SSRİ məkanında məşhur tibb professoru olmuş soydaşımızın yubileyinə
Ryazan fundamental otorinolarinqologiya məktəbinin banisi Abas Mehdi oğlu Talışinski Ryazan şəhərində ilk LOR əməliyyatları, o cümlədən onkoloji əməliyyatlar icra edən otorinolarinqologiya klinikasının yaradıcısıdır. O, Sovet İttifaqında ilk dəfə olaraq ambulator əməliyyatlar üçün ümumi anesteziya üsulunu praktikada tətbiq etmiş, hələ də istifadə olunan və onun adını daşıyan ağız dilatatoru işləyib hazırlamışdır. Onun bu yeniliyi patentə layiq görülmüşdür. Professor A.Talışinski xoruldamanın cərrahi müalicə üsulunu işləyib hazırlamışdır. SSRİ-də ilk belə əməliyyat məhz 1967-ci ildə Ryazanda həyata keçirilmişdir.
Talış xanlarının nəslindən olan Abas Mehdi oğlu Talışinski 1924-cü il sentyabr 15-də Azərbaycanın Lənkəran şəhərində doğulmuşdur. O, Azərbaycan Tibb İnstitutunun pediatriya fakultəsini sürətlənmiş təhsillə bitirdikdən sonra 1944-cü ildə hərbi xidmətə çağrılmışdır. Belarusiyanın, Polşanın faşistlərdən azad olunmasındakı döyüşlərdə iştirak etmişdir. Öz döyüş yoluna Belarusiya Cəbhəsi tərkibindəki artilleriya polkunda baş həkim vəzifəsində başlamışdır.
9 May Qələbə gününü tibbi xidmət mayoru kimi Almaniyada qarşılamışdır. O, 1945-ci ildə Berlində tarixi Qələbə paradının iştirakçısı olmuşdur.
1947-ci ildə Sovet ordusu sıralarından tərxis olunduqdan sonra Bakıya qayıtmış və 1950-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat İnstitutunun otorinolarinqologiya şöbəsində ordinator vəzifəsində işləmişdir. Sonra N.İ.Piraqov adına İkinci Moskva Tibb İnstitutunun LOR xəstəlikləri klinikasında klinik ordinaturada, 1953-cü ildən isə bu xəstəxananın bazasında aspiranturada oxumuşdur.
Bu dövrdə A.M.Talışinski qulaq patologiyası və onun cərrahi müalicəsində novokain ilə yerli ağrısızlaşdırma məsələləri üzərində ciddi və səmərəli iş görmüşdür. Bu, hər şeydən əvvəl, orta qulaqda əməliyyat, mastoidektomiya zamanı lazım olan məməyəbənzər çıxıntının, boyun kələfinin, arxa qulaq sinirinin, xarici qulaq keçəcəyinin divarlarının keyləşdirilməsinə aiddir. Bu böyük işin yekunu kimi 1954-cü ildə “Klinik-anatomik şərhdə qulaq cərrahiyyəsində ağrısızlaşdırma məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1955-ci ildə Abas Talişinski müsabiqə yolu ilə assistent, 1958-ci ildə akademik İ.P.Pavlov adına Ryazan Tibb İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti seçilir. Yüksək tibbi fəallığı, səmərəli elmi və tərbiyəvi fəaliyyəti onun 1964-cü ildə qulaq, burun və boğaz xəstəlikləri kafedrasına müdir seçilməsi üçün əsas olmuşdur. Kafedra müdiri vəzifəsində o, 25 il müddətində – 1989-cu ilə qədər, 1984-2004-cü illər arasında isə Ryazan Dövlət Tibb Universitetinin LOR xəstəlikləri klinikasında professor-məsləhətçi işləmişdir.
1964-cü ildə onun “Əsas otorinolarinqoloji operasiyalar zamanı müxtəlif ağrısızlaşdırma növlərinin müqayisəvi qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyasının müvəffəqiyyətlə müdafiəsi olmuşdur (elmi konsultant – professor B.S.Preobrajenski).
Bu fundamental əsərdə A.M.Talışinski heyvanlar üzərində eksperimental tədqiqatlar və klinikadakı operasiya materialları əsasında LOR cərrahi əməliyyatlar zamanı ümumi ağrısızlaşdırmanın vacibliyini və zəruriliyini göstərmişdir. 1966-cı ildə A.M.Talışinskiyə SSRİ AAT tibb elmləri doktoru elmi dərəcəsi, 1967-ci ildə isə professor adı verilmişdir.
A.M.Talışinski, faktiki olaraq Ryazanda otorinolarinqoloji məktəbin yaradıcısıdır. O, ilk dəfə olaraq LOR cərrahiyyəsi zamanı endotraxeal insuflyasion narkozu tətbiq etmişdir. Professor Talışinski xorultu və yuxuda obstruktiv apnoe sindromlu xəstələrin müalicəsində orijinal cərrahi metod təklif etmişdir. Onun rəhbərliyi altında 1967-ci ildə kafedranın gənc assistenti
İ.V.Yeliseyev SSRİ-də ilk dəfə olaraq nasazlığın müalicəsində uğurlu cərrahi əməliyyat tətbiq etmişdir. Professor A.M.Talışinskinin səyi ilə Ryazan şəhərində N.A.Semaşko adına xəstəxananın bazasında sonralar belə patologiyası olan xəstələrin müalicəsində mərkəz yaradılmışdır.
Kafedrada oxuyan tələbələr və əlavə professional təhsil mərhələlərində ixtisas artıran praktik həkimlər üçün klinikanın əməkdaşlarının müxtəlif LOR patologiyası olan xəstələrin müalicəsinin klinik müşahidələrini əks etdirən makropreparatlardan ibarət nadir muzey yaradılmışdır.
Professor A.M.Talışinski “İntubasiyanın və endotraxeal narkozun tarixi” monoqrafiyasının müəllifidir. Bu sahədə özünün professional təcrübəsini və nailiyyətlərini o 87 elmi əsərdə nəşr etdirmişdir; o dörd ixtiraya, o cümlədən endotraxeal narkoz altında tonzillektomiya etmək üçün ağızgenişləndiriciyə müəlliflik şəhadətnaməsi almışdır.
A.M.Talışinski prinsipial və tələbkar rəhbər, hamıya qarşı qayğıkeş, yüksək erudisiyalı alim və təcrübəli pedaqoq olmuşdur. O səxavətlə öz böyük professional təcrübəsini praktik həkimlərə verərdi və daim gənclər ilə biliyini bölüşdürərdi. Onun rəhbərliyi altında doqquz nəfər namizədlik dissertasiyasını müdafiə etmişdir.
O, professional əhatədə layiqli hörmətə malik olmuşdur: “Vestnik otorinolarinqologii” mərkəzi jurnalının redaksiya şurasının üzvü olmuş, otorinolarinqoloqların ümumrusiya və Moskva elmi-praktik cəmiyyətinin idarə heyətini təmsil etmiş, otorinolarinqoloqların Ryazan vilayət elmi-praktik cəmiyyətinə rəhbərlik etmişdir.
Bütün həyatını, o, otorinolarinqologiyaya həsr etmişdir. Abas müəllim Ümumittifaq səviyyəsində, eləcə də Rusiyada sayılıb-seçilən alim, klinisist, cərrah və pedaqoq olmuşdur.
Abas Talişinskinin şərəfli döyüş və əmək yolu dövlət və hökumət tərəfindən layiqincə qiymətləndirilmişdir. “Vətən qarşısında xidmətlərinə görə”, “Vətən müharibəsi”, “Qızıl Ulduz” (II dərəcəli) ordenləri, “İgidliyə görə”, “Berlinin alınmasına görə”, “1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində Almaniya Üzərində Qələbəyə görə”, “Georgi Jukov” medalları, həmçinin 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində Qələbənin altı ildönümünə görə yubiley medalları, habelə “Səhiyyə Əlaçısı” fəxri nişanı ilə təltif olunmuşdur. N.A.Semaşko adına xəstəxananın professor A.M.Talışinskinin işlədiyi korpuslarının birində onun şərəfinə 2020-ci ildə xatirə lövhəsi vurulmuşdur.
A.M.Talışinski Ryazanda 23 oktyabr 2005-ci ildə 81 yaşında vəfat etmiş və Bakı şəhərindəki Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Abas müəllimin əziz xatirəsi onu yaxından tanıyanlarının, qədirbilən həmkarlarının yadından heç vaxt çıxmayacaqdır.
R.KALİNİN,
Ryazan Dövlət Tibb Universitetinin rektoru,
V.KİLYUŞİN,
kafedra müdiri,
N.KOZEYEVSKAYA,
sektor müdiri