Güney folkloru: Ümumxalq bədii düşüncəsi

by Samir Asadli

Gneyfolklor19dekAMEA Folklor İnstitutu­nun nəşr etdirdi­yi “Güney Azərbaycan folkloru” çoxcildliyi Vətənimizin o tayında əsrlər boyu ərsəyə gəlmiş zəngin xalq ədəbiyyatının bir araya gəti­rilməsi, müxtəlif tarixi-ictimai pro­seslər kontekstində bu şifahi ya­radıcılığın inkişaf istiqamətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Güneyli həmkarlarımızdan Məmmədəli Qövsi Fərzanə və Behruz Həqqi kimi fədakar ziyalılarımızın könül­lü əməkdaşlığı, o tayda ziyalı qrupunun bilavasitə fəaliyyəti nəticəsində folklor nümunələri “Xudafərin“ və “El bilimi” dər­gilərinin səhifələrinə çıxarılmışdı. Bu isə Güney folklorunun öyrənilməsi işində bizim üçün əsaslı şərait yaratdı və hə­min materiallar çoxcildliyin ilk kitablarına daxil edildi.

Yeri gəlmişkən xatırladaq ki, güney folklorunun toplanıb çap edilməsində mərhum həkim-türkoloq, doktor Cavad Heyətin redaktorluğu ilə 1979-cu ilin ap­relində ilk nömrəsi işıq üzü görmüş “Var­lıq” jurnalının da samballı rolu olmuşdur. Elmi-ədəbi toplu olaraq jurnal öz səhifələ­rində klassik irs, türkologiya, çağdaş ədə­biyyat məsələləri ilə yanaşı, Azərbaycan folkloru nümunələri, onların toplama va­riantlarının nəşri, tədqiqi məsələlərini də işıqlandırmışdır.

“Güney Azərbaycan folkloru” seri­yasının IV cildi isə məhz “Xudafərin” jurnalının təsisçisi doktor Hüseyn Şərqi­dərəcək və əməkdaşlarının topladıqları materiallar, cənub folkloruna aid kitablar­dan transliterasiyalar əsasında hazırla­naraq dərc olundu. Qeyd olunan dərgilər bilavasitə folklor örnəklərinin toplanması və nəşri məsələləri ilə bağlı olduğundan daha əhəmiyyətli bir mənbəyə çevril­mişdir. Kitabda nağıl, inanclar, bayatılar, alqışlar və deyimlərin əksəriyyəti yuxa­rıda adı çəkilən jurnal səhifələrindən toplanılaraq transliterasiya edilmişdir. Jurnalların bizim işimiz üçün elmi-mənəvi tərəfdən ikinci bir üstünlüyü folklor nü­munələrinin söyləyicilər haqqında məlu­matlarla birlikdə təqdim edilməsindədir.

Ayrı-ayrı folklor nümunələrinin xalq arasından toplanması işinin sürətlən­dirilməsi istiqamətində AMEA Folklor İnstitutu tərəfindən konkret bölgə mate­rialları–Təbriz folklor örnəkləri də işlənib hazırlandı. Yeni toplama və tərtibdə ha­zırlanan kitablarda söyləyicilər haqqında ilkin pasportlaşdırılma aparıldı və gü­neydə nəşr olunan folklora aid kitabların da qaynaqları bu örnəklərə əlavə edildi. Təqdim olunan V cildimiz də müxtəlif yazılı mənbələrdən folklor materialları­nın seçilərək transliterasiya olunması və konkret informatorlardan yazıya alınaraq bir araya gətirilən toplama işinin nəticə­sidir. Folklor örnəkləri əsasən Təbriz, Miyana, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və s. bölgə materiallarını əhatə edir.

Kitabda qeydə alınan örnəklərin ək­səriyyəti jurnal əməkdaşlarının Güneyin ayrı-ayrı bölgələrinə ekspedisiyası za­manı yazıya aldıqları materiallara əsas­lanır. Belə ki, Təbriz, Miyana, Xoy və. s.ətrafından toplanan bu nümunələr paspotrlaşdırılmış, bölgələrin dialekt, şivə xüsusiyyətləri mümkün dərəcədə qorunmuşdur. Bizə təqdim olunan folklor örnəklərində bu xüsusda diqqət çəkən maraqlı toplam nümunələrindən biri təb­rizli Susən xanım Nəvadeyi Rəzinin ana­sı İsmət xanımdan qələmə aldığı folklor örnəkləridir. Pasportlaşmada İsmət xanı­mın məşhur maarifpərvər Hacı Məmməd ağa və Hacı Hüseyn ağa Naxçivaninin bacısı qızı olması haqqında məlumat ve­rilir. Onun 1907-ci ildə Təbrizdə anadan olması və 1982-ci ildə dünyasını dəyiş­məsi qeyd olunur.

Əldə olunan materialın özəlliyi ondan ibarətdir ki, “Ənnəmlə mən” başlığı ilə təqdim və dərc olunan nümunə bioqrafik, xatiratalar şəklində ana ilə qızın dialoqu üzərində qurularaq qələmə alınmışdır. Ana qızına öyüd verərək şirin bir ləhcə ilə atalar sözlərini izah edə-edə belə danışır: “Bala! Evin sözü də olar, bezi də. Yanı həyat çelişkilərdən (təzadlardan) oluşur, xoşluq da olar, naxoşluq da, şadlıq da olar, qəm də. Dava-dalaş da olar, barış da. Hamısına qabı olmalıdır insanın. Ev­lər ayrıdi, sözlər birdi. Yanı hamı evlərdə həyat, yaxşıdan-pisdən axıb keçir, sözləri içəri salıb kimsəyə deməyib gizlətməklə bir yerə varılmaz. Bütün evlərdə çətinlik­lər var, çətinliklər bir-birinə bənzər. Kişi saman çöpü olsun, duvara yapışsın! Yanı Allah heç evi kişisiz eləməsin, hətta ba­şaracaqsız və vecəgəlməz olsa da, yenə oldusu olmadısından yeydir”.

İsmət xanımın qızı ilə söhbətlərində tez-tez işlətdiyi atalar sözləri, danışdığı nağıllar, türkəçarələr, xalq oyunları, tap­macalar və.s haqqında məlumatlar bütöv folklor materialı kimi mətnlərdən seçilərək toplama materialları sırasına salınmışdır. “Qarı nənə”, ”Pıspıslı Püstə xanım”, ”Nar­bənazik və Nazikbənazik” və s. nağıllar, xalq deyimləri, türkəçarələr, lətifələr və s. örnəklərin əksəriyyəti məhz İsmət ananın söylədiyi mətnlərə əsaslanır.

İnformatorlar, qaynaqlarla bağlı xüsu­si olaraq görülən işlərdən biri də güneyli söyləyicilərlə birbaşa ünsiyyətin qurulma­sı və onların dilindən folklor örnəklərinin yazıya alınmasıdır. Azərbaycan ailələrinə qonaq qismində gələn, eləcə də yaxın qohumlarını ziyarət edən bir çox güneyli söyləyicilərlə əlaqə yaradıb, görüşdük. Bunlardan biri və bizim işimizə yaxın­dan kömək edən Maral ana olmuşdur. Bu baxımdan kitabda toplanan bayatı­ların əksəriyyəti urmiyalı, 82 yaşlı Maral Pourxalilin dilindən qələmə alınmışdır. Qeyd edək ki, yaşlı olmasına baxmaya­raq Maral nənə qədim bayatılarımızın bir coxunu öz hafizəsində qoruyub saxlaya bilmişdir.

Güney folklorunun toplanması işində diqqətimizi çəkən mühüm məqamlardan biri yerli rəvayətlərə qoşulan bayatıla­rın daha sıx yayılması faktıdır. Toplama zamanı aşağıdakı bayatı mətni özünün çoxsaylı variantları ilə daha çox qeydə alınmışdır:

Mən aşiq kəmanə çalar,

Qaşın kəmanə çalar.

Qızıla çalmayan canım

İndi səmanə çalar.

Kitabda Təbriz, Miyana, Ərdəbil əra­zilərindən toplanan xalq oyunlarına da geniş yer verilmişdir. Digər geniş yayıl­mış oyun növləri sırasına ana və körpə uşaq arasında yaranan ilkin oyunlar da əlavə olunmuşdur. “Barmaq”, “Pişdə, piş­də, pişdə…” və s. oyunlar yaranması və oyun mexanizminin tarixiliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Toplama işində bir çox hallarda say üstünlüyü baxımından nağıllar xüsusilə seçilir. “Güney Azərbayacan folkloru”nun digər seriyalarında olduğu kimi, təqdim olunan kitabda da nağıllara ayrıca yer verilmişdir.

Güney folklorunun zəngin ümumtürk tarixi qaynağının öyrənilməsi imkan ve­rir ki, bu gün milli folklor normativliyinin kulturoloji, regional xüsusiyyətlərdə qo­runması və inkişaf perspektivi, onun et­nik-estetik bütövlüyü müəyyən olunsun. Bu baxımdan Güney Azərbaycan folk­lorunun toplanılması, onun zəngin irsi­nin üzə çıxarılması görüləcək işlərimizin davamlılığı və məsuliyyətinə daha çox bağlıdır.

Mətanət ABBASOVA,
filologiya üzrə fəlsəfə doktoru

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK