M.Ə.Rəsulzadə – 140
Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin mətbuat haqqında yazılarını və fəaliyyətini əhatə edən, 342 səhifədən ibarət olan kitabı “Qanun” nəşriyyatında çap edilib.
Bu, M.Ə.Rəsulzadənin 140 illik yubileyi ilində çap olunan ilk geniş araşdırma və tədqiqat kitabıdır. Bu, həm də humanitar elmlər və media sahəsində çalışanların faydalanması üçün ciddi vəsaitdir.
Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı da oxuculara təqdim olunub. Eyni zamanda kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı “İrşad”, “Tərəqqi”, “Təkamül”, “İrani-nov”, “İqbal”,”Açıq söz”, “İstiqlal” və digər qəzetlərdəki yazıları, Azərbaycan Parlamentindəki çıxışları tədqiq edilib.
Bundan əlavə, M.Ə.Rəsulzadənin mühacirət irsində mətbuatla əlaqəli yazıları (“Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu Yurd”), Türkiyə, Polşa rəsmiləri ilə yazışmaları, şəxsi məktublaşmaları da tədqiq edilərək oxuculara təqdim olunub.
Kitabda M.Ə.Rəsulzadənin mətbu fəaliyyətini əhatə edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb.
Kitabın sonunda – “Sənədlər” bölməsində maraqlı arxiv sənədləri ilə də tanış olmaq mümkündür.