Fəridə Əlyarbəyli – 100
Ulu Şeyx Nizami yurdu Gəncə Azərbaycana dahi sənətkarlar, görkəmli şəxsiyyətlər bəxş edən bir diyardır. Buranın qaynar əbəbi mühiti Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi kimi qadın şairləri də yetirib. Həmin yaradıçılıq bulağından su içmiş şair-dramaturq Fəridə Əlyarbəyli isə ötən əsrin tanınmış imzalarından olub.
Fəridə Həsən qızı Əlyarbəylinin bu il 100 yaşı tamam olur. Ədəbiyyata sevgisi onu 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gətirib. Ali təhsil aldıqdan sonra Fəridə xanım Azərbaycan Elmlər Akademiyasının Gəncə Bazasında kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 50-ci illərin əvvəllərində Yazıcılar Birliyinin Gəncə filialının işi bir qədər zəiflədiyi üçün AYB-də Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə keçirilən iclasda filialın Fəridə Əlyarbəyli də daxil olmaqla yeni bürosu təsdiq edilib. Fəridə Əlyarbəyli filialın məsul katibi seçilib, sonra isə bölmənin rəhbəri kimi də fəaliyyət göstərib.
Ötən əsrin əvvəllərində Gəncədə yaşayıb-yaratmış Əkbərşah Ruhi barədə möhtəşəm bir monoqrafiyanın, “Arzular”, “Yasəmən”, “Gəncəli qız”, “Qayğı”, “Sərv ağacı”, “Dünyaya insan gəlir”, “Novruz bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi”, “Ona xanım dedilər”, “Pürrəng çay”, “Sular bulananda”, “Dünya nə qəmlisən” və başqa kitabların müəllifi olan xanım şairin “Damlardan uca çinar” şeirlər toplusu Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində çapdan çıxıb, ədəbi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Onun “Səkkizliklər”i ümumbəşəri fikir və duyğularla zəngin olub.
Fəridə Əlyarbəyli maraqlı dram əsərlərinin də müəllifidir. “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə yeri” pyesləri onun yaradıçılığında xüsusi yer tutur. “Xan qızı” tarixi dramını 1972-ci ildə qələmə alııb və elə həmin ildə də Gəncə Dövlət Dram Teatrının səhnəsində Xalq artisti, rejissor Vaqif Şərifovun quruluşunda bu əsər uğurla tamaşaya hazırlanıb. Qeyd etməliyəm ki, Fəridə Əlyarbəyli Azərbaycan teatrında Xurşudbanu Natəvan haqqında tarixi bir dram əsəri yazmış ilk müəllifdir. Səhnədə hadisələr cərəyan etdikçə XIX əsrdə Şuşada yazıb yaradan, tarixdə hər zaman öz imzası ilə seçilən xan qızını görür, onun həyatına və o illərdə bir insan olaraq gördüyü xoşməramlı işlərə valeh olmaya bilmirsən. Tamaşada Xurşudbanu Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva ifa edib. Aktrisanın ifasında bu rol həssas qəlbli ana, lirik, romantik təbiətli şair, həm də mürtəce qüvvələrə qarşı sərt və barışmaz insan kimi canlanır.
Fəridə Əlyarbəyli “Xan qızı”nın yaranması haqqında öz xatirələrində yazırdı: “70-ci illərin əvvəllərində Xalq artisti Məhəmməd Burcəliyev mənim bu dram əsərini yazmağımın səbəbkarı oldu. Bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə Xurşudbanu Natəvan haqqında pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və “Xan qızı” – ilk pyesimi yazdım. Pyes üzərində işləyərkən nədənsə həmişə Xalq artisti Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə səhnədə artıq Sədayə xanımı görürdüm. Xan qızı obrazını məhz Sədayə xanım üçün yazdım. Tamaşanı hazırlamağı gənc rejissor Vaqif Şərifova həvalə etdilər. Rejissor rol bölgüsündə, elə bil ki, qəlbimdən keçənləri, duymuşdu. O, Xan qızı rolunu Sədayə Mustafayevaya verdi. Həm aktrisanın, həm də rejissorun gücünə yaxşı bələd idim. Əsərin uğurlu səhnə taleyi olaçağına inanırdım və belə də oldu”.
Fəridə Əlyarbəylinin ötən əsrin 80-ci illərində qələmə aldığı “Qonşular” pyesi də maraqlı detalları ilə diqqətçəkən səhnə əsərlərindəndir. Belə ki, sovet rejiminin tüğyan etdiyi bir zamanda guya rüşvətxoluqla mübarizə etmək pərdəsi altında əslində bir çox məsələlərin elə korrupsiya ilə həlli yollarının göstərilməsi o zamanlar yazardan böyük cəsarət tələb edirdi. Fəridə Əlyarbəyli bu pyesində korrupsiya batağlığında boğulan bəzi dövlət məmurlarını göstərməklə mübarizə yollarının aparılması üçün də əsas şərtləri səciyyəvi xarakterləri ilə acıb göstərməyə nail olmuşdu. Tamaşanın quruluşçu rejissoru, mərhum Hilal Həsənov müəllif fikirlərini öz rejissor traktofkası ilə səhnədə daha dolğun göstərməyə çalışırdı.
“Qonşular” pyesi haqqında Xalq artisti, rejissor Vaqif Şərifov öz müsahibələrinin birində deyirdi: “Yadınıza gəlirsə, 1988–1990-cı illərdə meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki teatrın bir qismi meydana köçmüşdü. Bir cəsarətli söz də o dövr üçün kifayət idi. Xatırlayıram ki, Fəridə Əlyarbəylinin “Qonşular” pyesini oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlnmişdi. Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə tutulanlardan kimsə indi polis rəisidir və ya rüşvət alan təhsil şöbəsi müdiridir. Bu kimi fikirlərə görə o dövrlərdə senzura bizə qan uddururdu. Buna baxmayaraq, əsərin mübariz ruhunu qoruyub saxlaya bildik…”
Xüsusi olaraq qeyd edək ki, Fəridə Əlyarbəyli poeziyada olduğu kimi, səhnə əsərlərində də öz mövzularına daim sadiq qalır, insanın daxili aləmi ilə yanaşı, cəmiyyətdə, ictimai həyatda pak mövqeyinə sənətkar münasibəti göstərirdi. Onun son illərdə qələmə aldığı əsərləri milli faciələrin, Qarabağ hadisələrinin, işğal edilmiş torpaqlarımızda tökülən günahsız qanların, erməni vəhşiliklərinin hərtərəfli göstərilməsi ilə yadda qalıb.
“Əzəldən qəm üstündə köklənmiş bu dünya kimsəni sona qədər sevmədi” – deyən Fəridə Əlyarbəyli 2011-ci ilin sonunda canından artıq sevdiyi Gəncədə əbədiyyətə qovuşub.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas