Otaylı-butaylı Azərbaycan xalqının mənəvi bütövlüyünü qoruyan, yaşadan və bügünümüzə çatdıran milli aşıq sənətinin keçib gəldiyi yol, sənətkarlıq məsələləri, yaradıcılıq məktəbləri və çağdaş durumunu ötən illərdə butaylı folklorşünaslar müxtəlif səviyyələrdə öyrənmiş və sistemləşdirmişlər. Bu tədqiqatlarda bildirilir ki, Azərbaycan xalqının erkən orta əsrlərdən yaradıb inkişaf etdirdiyi aşıq sənətinin tarixi yüksəlişində özünəməxsus yeri və çəkisi olan yaradıcılıq qaynaqlarından biri də Güneyin geniş çoğrafi ərazisini əhatə edən Təbriz və Təbrizətrafı region və burada baş vermiş ozançılıqdan aşıq ifaçılığına keçid prosesidir.
Bu mövzuda çoxillik araşdırmalarının nəticəsi olaraq mərhum folklorçu alim, professor Azad Nəbiyev göstərirdi ki, XIV əsrin sonu, XV əsrin əvvəllərindən başlayaraq Güneyin Təbriz bölgəsində mövcud aşıq ənənələri qüvvətlənməyə, ozan sənəti zəminində yaranıb formalaşan aşıq şeirinin yüksəlişi özünü göstərməyə başlamışdı. Bir tərəfdən, Anadolu və Şirvan məktəblərinin təsiri, Təbrizin Azərbaycanın mədəni mərkəzlərindən biri kimi çiçəklənməsi burada şifahi və yazılı ədəbiyyatın inkişafına hələ orta əsrlərdən xeyli əvvəl münbit zəmin yaratmışdı. Digər tərəfdən, Təbriz aşıq məktəbi həm də zəngin tarixi-ədəbi əsaslara söykənmişdi.
XII–XIII əsrlərin ozan-aşıq rekonstruksiyası, aşıq sənətinin qam-şaman, təkkə-dərviş ənənələrindən uşaqlaşıb yeni istiqamətə yönəlməsi yönündə tərəqqini bu regiondakı ədəbi qaynaqlar rəğbətlə qarşılamaqla yanaşı, həm də çox çəkmədən həmin tərəqqinin aparıcılarına çevrilmişdilər. XV əsirin ikinci yarısından Təbrizdə formalaşmaqda olan aşıq ənənələri yeni yaradıcılıq üslublarını da yaratmağa başlamışdı. Burada aşıq yaradıcılığı forma, məzmun, ifa üslubu və tərzi, poetik dəyərlər baxımından yeni mərhələyə yüksəlmişdi.
Ən başlıca tərəqqinin aşıq yaradıcılığının canlı xalq dilinə yaxınlaşması, ərəb-fars tərkibindən, osmanlı türkcəsinin müxtəlif dialekt və şivələrindən təmizlənməsi, xalq danışıq dilinin aşıq şeirində üstün mövqeyə keçməsi ilə bağlı olduğunu söyləyən folklorşünas qeyd edirdi ki, canlı Azərbaycan dili şifahi poeziyada əks olunmaqla, digər ölçü və qəliblər də aşıq repertuarına daxil olmağa başlamışdı. Həmin mərhələdə Təbrizdə yayılan aşıq yaradıcılığında bir sıra ənənəvi xüsusiyyətlər nəzərə çarpmaqda idi.
Birincisi, aşıq sənəti peşəkar ifaçılığın modern formasını qəbul etməklə islami dəyərlərin Anadolu məktəbinə məxsus ifa tərzini bərqərar etmişdi. Təbriz aşıqları daha köklü dayaqlara malik dərvişçiliyin məzmun dəyərlərindən bəhrələnməklə, onun ifaçılıq üslub və formalarından sürətlə uzaqlaşmışdılar. İkincisi, ozan ənənələrini davam etdirən aşıq institutu qam-şamançılıq üzərində öz nüfuzedici mövqeyini bərpa etmişdi. Bu isə Təbriz aşıq məktəbinin ilk mühüm nailiyyəti olmuşdu.
Aşıq institutunun geniş ölçülərinin qəbul edilib formalaşması, orta əsrlərin başlanğıcında milli düşüncənin aparıcı mövqeyə çıxması, ən nəhayət, onun hər cür şamançılıq təsirindən, dərvişçiliynin nüfuz dairəsindən çıxıb sırf azərbaycançı poetik təfəkkürü ifadə edən yaradıcılıq institutu kimi bərqərar olmasını şərtləndirmişdi. Bu, həmin dövrün onlarla sənətkarının Təbriz aşıq məktəbi üçün hazırladığı erkən ədəbi zəmin idi. Professor Azad Nəbiyev bildirirdi ki, adları və soyadları bizə gəlib çatmamış həmin sənətkarlar Təbriz aşıq şeirini forma, məzmun və sənətkarlıq baxımından yeni mərhələyə yüksəltmiş, Anadolu və Şirvanda ozanın aşığa çevrilməsindən sonra aşıq yaradıcılığının sürətli yüksəlişinə təkan vermişdi. Həmin zəminə əsaslanan Aşıq Qurbani özünəqədərki ədəbi-poetik ənənələr zəminində XVI əsrdə Təbriz aşıq məktəbinin əsasını qoymuşdu.
Bu, məktəbəqədərki yaradıcılıq qaynaqları üçün səciyyəvi olan bir cəhətə də toxunan folklorçu alim öz müəllimi Məmmədhüseyn Təhmasibə istinadla yazmışdı: “Həmin dövrdə bir sıra islam təriqətlərinin müxtəlif səbəblərlə öz kökündən qopub islamı parçalamaq və onun böyük qolu hesab etdikləri şiəlik ətrafında birləşməsi prosesi gedirdi. Bu isə “şəriət-təriqət-həqiqət” formulunda sufi dünyagörüşünə məxsus mərhələləri keçib Allahın dərgahına qovuşmaq həqiqəti ilə bağlı idi”.
Professorun qənaətinə görə, Təbriz aşıq ənənələrinin, öncə, bu düşüncəni qəbul etməsi, az sonra isə ona qovuşub bu etik düşüncəni milli əxlaqi dəyər səviyyəsinə yüksəltməsinin 2 böyük nəticəsi olmuşdu. Birincisi, Təbriz aşıq sənəti onu assimilliyasiya edə biləcək bütün dəyərlərdən əsaslı şəkildə ayrılıb peşəkar ifaçılıq yolunu formalaşdırmışdı. İkincisi, yayıldığı geniş ərazini öz nüfuz dairəsində saxlaya bilən qüdrətli Təbriz aşıq məktəbini yaratmışdı. Bu isə XVİ əsrdən başlayaraq orta əsr Azərbaycan mənəvi-əxlaqi, etik-estetik dəyərlərini 3 istiqamətdə yüksəlişini təmin etmişdi.
Əvvəla, Təbriz aşıq məktəbində ozan yaradıcılıq qaynaqları zəminində güclü aşıq musiqisi sinkretizmi yaranmışdı. Anadolu və Şirvan musiqisinin bir sıra əlamət, xüsusiyyət və ifa tərzlərindən istifadə edilməklə aşıq müsiqisi yeni mərhələyə yüksəlmişdi.
Bundan əlavə, zəngin xalq şeiri şəkilləri əsasında özünəməxsus poetik dəyərlərə malik aşıq poeziyası yaranmış, XVI əsrdə Qurbaninin yaradıcılığı ilə zəngin ədəbi məktəb səviyyəsinə yüksəlmişdi. Təbriz aşıq şeirinin tarixi, ədəbi-poetik yüksəlişi mərhələsində şəriət-təriqət-həqiqət görüşlərini dünyəvi dəyərlər əvəz etməyə, bəşəri ideallar aşıq şeirinə gəlməyə, həqiqətin kamil əxlaqi dəyər kimi vəsf olunması və bütün bunların zəminində isə Azərbaycan mədəniyyəti, sənəti və ədəbiyyatında intibahın başlanmasına mühüm təsir göstərdi.
Üçüncüsü, bu məktəb, eyni zamanda, Şirvan məktəbində nəzərə çarpan milli dastan yaradıcılığını repertuara gətirmişdi, qısa tarixi müddətdə onu yeni mərhələyə yüksəldə bilmişdi. Şirvan məktəbindən fərqli olaraq, Təbriz aşıqları dastanları, nağılları repertuara daxil edib onları yenidən işləmək yolu deyil, birbaşa sevgi macəralarını dastanlaşdırmaq ənənəsini seçmişdi. Bu yaradıcılıq prosesində Təbriz məktəbi epik-lirik üslubun çarpazlaşması yolu ilə Şirvan aşıqlarından müəyyən ölçülərlə fərqlənən yeni dastan tipini formalaşdıra bilmişdi.
Təbriz aşıq məktəbi qısa tarixi müddətdə həm forma və məzmun, həm də sənətkarlıq baxımından mühüm irəliləyiş yoluna çıxmış, xalq arasında geniş yayılmış, müxtəlif dövrlərdə özünün ustad sənətkarlarını yetirmişdi. Bir sıra hallarda ayrı-ayrı bölgələrdə yayılmış klassik ənənələri – qəzəl və qəsidə yaradıcılığını üstələmişdi. Azad Nəbiyev bu mülahizəsini görkəmli türk folklorşünası Fuad Köprülüzadənin qənaəti ilə gücləndirirdi: “Saray və üləma mühafilində İran müqəllidi şairlərin qəzəl və qəsidələri, məhəlli qüvvələri ilə dərbəyi dairələrində aşıqların dastan və qoşmalarda üstün hesab edilir və daha çox oxunulurdu”.
Xalqın ağız ədəbiyyatına bu marağı isə onun zəhmətkeş insanlar içərisində geniş yayılmasının başlıca səbəblərindən idi. Bu isə aşıq yaradılıcılığının öz təbiəti və xüsuiyyəti, həyat həqiqətlərini daha aydın və real lövhələrdə əks etdirmə ənənələri ilə bağlı idi. Elə həmin zərurət aşıq ənənələrinin geniş coğrafi ərazilərdə sürətlə yayılmasının başlıca səbəblərindən idi ki, Təbriz aşıq şeiri üçün də bu, səciyyəvi bir xüsusiyyət olmuşdu.
Təbriz məktəbi onun başlıca ifaçılıq və yaradıcılıq ənənələrini əsas götürməklə müxtəlif mühitlərə ayrılmışdı. Hər bir mühit mənsub olduğu aşıq məktəbinin bir sıra başlıca yaradıcılıq və ifaçılıq xüsusiyyətlərini qoruyub saxlamaqla özünəməxsus fərdi özəlliklərini yaradıb yaşatdığı regionun adı altında şöhrətlənmişdi. Onları təxmini olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: Qaradağ aşıq mühiti; Urmiya aşıq mühiti; Zəncan aşıq mühiti; Həmədan aşıq mühiti; Savə aşıq mühiti; Xorasan aşıq mühiti; Sərab aşıq mühiti; Qaşqay aşıq mühiti.
Məlum təsnifatlardan kiçik fərqlərlə seçilən bu aşıq mühitləri əslində, Təbriz aşıq şeiri ənənələrinin geniş bir ərazidə yayılıb özünəməxsusluqlarla zəngin olduğunu bir daha nümayiş etdirmişdi. Bu yerdə tədqiqatçı belə bir ümumiləşdirici qənaətə gəlmişdi: “Anadolu-Şirvan aşıq ənənələri, ayrı-ayrı ifaçı sənətkarların qoşub-düzdüyü saz və söz dəyərləri Təbrizdə də geniş yayılmışdı. Yunis İmrə, Molla Qasım ənənələri Azərbaycanın bu bölgəsində də aşıq şeirinin bəhrələndiyi, onu forma, məzmun və şəkli xüsusiyyət etibarı ilə irəliyə aparan istiqamətlərdən idi. XIII–XIV əsrlərdə Anadolu aşıq məktəbində baş verən proseslər, xüsusilə ozan ənənələrini davam etdirmək yolu ilə yüksələn tarixi inkişaf Təbriz ifaçılıq mühiti tərəfindən, əslində, hazır model kimi qəbul edilmişdi”.
Tədqiqatçı Təbriz aşıq məktəbinin Azərbaycan aşıq sənətinin sonrakı inkişafında modelə çevrilməsi prosesini belə səciyyələndirmişdi: “XVII əsr aşıq şeiri isə sırf təbiət və insan gözəliklərinin tərənnümü ilə əlamətdar olmuşdu. Aşıq dini-islamı və təriqət dəyərlərindən uzaqlaşıb real gözəlliklərin, yüksək mənəvi-əxlaqi görüşlərin tərənnümçüsünə çevrilmişdi. Aşıq poeziyasında, ümumilikdə, bütün qabaqcıl baxış və görüşlər azad sevgi, insan hüquqsuzluğu, sevgili uğrunda mübarizənin tərənnümü ətrafında cəmləşmişdi, cəmiyyətin aparıcı dəyərlərini özündə əks etdirmişdi”.
Klassik aşıq yaradıcılığı örnəkləri də göstərir ki, həmin dövrdə cəmiyyətdəki mövcud ədalətsizliklərə, ziddiyyət və təzadlara qarşı qılınc qəhrəmanlığını lirik düşüncənin kəsərli sözü, qüdrətli poetik vüsəti əvəz etməyə başlamışdı. Cəmiyyətdəki ədalətsizliklərin bütün sistemini aşıq yaradıcılığı kiçik poetik nümunələrdən tutmuş iri həcmli məhəbbət dastanlarınadək açıb göstərmişdi.
Hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”