Bir şəklin tarixçəsi
Qələm dostum, tanınmış şair Zabil Pərviz Neftçalada doğulub boya-başa çatsa da, özünün təbii poeziya qanadları ilə bütöv Azərbaycan göylərində inamla pərvaz edir. Elə mənə göndərdiyi nadir fotoşəkli də 42 il əvvəl dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevlə mavigözlü Göygöldə çəkdirib və tutiya kimi qoruyub saxlayır.
Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Orada lirik bariton səsli məşhurla görüşün bir anını əbədiləşdirəndə Zabil Pərvizin fərəhindən daha da yüksəklərə ucaldığına əminəm. Bu barədə şairin özünün düşüncələrini oxuculara təqdim edirik.
– 1982-ci ilin yayında Göygöldə ailəvi istirahətdə idim. Məndən ötrü xoşbəxt bir təsadüf oldu ki, böyük sənətkar Müslüm Maqomayevlə həyat yoldaşı Tamara Sinyavskayanı orada gördüm. O vaxt Gəncədə yazıçı İsa Hüseynovla rejissor Eldar Quliyevin birgə ssenari müəllifi olduqları tammetrajlı “Nizami” tarixi-bioqrafik film-pritçasının çəkilişləri gedirdi və Müslüm də baş rolun ifaçısı idi. Müslümgil Eldar Quliyevin ailəsi birlikdə çəkilişlərarası Göygölə dincəlməyə gəlmişdilər.
Göygölün pik nöqtəsində idik. Hamı gözəllikdən vəcdə gəlmişdi. Mən ürəklənib, özümdən 10 yaş böyük olan Müslümdən soruşdum:
– Bilirsənmi, bu zirvədə kimlər dayanıb?
– Yəqin, çox adam, –deyə qısa cavab verdi.
– Qoy, sayım, – dedim və sadalamağa başladım. – Lap əvvəl haqqında çəkilən filmdə baş rolu oynadığın dahi Nizami və Məhsəti, sonralar Mikayıl Müşfiq, Əhməd Cavad, Məmməd Araz və Xəlil Rza Göy gölü buradan seyr edib və gözəl şeirlər yazıblar.
Müslüm razılıqla başını tərpədib məndən soruşdu:
– Bəs sən yazmamısan?
Bəxtimdən,“Yazıçı” nəşriyyatının yenicə çap etdiyi “Çinar pöhrələri” almanaxı qoltuğumda idi. Kitabı açdım və oradakı “Göy göl” adlı şeirimi Müslümə göstərdim. Sonra isə adlarını çəkdiyim şairlərin Göygölə həsr etdikləri şeirlərdən parçalar səsləndirdim. Müslüm maraqla dedi:
– Oxu, görək, sən nə yazmısan?
Öz şeirimi də oxudum. Müslüm heyrətləndi və bir söz dedi:
– Heç də əvvəlki şairlərdən pis yazmamısan.
Ona “Çox sağ ol” deyib xahiş etdim ki, fotoqraf şəklimizi çəksin. Sonra da fürsətdən yararlanaraq təklif etdim ki, gəl, düşək aşağı, əlimizi Göy gölə vuraq, bir qurtum da su içək.
Tamara xanım qəti etiraz etdi ki, yıxılarsınız. Müslüm “Biz poeziyanın qanadlarında enirik, bizə heç nə olmaz”, – dedi. Gülüşdük və aşağı düşüb Göygölün saf sularına əlimizi vurduq, ovuclayıb içdik. Bu, mənim üçün tarixi anlar idi.
P.S: Şair Zabil Pərviz Göygöldə unudulmaz sənətkar Müslüm Maqomayevə – böyük Nizami Gəncəvinin prototipinə oxuduğu şeiri də redaksiyamıza göndərib. Həmin şeiri ixtisarla da dərc edirik:
“Göygöl” adlı nəğmələr çox…
Ancaq bütün nəğmələrdən
ilahidir, əzəldir o.
Nizaminin Azərbaycan divanından
dövrümüzə gəlib çatan
ən qiymətli qəzəldir o.
Yeri-yurdu zirvələrdə –
bulud deyil.
Dağın-daşın içindədir –
yaqut deyil.
Gözəlliyin rübabında
əfsanəvi bir simdir o,
Görən dönür pərvanəyə –
yaşıl donlu tilsimdir o.
Başı üstə keşik çəkən Kəpəzə bax:
Bir əbədi yuxusuzluq timsalı tək
daim oyaq…
Əli NƏCƏFXANLI