüz səfirliklərimizə erməni təxribatının son günlər Laçın sərhəd keçid məntəqəsi ətrafında baş verənlərlə bir əlaqəsi varmı?
– Birbaşa əlaqələlidir. Bu Ermənistanın və erməni diasporunun “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində təxribat törətmək, habelə Laçın-Xankəndi yolunun “bağlanması” ətrafında Azərbaycan əleyhinə təbliğat aparmaq üçün oyunlarının tərkib hissəsidir. Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan edib. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən nə üçün imtina etmələri qətiyyən başadüşülən deyil. Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir.
– Bu prosesdə beynəlxalq ictimaiyyəti yanlış yönə çəkməyə çalışan erməni diasporunun fəaliyyəti xüsusi diqqət çəkir. Buna qarşı Azərbaycan diasporası nə işlər görür? DAK-ın bu istiqamətdə fəaliyyəti nə yerdədir?
– Azərbaycanı dünyaya Qarabağ ermənilərinə qarşı repressiya aləti qismində təqdim edirlər. Etnik təmizləmə, soyqırımı və sair iddialar da öz yerində. Erməni təbliğat maşını hazırda bütün hüquq normalarına tüpürməklə məşğuldur. Beynəlxalq ictimaiyyətin bəzi qütbləri isə bunu ana südü kimi qəbul edirlər. İndi Azərbaycan barədə həqiqətləri dünyaya çatdıra bilmək üçün bizim də formalaşmış diasporumuz mövcuddur. Həqiqətən son illər Azərbaycanın beynəlxalq aləmdə diasporun köməyi ölkəmiz, xüsusən Qarabağ məsələsi barədə faktları çatdırmaq istiqamətində gördüyü tədbirlər öz nəticəsini verir. Artıq Ermənistanda da etiraf edirlər ki, erməni yalanlarını əvvəlki kimi asanlıqla dünyaya sırımaq çətinləşib, buna qarşı Azərbaycan diasporu və onun fəaliyyətini əlaqələndirən dövlət var. Bu gün Azərbaycan diasporu xaricdə türk, yəhudi və s. diasporlarla sıx əlaqədə işləyir. Hesab edirəm ki, növbəti illərdə fəaliyyətimiz daha da genişlənəcək və öz nəticələrini göstərəcək. Artıq Azərbaycan diasporu müdafiədən hücuma keçib. Dünya Azərbaycanlıları Konqresi də bu prosesdə aktiv rol oynayır. Avropa və ABŞ-dakı üzvlərimiz müxtəlif görüşlərdə və tədbirlərdə Azərbaycan həqiqətlərini gərəkən ünvanlara çatdırırlar.
– Yeri gəlmişkən bu sahədə DAK İcra Aparatının rəhbəri Samir Adıgözəllinin aktiv fəaliyyəti diqqət çəkir. Amma son vaxtlar Samir bəy haqqında mediada bəzi iddialar səslənir, bunlar nə qədər gerçəkdir?
– Samir bəy Dünya Azərbaycanlıları Konqresinin ən fəal və ideoloji baxımdan da stabil bir təmsilçisidir. Deyilənlər iftiradan başqa bir şey deyil və tam qərəzlidir. O 20 ildən artıqdır ki, diaspor fəaliyyəti ilə məşğuldur və bu səbəbdən də gedən proseslərə yaxından bələddir. Dünya azərbaycanlılarının qurultaylarında, bu istiqamətdə müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, yığıncaqlarda iştirak edən Samir bəy həm Rusiyada, həm Ukraynada, həm Türkiyədə, həm də Avropa ölkələrində, xüsusən də Şərqi Avropa dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əlaqədə işlədiyib, birgə tədbirləri, layihələri olub. Bu gün diaspor fəaliyyətimizdə böyük əhəmiyyət daşıyan 18 Azərbaycan evinin, 14 Koordinasiya Şurasının yaradılmasında Samir bəyin də xidmətləri danılmazdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK