Gəncənin unudulmaz şəkili aktyoru

by Samir Asadli

Azərbaycan Teatrı – 150

Elə səhnə ustası var ki, sənət yolu bir teatrın yaradıcılıq yoludur. Yaratdığı obrazlar tamaşaçının yaddaşına əbədi həkk olunur, öz xalqının milli sərvətinə, teatr tarixinin bir səhifəsinə çevrilir. Xalq artisti Məhəmməd Burcəliyev də belə aktyorlardan olub. 

Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhə­rində anadan olub. Bakıda Fabrik-zavod məktəbində oxuyub. Gələcək aktyor hə­min günlərlə bağlı bir xatirəsində yazıb: “İlk dərs günü məktəbin direktoru orta boyu, qarabuğdayı bir gənclə sinifə daxil oldu və dedi: “Bu, sizin ədəbiyyat müəl­liminizdir. Özü də yaxşı şairdir. Yəqin ki, şerlərini oxumusuz. Adı da Mikayıl Müş­fiqdir”.

Müşfiq müəllim ədəbiyyatla maraqla­nanları çox sevirdi. Bir gün mənim yazdı­ğım şerləri dinlədi, amma bir söz demədi. Səhərisi gün mənim əlimdən tutub “Gənc işçi” qəzetinin redaksiyasında olan ədə­biyyat dərnəyinə apardı və Süleyman Rüstəmlə tanış etdi. Beləcə ədəbiyyat və sənət aləminə qovuşdum”.

Məhəmməd Burcəliyev daha sonra Pedaqoji Texnikumuna daxil olub. Oranı bitirən zaman verilən konsert onun çıxı­şını bəyənən Sabit Rəhmanın dəvəti ilə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Dörd il orada çalışıb, ömrünün sonrakı illərini isə bütünlüklə Gəncə Dövlət Dram Teatrına həsr edib. N.K.Krupskaya adına Moskva Dövlət İn­cəsənət Universitetinin Teatr aktyoru və rejissoru fakültəsini bitirib. “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin pyesi teatrda tamaşaya qoyulub və dip­loma layiq görülüb.

Onun aktyor kimi istedadı daha parlaq olub. Gəncə teatrının səhnəsində 300-dən artıq maraqlı obraz yaradıb. Məhəm­məd Burcəliyev 11 əsərə – “Ölülər”, “Ürək yanarsa”, “Həmyerlilər” bu qəbil­dəndir. Onun həmçinin respublika qəzet və jurnallarında 75-dən artıq məqalə, re­senziya və oçerki də dərc olunub. Aktyor “Azərbaycanfilm”in istehsalı olan bir neçə filmdə – “Mən ki, gözəl deyildim”də, “Dəli Kür”də, “Firəngiz”də, “Gözlə məni”də, “Köhnə bərə”də… yaddaqalan obrazlar yaradıb. O, 1944–1945-ci illərdə Fikrət Əmirovla birgə Gəncə Dövlət Filarmoni­yasını yaradaraq həmin musiqi məbədi­nin direktoru kimi də fəaliyyət göstərib. Daha sonra Gəncə Teatrının direktoru kimi çalışıb. 1958-ci ildə Xalq artisti fəx­ri adına layiq görülüb. 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.

Deyirlər ki, yaşamaq da bir sənət­dir – taledən hər kəsə bəxş olunan sənət. Əsl insan odur ki, bu ömrü ma­hir sənətkar kimi yaşayır. Məhəmməd Burcəliyev də belələrindəndir, amma onun təlaşlı, həyəcanlı günləri də az olmayıb. Burada sənətkarın daha bir xatirəsini yada salaq: “1951-ci ilin so­yuq yanvar ayı idi. Bir gün xəbər gəldi ki, Mircəfər Bağırov Ənvər Məmməd-xanlının “Şərqin səhəri” pyesinin tamaşa­sına baxacaq. Mən də teatrın direktoru­yam, həm də baş rollardan birini oynayı­ram. Fikrim budur ki, Mircəfər Bağırovdan teatrın təmiri, rekonstruksiya olunması üçün bir şey qopardım. İşıqçılara tapşır­dım ki, Bağırov rolunu ifa edən Xalq ar­tisti Əşrəf Yusifzadə səhnəyə çıxan kimi projektorları tuşlasınlar lojada oturmuş katib Mircəfər Bağırovun üstünə. Elə də edirlər. Tamaşa bitəndən sonra Bağırov gülümsündü, təbrik edirəm, – dedi. – Yaxşı tamaşadır. Bəs teatrın binası niyə soyuqdur? Cavab verdim ki, 0,5 düymlük boru tapılmır. Səhəri gün saat 9-da də­miryol vağzalından xəbər gəldi ki, sizin teatrın adına 0,5 düyməlik boru gəlib, özü də bir vaqon, gəlin aparın”…

Mərhum rejissor, Əməkdar incəsənət xadimi Oruc Qurbanovun unudulmaz ak­tyor haqqında dedikləri: “Rolları bölən­də baxıram ki, Məhəmməd Burcəliyevə uyğun obraz yoxdur. Amma istəyirəm ki, onun üçün rol düzəldim. Təki mənim məşqlərimdə iştirak etsin. Ona görə ki, Burcəliyev mənim üçün kamertondur. 61 il səhnədə… Teatr sənətinin sağlam, gümrah vaxtlarını da görüb, infarktını da, iflicini də… Zövqü – kamerton səsi kimi pak və duyumludur. Hər hansı parçanın məşqindən sonra, gizlincə onun üzün­dəki ifadəyə baxıram. Olar-olmazı onun üzündən oxuyuram. Hər dəfə aktyorların əldə etdikləri nailiyyətləri təmkinlə izləyən Burcəliyevin uşaq kimi sevinib çavanlaş­masını görəndə, valeh oluram və içimdə bir nida səslənir: “Allah, nə yaxşı ki, belə insanlar var!” Mənimçün üç Burcəliyev var. Daha səmimi, el dili ilə desəm, üç Məhəmməd dayı var: Dədə Məhəmməd, Ustad Məhəmməd, Ağsaqqal Məhəm­məd!..”

Xalq artisti daim teatrla nəfəs alıb, səhnənin sevinci, kədəri ilə yaşayıb. O, öz yaradıcılığında “Kiçik rolla böyük fi­kirlər ifadə etmək çətindir” mülahizəsinin mənasızlığını sübuta yetirib. Belə olma­saydı, Gəncə teatrının səhnəsində Əfqa­nın “Qız atası” komediyasında Cavad kişi rolunu 35 ildə 3000 dəfədən artıq oynamaqla tamaşaçı rəğbətini qazana bilməzdi.

Məhəmməd Burcəliyev Gəncə Döv­lət Dram Teatrının repertuar zənginliyini təmin etmək məqsədilə qələm sahiblərini dramaturgiyaya cəlb etməyə çalışıb. Ulu Gəncədə yaşayıb-yaradan yazarlardan Altay Məmmədov və Fəridə Əlyarbəyli ilk dram əsərlərinin yaranmasında məhz Məhəmməd Burcəliyevin xüsusi xidməti­nin olduğunu öz xatirələrində qeyd edib­lər.

Bəli, unudulmaz sənətkar, Xalq artisti Məhəmməd Burcəliyev indi həzin xa­tirələrdə yaşayır.

Anar ƏRTOĞRUL,
teatrşünas-tənqidçi

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK