Yaşasın bu ellər, yaşasın Vətən,
Vətənin yolunda siz geyin kəfən.
Zalım binasını kökündən kəsin,
Söyləyir bir-birinə can, ellərimiz
Güney Azərbaycan folklorunun ən zəngin qollarından birini çoxəsrlik tariximizə yoldaşlıq edən, əfsanə, rəvayət, məhəbbət hekayələrindən qaynaqlanan, xalqın keçmişini, mübarizəsini və mücadiləsini bədii boyalarla əks etdirən aşıq ədəbiyyatı təşkil edir. Dili, tarixi, mədəniyyəti, ata-babalardan miras qalan adət-ənənələri zaman-zaman təzyiqlərə məruz qalan xalq tapdandıqca öz milli-mənəvi irsini, çağdaş varlığını saz-söz sənətinin dili ilə yaşatmağa çalışmışdır. Babalarımız kaman, qılınc, tüfəng, top susdurulduğu məqamda sazı dilə gətirmişdir.
Güney ozan-aşıq sənətindən XVI
əsrdə Aşıq Qurbani, XVII əsrdə Aşıq Abbas Tufarqanlı, XVIII yüzillikdə Xəstə Qasım Tikmədaşlının qiymətli irsi Azərbaycan xalq dastançılığının ən zəngin nümunələri sırasındadır. Otaylı aşıqlarının zamana dayanan zəngin yaradıcılığı çağdaş aşıqların (Səlcuq Şəhbazi, Hüseyn Cavan, Əziz Şəhnazi, Dərviş Vahabzadə və s.) simasında uğurla davam və inkişaf edir. Güney dastançılığı hər şeydən əvvəl, ayrı-ayrı aşıq mühitlərinin çoxsaylığında seçilmiş və bu çevrədə məktəblərlə təmsil olunmuşdur.
Təbriz–Qaradağ, Sulduz–Qarapapaq, Zəncan, Urmiya, Xorasan–Türkmənistan, Qaşqay və s. aşıq mühitləri bölgə mədəniyyətində dastanlar, aşıq havaları, geyimlər, çalğı alətləri və s. baxımından fərqlilik qazanmışdır. Müxtəlif türk tayfaları olan əfşarlar, ağqoyunlular, xançobanlılar, qacarlar, kəngərlilər, muğanlılar, qarapapaqlar, ustaclılar və s. dastan mədəniyyətinin forma, struktur, dil faktlarına böyük təsir göstərmişdir.
Tarixdən də bəlli olduğu kimi, aşıqlar öz ustadlarının yanında illərlə bu sənətin sirlərini öyrənmiş, məhz onlarla birlikdə toy məclislərində, el mərasimlərində iştirak edərək sınaqlardan keçmiş, nəhayət, müstəqil aşıqlar kimi repertuar toplamağa başlamışlar. Saza, ustada hörmət türk milli kimliyinə bağlı ustad–şagird münasibətlərində bu günə qədər öz önəmini qoruyub saxlamışdır.
Qıfılbəndlə sınağa çəkilən aşıqlar bir çox dastanlarımızda olduğu kimi, məclislərə ustadlarının adını fəxrlə çəkməklə qatılmış, söz-saz döyüşündə qarşı tərəfə məğlub olarkən sazlarını gözləri üstünə qoyub, baş ucuna qaldırdıqdan sonra meydanı tərk etmişlər. Sazın haqqı, saza olan məhəbbət xalqın qanına, canına işləyərək döyüş meydanlarında al bayraqlarla, ələmlərlə öndə gedərək onların mənəvi, ruhi qidasına çevrilmişdir.
Ayrı-ayrı dastanların yayılması və xalq tərəfindən qiymətləndirilməsində müxtəlif aşıq məclisləri, xüsusilə aşıq qəhvəxanaları, çayxana-draxdinlərin böyük rolu olmuşdur. Güney Azərbaycanda məhz bu mərkəzlər aşıqların birliyində, dastan günlərinin keçirilməsində böyük rol oynamışdır.
Güney dastanlarının böyük bir hissəsini, sözsüz ki, tarixin sınağından keçən, zaman-zaman xalqın üz-üzə gəldiyi ictimai, siyasi bəlalara qarşı dayanan, mübarizə salnaməsini yaşadan qəhrəmanlıq dastanları təşkil etməkdədir. Təkcə
“Koroğlu” dastanının yazıya alındığı Təbriz variantı Azərbaycan Koroğlusunun milli-psixoloji, qəhrəmanlıq dünyasının dəyərlərini özündə birləşdirir. Güney dastanlarının bu gün müxtəlif aşıq mühitlərində sənətkar sazında yaşayan onlarca variantı məhz eyni zəngin qaynağın xalq arasında “səpələnmiş” qollarıdır.
Ardıcıl olaraq “Dədə Qorqud”, “Şah İsmayıl”, “Şikari” kimi orijinal dastan
mətnləri xalq qəhrəmanlığının tarixi yaddaşında qorunub saxlanmaqdadır. “Dədə Qorqud” motivləri Güneydə Aşıq Səlcuq Şəhbazi tərəfindən məlum abidənin müxtəlif qollarının dastanlaşdırılması üzərində qurulmuşdur. Yaxud “Şikari” dastanı uzun illər aşıq repertuarında xalq məclislərində oxunsa da bir çox hissələri unudulmuşdur.
Bu dastan Nəbi Kobatarian (Azəroğlu) tərəfindən bir araya gətirilmiş, tam 55 saat müddətində dinlənilərək səsli fayllardan götürülmüşdür. Dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeydə alınmışdır. Bu dastanlar xalqın qəhrəmanlıq salnaməsinin ayrılmaz bir qoludur. Namərdə boyun əyməmək, aciz düşməni bağışlamaq, basdığını kəsməmək, haqsızlığa göz yummamaq, elə xəyanət edəni, namərdi cəzalandırmaq bu dastanların ideya-məzmununda ayrıca bir dəyər təşkil edir.
Qəhrəmanlıq dastanları kimi, məhəbbət dastanları da Güney dastançılığının inciləri sırasındadır. “Qərib və Şahsənəm”, “Əsli və Kərəm”, “Seyidi”, “Əlişah”, “Qurbani”, “Kəlbi”, “Əsəd və Səltənət”, “Aşıq Leysan”, “Yadigar və Gülabatın”, “Dililqar və Məhcamal”, “Nəcəf”, “Bəy Aslan və Hüsnüpəri” və s. dastanlar öz sevgisindən güc alan, buta verilən sevdalıların əzab və əziyyətlərdən keçən, əfsanələşən nağıllar üzərində qurulmuşdur. İstər qəhrəmanlıq, istərsə də məhəbbət dastanlarımızda “Kitabi-Dədə Qorqud” dastanları ilə sələşən motiv və formullar başlıca yer tutur. Qəhrəmanın doğuluşu, ad qazanması, döyüşü, yalanın ifşası, sevgililərin görüşü, nişanlanma, yuxu və s. formullar bilavasitə ən qədim əbədi abidəmiz “Kitabi-Dədə Qorqud”un dünyasından qaynaqlanır.
Güney dastançılığından danışarkən aşıq havaları, musiqisi və şeir şəkillərinin məzmunu da ayrıca qeyd olunmalıdır. Ustad aşıqların baş pərdədə (“Qurbəti”, “Baş Sarıtel”, “Dəmir gözəlləməsi”, “Qəmərcanı”, “Dilqəmi”), açıq kökdə (“Bayramı”, “Şəhbazi gəraylısı”), şah pərdə kökündə (“Baş divani”, “Xan çobanı”, “Heydəri”, “Qara Kərəmi”), ruhani pərdəsində (“Şah Xətaisi”, “Təbriz nisgili”, “Qaradağ təcnisi”) ifa edilən havaları həm də ozan sənətimizin səs-musiqi dünyasının əvəzolunmaz inciləridir.
Aşıq havalarının xalq mərasimlərində, ayrı-ayrı aşıqların yaradıcılığında cilalanması sonrakı mərhələdə əsas havalara qoşulan daha mükəmməl nümunələr yaratmışdır. “Kərəm” havası bu baxımdan həm də “Yorğun Kərəm”, “Çığalı Kərəm”, “Hicran Kərəmi”, “Kərəm ağrısı”, “Kərəm divanisi”, “Kərəm zarıncısı”, “Kərəmi”, “Zəncirli Kərəm” və s. aşıq musiqisinin zənginliyində formalaşmışdır. Bütün hallarda aşıqların sazında yaranan, yaşayan bu havalar tarixə qovuşan şaman davullarının sehrindən, mistik akustikasından yol alaraq yeni dövrdə öz müqəddəsliyini bərpa etməkdədir.
Bu gün Güney Azərbaycan dastançılığının ən qədim nümunələri Aşıq Rəsul Qurbani, Aşıq Mustafa Abbasi, Aşıq Dərviş Vahabzadə, Aşıq İsməli Lütfi, Aşıq Heydər, Aşıq Rəsul Qurbani, Aşıq Oruc Nacivənd, Aşıq Hüseyn Təbrizi və s. kimi aşıqların repertuarında qorunub saxlanmaqdadır. Xalqın tarixini, keçmişini, mədəniyyətini dastanlara köçürən bu el sənətkarları bu gün yüzlərcə xalq dastanını ustadlardan miras götürüb repertuarlarında yaşatmaqla, yaddaşlara həkk etməklə yanaşı, şeirləri, aşıq rəvayətləri, hikmətli sözləri, nağılları ilə haqsızlığa qarşı öz səslərini ucaltmışlar. Əvvəldə verdiyimiz və ardını aşağıda təqdim etdiyimiz dastan qoşması bu həqiqətin sübutu kimi səslənir:
Eşitsin ölkələr, obalar, ellər,
Birləşsin ölkədə can ellərimiz.
Əgər istəsələr xoşbəxt olalar,
Bir-birinə desin can, ellərimiz.
Getsin aramızdan qeyz, ədavət,
Ədavət yerinə olsun səxavət.
Ərəb Zəngi də deyir “məhəbbət”,
Daha tökülməsin qan ellərimiz.
Səadət ABBASOVA,
“Tərəqqi” Humanitar Liseyinin müəllimi