Gəncə Teatrının acar aktrisası

by Samir Asadli

Rəmziyyə Veysəlova – 110

Unudulmaz aktrisa Rəmziyyə Veysəlovanı yaxşı tanıyırdım. Çalışdığı Gəncə Dövlət Dram Teatrında bu sənətkarla dəfələrlə təmasda olmuşam, səhnədə yaratdığı silsilə obrazlarını görmüşəm. Həm də çox səmimi və həlim qəlbli bir xanım kimi yaddaşımda yaşayır. 

…Heç yadımdan çıxmır. 1986-cı ildə Gəncə teatrının səhnəsində Yusif Əzim­zadənin tərcüməsində tatar dramaturqu Şərif Xusainovun “Ana vüqarı” iki hissə­li dramı quruluşçu rejissor Arif Ağayevin traktovkasında səhnəyə qoyuldu. Bu tamaşada mən də rol aldım, Kənan ob­razını hazırladım. Premyera günü tama­şanın başlanmasına 10 dəqiqə qalanda qrim otağının qapısı qəfil açıldı. Bu böyük sənətkar əlində bir bardaq su və şokolad içəri girərək: “Anar, oğlum, səni təbrik edirəm. İnanıram ki, mənim kimi, sənin də arzuların yoluna işıq salacaq və yolun bu su kimi aydın olacaq” – dedi. Sənət­karın xeyir-duası müqabilində nə edə­cəyimi bilmədim. Onun əllərindən öpüb, təşəkkürümü bildirdim. Beləcə, ilk səhnə xeyir-duamı bu əfsanəvi sənətkardan – Xalq artisti Rəmziyyə Veysəlovadan al­dım.

1914-cü il fevral ayının 11-də Gürcüs­tanda anadan olan Rəmziyyə xanım əs­lən acar qızı idi. 1920-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulanda onun validey­nləri öldürülüb, evləri müsadirə olunub, bütün qohumları isə Qazaxıstana sürgün olunub. Ailəyə çox yaxın olan Petinov adlı bir şəxs həm 6 yaşlı Rəmziyyəni, həm də qardaşı Neməti Nəriman Nərimanovun yanına gətirib. Böyük dövlət xadimi onları Bahar Ağalarovanın Bakıdakı uşaq evinə yerləşdirib. Bahar xanım uşaqları öz ota­ğında saxlayıb, onları əsl analıq qayğısı ilə əhatə edib. Təəssüf ki, Rəmziyyə xanı­mın qardaşı Nemətin sonraki taleyi barə­də məlumat yoxdur. Rəmziyyə isə Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil alıb, 7-ci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin töv­siyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub.

İlk illərdə Bakı Türk İşçi Teatrının yar­dımcı heyətinə qəbul olunan Rəmziyyə Veysəlova kütləvi səhnələrdə epizodik rollar oynayıb. F. Pavlovun “Çin tanrısı”­da Viyen, N. Paqodinin “Balta poeması”­da Qız, V. Kirşonun “Küləklər şəhəri”də Qadın, Ə. Hamidin “Hind qızı”da Stelina, Ə. Fövzinin “Gizli əl”də Əsli, H. Nəzərli­nin “Yollar”da Gülbahar obrazları onun ilk səhnə uğurlarındandır. Cazibədar görkəmi, məlahətli səsi, canlı və plastik hərəkətləri, iti yaddaşı Rəmziyyə Vey­səlovanı fərqləndirən əsas amillərindən hesab olunub. O, ifadə vasitələrinin əl­vanlığı ilə seçilib, orjinal, bədii-estetik cəhətdən kamil görünüb.

Rəmziyyə xanım bir müddət Şəkidə, sonra da Aşqabadda fəaliyyət göstərib. 1932-ci ilin sonlarında ömür-gün dos­tu – gənc fırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı rəssam və baş rəssam işləyən Bəhram Əfəndi­yev Aşqabad teatrında işləməyə dəvət alıb. Bu minvalla aktrisa orada 3 ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiye­va” kimi çıxışlar edib. Aşqabad teatrının səhnəsində C. Cabbarlının “Yaşar”ında Yaqut, “Od gəlini”ndə Solmaz, V. Şekspi­rin “Otello”sunda Dezdemona, Ş.Saminin “Dəmirçi Gavə”sində Mehriban, Ə. Hami­din “Hind qızı”nda Elampa, A. Niyazovun “Qızıl orden”ində Ceyran və digər obraz­ları məharətlə oynayıb.

Sonra ailə Gəncəyə gəlir və Bəhram­la o, teatr kollektivinə qəbul olunur. Qeyd etmək lazımdır ki, həmin dövrdə Gəncə teatrında geniş ampluada parlaq çıxış edən aktrisa yox idi. Rəmziyyənin həm­yaşıdı Barat Şəkinskaya teatrdan inciyib, Bakıya getmişdi. Ona görə də təzə işçi tezliklə teatrın aparıcı aktrisasına çevrilə bilir. Klassik əsərlərdə möhtəşəm ro­mantik xarakterlər, dünya ədəbiyyatı nü­munələrində poetik realist obrazlar yara­dan aktrisa Rəmziyyə Veysəlova Gəncə səhnəsində lirik-psixoloji üslubun aparıcı sənətkarlarından hesab edilir. Daim axta­rışlar aparır, istedadını cilalayır və rejis­sorların ümidini doğruldur. Bu baxımdan onun M. F. Axundzadənin “Hacı Qara”da Tükəz, H. Cavidin “Şeyx Sənan”da Xu­mar, “Səyavuş”da Nina və Südabə, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Mehri xanım, C.Cabbarlının “Nəsrəddin şah”da Sitarə, “Od gəlini”ndə Gülsüm, “1905-ci ildə” tamaşasında Nabat, “Almaz”da Ma­riya Timofeyevna və Almaz, S.Vurğunun “Vaqif”ində Gülnar, Xuraman və Tükəz­ban, “Fərhad və Şirin”ində Məryəm, S. Rəhmanın “Küləklər”ində Firuzə xanım, “Toy”unda Kamilə, “Xoşbəxtlər”ində Sə­nubər obrazları maraqla baxılır və tama­şaçılar tərəfindən sevilirdi.

Rəmziyyə Veysəlova haqqında söh­bət düşəndə oğlu Çingiz Yusifzadənin ömür-gün yoldaşı olan yazıcı-dramaturq Nüşabə Əsəd Məmmədli deyir: “Rəmziy­yə xanım bütün varlığı ilə Azərbaycana bağlı insan idi. Həmişə fəxr edirdi ki, onun müəllimi böyük Hüseyin Cavid olub. Bakı Teatr Texnikumunda o, sənət korifeyləri­miz Mehdi Məmmədov və Əli Zeynalovla birgə Cavid əfəndidən də dərs alıb. Hə­mişə deyirdi ki, böyük sənət əsərlərində rol alanda özünü xoşbəxt sayır. Teat­rımızda qədim yunan dramarturgiyası, həmçinin böyük Şekspirin, Şillerin, Brex­tin və əlbəttə, Azərbaycan klassiklərinin ölməz əsərləri səhnə təcəssümünü Gən­cə teatrında tapanda çox sevinirdi. Mən Rəmziyyə xanım haqqında fikirləşərkən ilk növbədə onun böyük sənətkar, teatr fədaisi olduğunu düşünürəm”.

Gəncə Dövlət Dram Teatrının aktri­sası, Əməkdar artist Rəhilə Məmmədova onu özünün sənət müəllimi adlandırır: “Yaxşı yadımdadır, Əlibala Hacızadənin “İtkin gəlin” pyesində Cahan Rəmziyyə Veysəlovadan sonra mənə tapşırıldı. Ancaq obraz həvalə olunsa da, sözlərini əzbərləmək üçün mətni vermədilər. Onda Rəmziyyə xanım məni öz evinə çağırıb, obrazın həm sözlərini, həm də mizanla­rı öyrətdi. Həmin axşam gəlib tamaşanı oynadım. Səhnədə həddən artıq tələb­kar Xalq artisti Sədayə Mustafayeva ilə tərəf-müqabil olmaq mənim üçün böyük imtahan idi. Buna baxmayaraq, bu sınaq­dan çıxa bildim. Hətta teatrın o zamanlar baş rejissoru və bu tamaşanın quruluşçu rejissoru olan Respublikanın Əməkdar incəsənət xadimi Yusif Bağırov gəlib dedi ki, tamaşada Rəmziyyə Veysəlovanın yoxluğu heç bilinmədi, sanki yenə də o, özü oynayırdı… Etiraf edim ki, qocaman səhnə ustaları Rəmziyyə Veysəlova və Sədayə Mustafayeva olmasaydı, səhnə uğurunu heç vaxt dada bilməzdim”.

Xalq artisti Rəmziyyə Veysəlovanın Azərbaycan mədəniyyəti tarixində xid­mətləri yüksək qiymətləndirilib. 1955-ci ildə Azərbaycan Respublikasının Əmək­dar artisti, 1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Rəmziyyə Osman qızı Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncədə vəfat edib.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK