Tarixən, otaylı-butaylı xalqımız öz məişətini, təsərrüfat həyatını, əkin-biçinini həmişə ilin fəsilləri üzərində nizamlamışdır. Müdrik babalarımız bu və ya digər hazırlıqlarla, təşkil edilən məclislərlə fəsilləri həm də məxsusi bayram və ayinlərlə fərqləndirmişlər. Qışın gəlişi, fəslin sərt keçib-keçməməsi, qarlı günlərdə təsərrüfatının necə idarə olunacağı xalqın məişətində qayğıya çevrilərək bu aylara hazırlığın xüsusi mərasimlərini formalaşdırmışdır. Belə mərasimlərdən biri də “Çillə gecəsi” törənləridir.
Hələ ən qədim zamanlardan bəri xalq öz sağlamlığını, təsərrüfatını sərt qışdan və soyuqdan qorumaq üçün ərzaq, yeyəcək və s. baxımından qabaqlayıcı tədbirlər gördüyü kimi, özünün ruh yüksəkliyi, daxili enerjisini də mövsümün gətirəcəyi çətinliklərə uyğun qurmuşdur. Nəticədə, qışı qarşılamaq, qar-yağışdan qorunmaq üçün xalq arasında mərasimlər təşkil olunmuş və bu törənlərdə elliklə yaza çıxma, istilik arzulanma ilə bağlı müəyyən ayinlər həyata keçirilmişdir.
Qeyd edək ki, ”çillə” sözünün mənası müxtəlif ədəbiyyat və lüğətlərdə fərqli mənalarda izah olunmaqdadır. Bir çox mənbələrdə “çillə” farscanın “qırx” – “çəhl” sözü ilə əlaqələndirilir ki, bu kontekstdə dərvişlərin dini ayinə uyğun 40 gün müddətində ibadət və pəhriz saxlamaqla mənəvi sıxıntıdan qurtarmaları “çiləsi dolma” anlamını ifadə etməkdədir. Çillə sözü xalq məişətində “çiləyə düşüb”, “çiləsini çəkir”, “çiləsini kəsmək”, “çilədən çıxarmaq” və s. mənalarında da geniş işləklik qazanmışdır.
Məişətimizdə, həmçinin, gənc qız və oğlanların, gəlinlərin çiləyə düşməsi və onların bundan azad olunması üçün ovsunlar üzərində qurulan ayrıca ayin-davranışlar mövcuddur. Bütün hallarda “çillə” sözü çətinlik, qaranlıq, ağırlıq, yük və s. mənalarını ifadə etməkdədir. Çillənin qış mərasimləri sırasında xüsusi törənlə qeyd edilməsi, mövsümi çətinliklərin göz altına alınması, qaranlıq, soyuq, qışdan sağ-salamat qurtulmaq istəyinə bağlıdır.
Qış günlərini əhatə edən çillələr bu baxımdan xalqın qış-soyuqla, məcazi mənada qaranlıqla mübarizəsi, işıq və istiliyi qazanması inancından qaynaqlanmaqdadır. Mütəxəssislər bildirirlər ki, əski türklər çillənin ilk gününü bayram edirmişlər. İndi də çuvaşlar, başqırdlar və tatarlar həmin günü bayram edirlər. Tatarlar bu bayrama “Kuyaş tuva” (”Günəş doğan”), başqırdlar “Nar doqan” və ya “Mar doğan”, çuvaşlar “Nar tavan” və ya “Nar tökən” deyirlər. Onlarda da çillə ağırlıq, uğursuzluq, qaranlıq sayılaraq qurtulma günündə şadlıq edirlər. Çillə sözü soryani dilində “Yelda”, assur dilində “bet yelda” kimi işlədilir. İkisi də “doğuş” (günün doğması, işığın qaranlığı basması, qaranlığın yox olması) anlamını daşıyır”.
“Çillə”lər xalq məişətində ilin gün bölümlərinə görə, aylar üzrə fərqləndirilir. “Böyük çillə”, “Kiçik çillə”, “Çar-çar”, “Çillə gecəsi”, “Xıdır”, “Qarı küləyi” və s. adlandırılan bu günlər təqvimdə qış aylarının müxtəlif günlərinə aid edilir. “Böyük çillə” (21 dekabr-29 yanvar) “Çillə gecəsi”nin sabahından başlanan 40 gün, “Çar-car” Böyük çillənin son iki günü, Çillə gecəsi Azər ayının son gecəsi, “Xıdır” Böyük çillənin qurtarıb, Kiçik çillənin başladığı ilk gecə, Kiçik çillə (29 yanvar – 18 fevral) Kiçik çillədən sonra gələn ilk gecə
və s. olmaqla xalq məişətində saylı tarixlərlə qeydə alınmışdır. Ayrıca qışın son ayları xalq məişətində “Ağlar gülən”, “Boz ay”, “Alaçalpo”, “Çilləbeçələr” adlandırılmaqdadır – bu günlər fevral ayının 20-dən mart ayının 20-nə qədər davam etməkdədir.
Təbriz və ətraf yerdə xalq arasında dolaşan əfsanə və rəvayətlərdə Böyük və Kiçik çillə Qoca qarının övladlarıdır. Əfsanəyə görə, Böyük çillə el-obanı dolaşıb qarı, soyuğu sovurub geri dönür, növbə Kiçik çilləyə çatır. O, qardaşından qar, soyuq, rütubət apardığı ellərdə gördüyü işləri soruşur. Kiçik çillə deyir:
– Sən getdin neynədin?
Böyük qardaş deyir:
– Mən getdim dondurdum, üşütdüm, naxoşlatdım gəldim!
Bala qardaş ona lağ edib deyir:
– Mən getsəm qarıları kürəkdən, lüleynləri lüləkdən, gəlinləri biləkdən, körpələri bələkdən elərəm.
Böyük qardaş gülümsünüb deyir:
– Ömrün azdı, qardaş, dalın yazdı, qardaş!
Kiçik çillə də beləcə el-obanı gəzib, öz gücünü göstərir, lakin özü də qarların içərisində itib batır, sonda Qarı nənə oğlunu xilas edib geri qaytarır. Digər bir rəvayətdə isə qeyd edilir ki, Kiçik çillənin başladığı günlərdə leylək gəlib buzlu sulara qonar, donmuş buzları əridərmiş. Bir gün camaat leyləyin yolunu çox gözləyir, amma onu görən olmur. El-oba bir yerə yığışıb qərara gəlirlər ki, gənclərdən birini leyləyi axtarmağa göndərsinlər. Bu camaatın içərisində ağzı dualı, imanlı Səyad babanın oğlu leyləyin arxasınca, onu axtarmaq üçün yola düşür.
Ata-ana övladlarının yolunu çox gözləyirlər, amma ondan bir xəbər olmur. Bir gün ana döşünü yerə dayayıb yatır, səhərisi babaya muştuluğa gəlir ki, yer getdikcə istilənir, deməli, oğlumuz sağdır. Qəhrəman uzun zamandan sonra leyləyi qarlı dağların ətəyində donmuş halda tapır, onu sinəsinə sıxıb qar, uçqundan qoruyaraq kəndə gətirir. Beləliklə, Kiçik çillənin cəhdləri boşa çıxır, insanlar yenidən Günəş, istiliklərinə qovuşurlar.
Təbriz folklorunda qeydə alınan əfsanə və rəvayətlərdən də göründüyü kimi, insanlar Qarı nənənin oğulları, dolayısı ilə qışın sərt üzü ilə mübaizə aparmalı, sonda ona qalib gəlməli olurlar.
Qeyd edək ki, qışın yaradacağı çətinliklər, təsərrüfatın şərt qışdan qorunması bir sıra məişət nəğmələrimizdə də öz ifadəsini tapmışdır:
Böyük çillə gələndə,
Şaxta sümük dələndə,
Yoxsulun canı çıxsın,
Külək qapı döyəndə.
Çillənin hökmü, çətinlikləri xalq bayatılarında həm də yaza qarşı qoyulmaqla bədiiləşdirilmişdir:
Əllərin saza bənzər,
Boyun gülnaza bənzər.
Bir kərə səni görsəm,
Çilləm də yaza bənzər.
Beləliklə, “Çillə gecəsi” ilin ən uzun gecəsi, qışın ilk günü olaraq farscada “Yəlda gecəsi”, “şəbi-yelda” adlandırılmaqdadır. Güney Azərbaycanda “Çillə gecəsi” mərasimləri xüsusi təntənə ilə qeyd edilir. Mərasimə 2-3 gün qalmış evlər təmizlənib, səliqə-sahmana salınar, daha sonra süfrə üçün müxtəlif yeməklər hazırlanar. Süfrəyə quru meyvələr, qovurğa, qarpız, noğul, qatıq və s. qoyulması şərtdir. Xüsusilə, qış üçün əvvəlcədən qarpız tədarükü görülüb saxlanılar, məhz bu gecədə məclisə gətirilərək kəsilib, paylanılır.
“Çillə gecəsi” mərasimlərində qarpız kəsilməsi həm uyğun falların qeydə alınmasına, həm də özünün rəmzi mahiyyətinə görə, ayinləşmədə ayrıca yer tutur. Qarpızın oval şəkli Günəş, üzərindəki zolaqlar Günəş şüaları, qırmızı dilimləri od, toxumları artım törəyiş və s. ifadə etməkdədir. Adət-ənənəyə görə, çillə gecəsi kəsilən qarpızı bütün ailə üzvləri dadmalıdır.
İnanca görə, qarpızın qeyd etdiyimiz mifoloji-rəmzi özəllikləri insanları mövsümün çətinliklərindən qorumaqda fiziki-ruhi möhkəmliyini təmin etmiş olur. Çilləlik adlandırılan mərasimdə isə nişanlı qızlar, yeni ailə quran gənclər Çillə gecəsi mərasimlərinin sabahısı evdə yeyilən meyvələrin tum, qabıqları, xüsusilə qarpız qalıqlarını su üzərindən axıdırlar.
Təbrizdə “Çillə gecəsi” mərasimi adət-ənənləri içərisində bayatı falı tutmaq ənənəsi də qədim adətlər sırasındadır. Qızlar, subay oğlanlar heç kimlə danışmadan, arxaya baxmamaq şərtilə bulaq başına gedib, su gətirər, bir kasaya doldurub fal açardılar. Su dolu kasaya hər bir fal açdıran qızdan bir nişanə–üzük, sancaq, muncuq və s. salınar. Daha sonra kasa başında çillə nəğməsi oxuyan bir nəfər növbə ilə bu əşyaları çıxarıb, sahibinə qaytarar, eləcə də falın açılması müvafiq bayatıların söylənilməsi ilə davam edər:
Ay çillə, çillə qardaş,
Atın qamçıla, qardaş.
Bir gəlib danışmadın,
Qəlbim açıla, qardaş.
Bir qız gördüm biçində,
Sarı sünbül içində.
Burda bir toy olacaq
Gələn ayın içində.
Güney Azərbaycanda “Çillə gecəsi” fallarının digər forması isə 41 təsbeh dənəsinin seçilməsi və onun üzərində oxunan bayatılardan ibarətdir. Əli Hacılının verdiyi məlumata görə, “Qırxbirlik” adlandırılan bu falda 1 – Allahın adı, təkliyi, 40 isə rəqəmin öz müqəddəsliyini ifadə etməkədir. Mərasim xüsusi olaraq kürsü ətrafında əli namazlı, dualı ağbirçək tərəfindən təşkil olunur. Belə ki, təsbehdən 41 dənə ayrılıb gizlin saxlanılar, daha sonra 3 dənə Allah, Məhəmməd, Əlinin adı ilə ayrılar, sonrakı dənələr üzərində sıra ilə bayatı söylənilib fal tutulur.
Hər iki falaçmalar xalq bayatılarının oxunması ilə davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, “El bilimi” dərgisində Savə-Qum şahsevənlərinin maraqlı fal bayatıları toplanılaraq qeydə alınmışdır:
Qızıl üzük ləl qaşı,
Dur gəl, iyidlər başı.
Adın deyə bilmirəm
Xan qəynimin qardaşı.
Mixək əkdim gördülər,
Gülləməmiş dərdilər.
Xoş o qızın halına
Sevdiyinə verdilər.
Mətanət ABBASOVA,
AMEA Folklor İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent