Güney Azərbaycanda 21 Azər soyqırımı

by Samir Asadli

1607094141risunok71946-cı ilin 12 dekabr günündə (21 Azərdə) İran daxilində ölkənin ərazi bütövlüyünü qorumaq, ondan ayrılmamaq və eyni zamanda öz milli haqq və hüquqlarını təmin etmək şüarı altında Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətini qurmuş insanlara – azərbaycanlılara qarşı qeyri-insani hərəkətlər, vəhşiliklər, qətl və qarətlər, bir sözlə misilsiz soyqırımı aktı törədilmişdir. 21 Azər soyqırımının səbəb və nəticələri mövzusunda AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə ilə söhbət etdik.

– Səməd müəllim, aradan 76 il keçməsinə baxmayaraq, İran Pəhləvi rejiminin Güney Azərbaycanda milli hökumətə rəğbət bəsləyən on minlərlə dinc soydaşımıza qarşı törətdiyi sistemli qırğınlara, milyonlarla insanı olmazın faciələrə düçar etməsinə hələ də ədalətli qiymət verilməyib. Ən yaxşı övladları güllələnmiş, edam edilmiş, ağır işgəncələrlə məhv edilmiş və alçaldılmış bütöv bir xalqın təqsiri nə idi?

Səməd Bayramzadə–Güney mövzusunun tədqiqatçısı kimi illər uzunu bu məşum soyqırımının səbəbi ilə bağlı suala kədər və inadla cavab axtarmışam. 21 Azər hərəkatına gətirib çıxaran şəraiti və şərtləri, həmin hərəkata rəhbərlik edən Azərbaycan Demokratik Firqəsinin qurduğu Milli Hökumətin fəaliyyəti və gördüyü işləri, onun süqutunu, səbəblərini, bu hərəkat iştirakçılarına, ailələrinə, hərəkata rəğbət bəsləyənlərə tutulan divan və onlara qarşı törədilən soyqırımı barədə çoxsaylı mənbələri nəzərdən keçirdikdən sonra qənaətim qısaca belədir: qurban getmiş və milli mənliyi təhqir edilmiş soydaşlarımızın yeganə təqsiri özlərini azərbaycanlı saymaları və bunu siyasi cəhətdən ifadə etmələri idi. Bu kütləvi faciənin isə bir adı var: milli zəmində soyqırımı.

Bu qətliam XX əsrin əvvəllərindən başlayaraq bu günə kimi Rusiya, İngiltərə və Fransa kimi qudrətli dövlətlərin öncədən işlənmiş planları əsasında böyük bir arealda – Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda azərbaycanlılara qarşı tərədilmiş soyqırımı aktlarının növbəti amansız davamı idi.

Rza şahın 16 il ərzində yeritdiyi antitürk siyasət, iqtisadiyyat və ticarət sahəsində həyata keçirdiyi baş-ayaq tədbirlər çoxsaylı azərbaycanlı əhalinin sosial şəraitini son həddə qədər pisləşdirdi. Mədəniyyətə gəlincə, Rza şah əsasən məhdud bir qrup liberal burjua ziyalılarının inkişafı üçün az-çox imkanlar yaratdı, demokratik ziyalıların inkişafı isə, demək olar, dövlətin hərtərəfli fəaliyyəti nəticəsində dayandırıldı. Rza şah özünün yeni dövlətini iki əsas sütun üzərində bərqərar etdi: ordu və bürokratiya. Onun hakimiyyəti illərində ordunun sayı 10 dəfə artdı.

Sözün həqiqi mənasında İranda bir polis dövləti yaradıldı. Şah hakimiyyətinin bu siyasəti Cənubi Azərbaycanı ərazi cəhətdən məhdudlaşdırmaq, onun iqtisadiyyatını mümkün qədər durğun vəziyyətdə saxlamaq, əhaliyə milli mədəniyyətin inkişafı üçün əsas amillərdən olan ana dilində oxuyub-yazmağı qadağan etmək, bir sözlə, xalqı iqtisadi və milli-mədəni inkişafdan məhrum etmək, nəticə etbarilə onu hakim fars milləti tərkibində əritmək məqsədini həyata keçirməyə yönəlmişdi.

– Belə bir şəraitdə Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi ictimai-mədəni tədbirlər niyə İran rəhbərliyində qatı düşmənçiliklə qarşılanmış və milli soyqırımına gətirib çıxarmışdı?

– II Dünya müharibəsinin başlanması ilə bağlı yaranmış nisbi demokratik şərait İranda, xüsusilə Cənubi Azərbaycanda, mütərəqqi qüvvə və təşkilatların yaranması, fəaliyyəti və inkişafına kömək etdi və nəhayət, əzilən, milli və iqtisadi zülmə, istismara və xarici dövlətlərin soyğunçuluq siyasətinə məruz qalan azərbaycanlılar 1945-ci il dekabr ayının 12-də görkəmli ictimai-siyasi xadim, təcrübəli inqilabçı S.C.Pişəvərinin rəhbərliyi altında İran daxilində özlərinin Milli Hökumətlərini qurdular. Azərbaycan Milli Hökuməti qısa müddət ərzində mühüm islahat tədbirlərini həyata keçirdi.

Bununla belə “İranın ərazi bütövlüyünü qorumaq” şüarı Azərbaycan Demokrat Firqəsinin yarandığı gündən onun əsas şüarları sırasında dayanırdı. ADF rəhbəri S.C. Pişəvəri deyirdi: “Milli birlik o vaxt yarana bilər ki, xalqın hamısı öz milli xüsusiyyətlərini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-biri ilə bərabər hüquqlara malik olsun”. ADF və Milli Hökumət rəhbərlərinin 1946-cı ilin may ayının 31-də qəbul etdikləri Bəyannamə də elə bu məzmunda idi və orada aydın deyilirdi: “Azərbaycan başdan-başa vətənpərvərlik hissləri ilə doludur və heç bir zaman İrandan ayrılmayacaqdır”.

–Səbəb nə idi ki, belə bir dinc, demokratik prosesin iştirakçıları xüsusi amansızlıqla məhv edildi?

–Başlıca səbəb Güneydə azərbaycanlıların milli haqlarına sahib çıxmaları, fars rejiminin antitürk siyasətini qəbul etməmələri idi. Azərbaycan Əyalət Əncüməni Azərbaycanın imperializmin avantürasının altına düşməməsi və İran daxilində qardaş qırğınının qarşısını almaq üçün 1946-cı il dekabr ayının 11-də Azərbaycan Xalq Qoşunlarına və fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək göstərişi verdi. İngilis-amerikan ağalarının göstərişlərinə uyğun olaraq AMH ilə imzalamış olduqları müqaviləni tapdalayıb demokratik hərəkatı qan dəryasında boğmaq üçün Azərbaycana qoşun yeridən İran dövləti buranı tufanlı bir səhnəyə çevirdi. 23 noyabr 1946-cı il tarixində Zəncana daxil olan hökumət qoşunları soydaşlarımızı dəstə-dəstə yığıb öldürməyə başladılar. Azərbaycanın azadlıq ocağı olan Sərab başdan-başa oda qalandı. Kəndlər qarət edildi, fədailəri orta əsrlərin qulları kimi arabaya qoşdular, kəndliləri tikə-tikə doğradılar. 16 dekabr 1946-cı il tarixi Ərdəbil üçün ən acınacaqlı gün oldu. Burada həmin gün öldürülənlər o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Azadlıq düşmənləri Ərdəbil qırğınında kiçik uşaqları da dara çəkdilər. Elm və sənət ocaqlarına da hücumlar təşkil edildi. Təbrizin küçələrində güllələnən minlərlə insanın meyiti buzlu asfalta yapışıb qaldı. Əyalət Əncüməninin kitabxanası, filarmoniya və dövlət teatrı qarət edildi və bağlandı. Sərdari milli Səttarxanın, salari milli Bağır xanın heykəlləri sındırılıb yerə salındı.

İran ordusu 1946-cı il dekabr ayının 18-nə kimi Cənubi Azərbaycanın bütün şəhərlərini işğal edib, bu ərazilərdə hərbi rejim qurdu. Nəticədə Azərbaycanda 30–35 min nəfər insan soyqırıma məruz qaldı (fransız qəzetində bu hadisələrdə edam olunanların sayı 20 min nəfər göstərilir), 100 min nəfərə yaxın insan sürgün edildi, təqiblərdən yaxasını qurtara bilən 20 min nəfərə yaxın insan xarici ölkələrə, 14 min nəfərə yaxın azərbaycanlı Sovet İttifaqına pənah apardı.

– Cəza tədbirləri, milli alçaldılma bundan sonra da dövlət siyasəti səviyyəsində illər uzunu davam etdirilib.

– İran hakim dairələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı aktı 21 Azər hərəkatının xarici imperialist dövlətlərin təzyiqi və sovetlərin xəyanəti nəticəsində yatırıldıqdan sonra müxtəlif üsullarla daha amansız və qəddar şəkillərdə davam etdirildi. Belə ki, XX əsrin 40–50-ci illərində İran hakim dairələri tərəfindən həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanda bir sıra sənaye müəssisələri bağlandı, kənd təsərrüfatı tənəzzülə uğradı, yaşayış səviyyəsi kəskin aşağı düşdü və nəticədə şəhərlərdə 70–80 min, kənd yerlərində isə 500 min nəfərə yaxın işsiz yarandı.

Azərbaycanda qalıb mühacirət etmək imkanı olmayanlar isə ağır və dözülməz şəraitdə yaşamağa məhkum idilər. 1950-ci ilin sonunda Azərbaycanda yayılmış qarın yatalağı, çiçək və angina kimi xəstəliklər nəticəsində çox sayda uşaq tələf oldu. Çiçək xəstəliyinə tutulanların çoxu həkim və dərman çatışmazlığı üzündən öldü. 1949-cu ildə Azərbaycanda 55 min insan aclıqdan dünyasını dəyişmişdi.

Belə bir şəraitdə İranın fars-millətçi dairələri Azərbaycanla məğlub bir ölkə, azərbaycanlılarla isə məğlub bir millət kimi rəftar etməyə, azərbaycanlılara qarşı soyqırımı aktını mədəni sahələrdə daha geniş miqyasda həyata keçirməyə başladılar. Çox sərt bir qaydada Azərbaycan dilindən istifadə məhdudlaşdırıldı. Azərbaycan dilində çıxmış kitablar yığılaraq tonqallarda yandırıldı.

Azərbaycanlılara qarşı bu soyqırımı aktı 1978-1979-cu illər İran inqilabına qədər şah rejimi tərəfindən planlı şəkildə, elmi-nəzəri əsaslarda dövlət səviyyəsində həm iqtisadi, həm mədəni və həm də milli-mənəvi dəyərlərin formalaşıb meydana gələ biləcəyi bütün sahələrdə həyata keçirildi. Nəticədə Azərbaycanın iqtisadi durumu, mədəni durumu İranın digər yerlərinə nisbətən əsaslı surətdə inkişafdan qaldı. İnqilabdan sonra hakimiyyətə gəlmiş dini rejim də eyni siyasəti bugünədək davam etdirir.

Hazırladı:

Tahir AYDINOĞLU

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK