Güney Azərbaycan ərazisində yaranmış və yayılmış zəngin xalq yaradıcılığı nümunələri XIX əsrdən başlayaraq Rusiya və Avropa tədqiqatçılarının da diqqətini cəlb etmişdir. Bu sahədə milliyyətcə karaim türkü olan şərqşünas Hacı Seraya Şapşal XX əsrin əvvəllərində İranda Qacar sarayı ilə əməkdaşlıq zamanı milli folklorumuzla da ciddi maraqlanmış, soydaşlarımızın yaşadığı ərazilərdən xeyli şifahi material toplamışdır. Alim həmin folklor nümunələrinin qoruyub saxlaya bildiyi hissəsini sonralar polyak dilində nəşr etdirmişdir.
Hacı Seraya Şapşalın Qacar sarayı ilə diplomatik əlaqələrini və Güney folklorunun toplanması ilə bağlı xeyirxah fəaliyyətini ilk dəfə Azərbaycan oxucusuna müfəssəl çatdıran ədəbiyyatşünas-diplomat, professor Vilayət Quliyev bildirir: “Həyat yolunun mürəkkəb və keşməkeşli səciyyəsinə, bəzən xeyrə, təəssüf ki, bir sıra hallarda isə şərə eyni dərəcədə ürəkdən və şövqlə xidmət etməsi baxımından XX əsr Cənubi Azərbaycan tarixi ilə qırılmaz tellərlə bağlı olan Şapşal (1873-1961) ziddiyyətli şəxsiyyət idi”. Alim göstərir ki, Hacı Seraya Şapşal (rus mənbələrində Sergey Markoviç Şapşal) milliyyətcə karaim (karay türkü) idi. O, iudaizmin bir təmayülünə iman gətirsə də, özünü yəhudi yox, türk sayırdı.
Bağçasaray yaxınlığındakı Öysünköy adlı karaim kəndində, bağban ailəsində doğulmuş Şapşal ilk təhsilini Bağçasaray və Ağməsciddəki (Simferopol) karaim mədrəsəsində almışdır. 1884-cü ildə atası rus dilini öyrənib dünyəvi elmlərə yiyələnmək məqsədi ilə onu Peterburqa göndərmişdir. Seraya burada Qureviçin məşhur gimnaziyasını bitirmişdir.
1894-cü ildə Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olan Şapşal ərəb, fars və türk dillərini öyrənmişdir. Tələbəlik illərində diplomatik fəaliyyətə maraq göstərən gənc karaim Peterburqdakı şərqli diplomatların diqqətini cəlb etmişdir. Qacar diplomatları ilə qurduğu əlaqələr onun 1901-ci ilin yanvarında Təbrizə ezam olunmasına yol açmışdı. O zaman vəliəhd, tezlikə şah olacaq Məhəmməd Əli (1872-1925) Azərbaycan valisi kimi bu şəhərdə yaşayırdı. Vəliəhd Rusiya ilə sıx əlaqə qurmaq üçün rus dilini öyrənmək fikrinə düşəndə İranın Rusiyadakı səfiri Mirzə Rza xan Arfauddövlə ona rus dili müəllimi tapmaq tapşırığı almışdı. Səfir isə yaxşı tanıdığı Şapşalla danışmış, o, tezliklə Təbrizə yola düşmüşdü.
Professor Vilayət Quliyev tədqiqatından məlum olur ki, Təbrizdə əvvəlcə Şapşalla birilliyə müqavilə bağlanmışdı. Qısa müddətdə Şapşal vəliəhdin rəğbətini qazanmış, il başa çatmamış onunla üçillik, sonra isə onillik müqavilə imzalanmışdır. 1907-ci ildə Müzəffəddin şahın ölümü ilə hakimiyyət Məhəmməd Əliyə keçmişdi. Vəliəhdlə birlikdə Təbrizdən paytaxt Tehrana gələn Şapşal burada dərhal general-adyutant rütbəsi ilə saray naziri təyin olunmuşdur. Məhəmməd Əli şah hökmdar kimi imzaladığı ilk fərmanla dostuna fəxri “Ədib-üs-Sultan” (“Hökmdarın müəllimi”) titulu vermişdi, o, faktiki olaraq şah ailəsinin tamhüquqlu üzvünə çevrilmişdir.
1908-ci ilin yayında, hökumətlə məşturəçilər arasında qarşıdurmanın şiddətləndiyi dövrdə Qacar ağsaqqalları şahdan 6 nəfərin saraydan uzaqlaşdırılmasını tələb etmişdilər və onların sırasında Şapşalın da adı olmuşdur. Qacar sarayından uzaqlaşdırılan Şapşal Bakıdan keçib Rusiyaya – Sankt-Peterburqa qayıtmışdır. Sonrakı illərdə Şapşal Rusiya və Polşa karaimlərinin dini-siyasi lideri olmuşdur.
Polşada səfir olarkən karaim şərqşünasın həyat və fəaliyyətini dərindən öyrənmiş Vilayət Quliyev qeyd edir ki, Seraya Şapşal Təbrizdə yaşadığı illərdə adını bu gün də minnətdarlıq hissi ilə yaşadan bir mənəvi zənginlik yaratmış, Azərbaycan türklərinin söz sənətindən nümunələri toplayıb tədqiq etmişdir.
Seraya Şapşal məşrutə inqilabına düşməni olsa da, Vilayət Quliyev azərbaycanlıların mənəvi həyatına göstərdiyi marağa görə ondan “azərbaycanşünas” olaraq ayrıca bəhs edir: “Belə düşünməyə əsas verən qaynaqlardan biri alimin 1935-ci ildə Polşa Elmlər Akademiyası xətti ilə Krakovda, məşhur Yagellon Universiteti nəşriyyatında çap etdirdiyi “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatı nümunələri” kitabıdır. Əsərdə toplanan zəngin filoloji-linqvistik materiallar göstərir ki, Qacarlar səltənətində yaşadığı illərdə Şapşal təkcə siyasi intriqalarla… məşğul olmamış, eyni zamanda… arasında yaşadığı, xoş münasibət və qonaqpərvərliyini gördüyü xalqın dilinə, ədəbiyyatına təmənnasız xidmətlə də məşğul olmuşdu”.
Alimin təqdimatından aydın olur ki, “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatı nümunələri” kitabının əsasını Şapşalın Təbrizdə, habelə Cənubi Azərbaycanın digər mahal və kəndlərində yerli azərbaycanlı-türk əhalinin dilindən yazıya aldığı folklor materialları–nağıllar, lətifələr, tapmacalar, atalar sözləri, zərb-məsəllər, eləcə də poetik parçalar– təsniflər, gəraylılar, bayatılar və s. təşkil edir. Cənub türkcəsinin dialekt xüsusiyyətləri qorunmaqla mətnlər S.Şapşalın özü və həmkarı – karaim əsilli türkoloq A.Zayançkovski tərəfindən polyakcaya tərcümə edilmişdir. Bu “Nümunələr” Güney Azərbaycan folklorunun polyak dilində ilk yığcam antologiyası sayılır. Müəllif Cənubi Azərbaycanda yaşadığı illər ərzində topladığı şifahi xalq ədəbiyyatı örnəklərinin mühüm bir qisminin fasiləsiz yerdəyişmələri zamanı itirildiyini də təəssüf hissi ilə qeyd etmişdir.
Seraya Şapşalın əhatəli giriş məqaləsi ilə açılan kitaba karaimşünas alim T.Kovalskinin hazırladığı azərbaycanca–polyakca–almanca lüğət də əlavə olunmuşdur. Şapşal və yardımçıları dövrün imkanları və elmi səviyyəsi daxilində kifayət qədər elmi, akademik nəşr hazırlamağa, zəngin folklorumuzun Güney qolunu Avropada tanıtmağa çalışmışdılar.
Şapşal kitabın əvvəlində yazmışdır: “Altı il İran Azərbaycanının paytaxtı Təbriz şəhərində yaşadığım və ölkənin, demək olar ki, hər yerini gəzib-dolaşdığım üçün bu yerlərin əhalisinin dilini mümkün qədər dəqiq və incəliklərinə qədər öyrənməyə çalışdım. Eyni zamanda, İran Azərbaycanı türklərinin folklor və dialektologiyasını tədqiq etmək üçün çoxlu materiallar topladım. Düşünürəm ki, onların elmi fikrə açıqlanması yolu ilə V.V.Radlovun məşhur “Türk tayfalarının xalq ədəbiyyatı nümunələri” kitabında Azərbaycanın tamamilə diqqətdən qaçırılması ilə bağlı yaranmış boşluğu qismən də olsa, doldurmaq mümkün olacaq”.
Karaim tədqiqatçı daha sonra azərbaycanşünaslığın folklor və linqvistik cəhətdən araşdırılması ilə bağlı XX yüzilliyin əvvəllərində Qərbdə bir sıra təşəbbüslərin olduğunu bildirmiş, fikrini əsaslandırmaq üçün alman şərqşünası K.Foyun və məşhur macar səyyahı H.Vamberinin əsərlərinə müraciət etmişdir. Azərbaycan türkcəsi və folklorunun özünəməxsus keyfiyyətlərini əks etdirən çağdaş tədqiqatlar sırasında Şapşal H.Ritterin, O.Şatskayanın, Əhməd Cəfəroğlunun və Ceyhun Hacıbəylinin ötən əsrin 20-30-cu illərində Berlin və Paris kimi Avropa paytaxtlarında meydana çıxan araşdırmalarına da diqqət yetirmişdir.
Cənubi Azərbaycan xalq ədəbiyyatı nümunələrinə dair əsərində Şapşal Firudin bəy Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” və “Azərbaycan ədəbiyyatı tarixinə dair materiallar”, Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər”, “İsmayıl Hikmətin ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” və s. elmi araşdırmalardan da faydalanmışdır. Sonuncu üç əsərin Şimali Azərbaycanda meydana çıxdığına və bu bölgədə yaranan ədəbi nümunələrin tədqiqinə həsr olunduğuna diqqəti çəkən S.Şapşal “İran Azərbaycanı türklərinin folklor irsinin bu ölkənin dili və ədəbiyyatı haqda mövcud təsəvvürləri daha da genişləndirəcəyinə” ümid bəslədiyini bildirmişdir.
Kitaba 1903-1905-ci illər arasında azərbaycanlı-türk əhalidən ibarət Təbriz, Urmiya, Marağa, Ərdəbil, Sərab, Culfa, Miyanə, Zəncan kimi şəhərlərdə, habelə Təbriz yaxınlığındakı kənd və qəsəbələrdə yerli sakinlərin dilindən yazıya alınmış nağıllar, tapmacalar, atalar sözləri, məsəllər, bayatılar, gəraylılar, xalq mahnıları daxil edilmişdir. Yalnız bir neçə folklor nümunəsi 1928-ci ildən gec olmayaraq Rusiyada və Türkiyədə, Cənubdan olan azərbaycanlıların dilindən yazılmışdır.
Toplunun polyak və qismən də Avropa oxucusuna ünvanlandığını nəzərə alan S.Şapşal folklor nümunələrinin hər biri haqqında qısa məlumat vermiş, onların fərqli poetik-üslubi cəhətlərini göstərmişdir. Müəllif xalis türk ruhu ilə seçilən Azərbaycan nağıllarının ənənəvi “Biri var idi, biri yox idi…” sözləri ilə başlandığını, sonluğun isə “Göydən üç alma düşdü…” şəklində olmasını da nəzərdən qaçırmamışdır. S.Şapşalın Azərbaycan nağıllarındakı Şah Abbas ilə “Min bir gecə”dəki xəlifə Harun ər-Rəşid arasında apardığı müqayisələr də maraq doğurur. Bayatıların Bayat, varsağıların Varsaq tayfasının adı ilə bağlılığı məsələsində Əhməd Cəfəroğlunun fikirləri ilə razılaşan S.Şapşal Azərbaycan poetik folklorunun geniş yayılmış başqa bir nümunəsinin – gəraylıların Krım yarımadasındakı türk əsilli xan sülaləsi – Gireylərlə əlaqəsi haqqında kifayət qədər əsaslandırılmayan ehtimal da irəli sürmüşdü.
Həyatının bir neçə ilini Azərbaycanın cənubunda keçirmiş Şapşalın ölkəmiz və xalqımızla bağlı fəaliyyətini Vilayət Quliyev iki mərhələyə bölür: “Birinci mərhələdə o, daha çox siyasətlə məşğul olmuş, təmsil etdiyi rus sarayının maraqlarını və şəxsi mənfəətini güdmüşdür. Lakin daim Qacar sarayında və ölkə həyatında cərəyan edən intriqaların mərkəzində dayansa da, filoloji araşdırmalarından da kənarda qalmamış, Cənubi Azərbaycanda özünün bir sıra gələcək kitab və məqalələri üçün material toplamışdır. İkinci mərhələdə isə Azərbaycandan uzaqda olmasına rəğmən, S.Şapşal bir vaxtlar arasında yaşadığı, yaxın təmas qurduğu xalqın dilinə və folkloruna elmi münasibətini ortaya qoymuşdu. İllər sonra söz sənətimizin, xalq ədəbiyyatımızın tədqiq və təbliğinə kiçik də olsa, töhfəsini verməyə çalışmışdı”.
Şübhəsiz, İranda fars şovinizminin gücləndiyi, Pəhləvi rejiminin hər vasitə ilə ölkənin tarixini türk izlərindən təmizləməyə, yerli türklərin, guya, monqol-tatar fütuhatı nəticəsində dilini dəyişən farslar olduğunu sübuta çalışdığı dövrdə S.Şapşalın Avropanın mühüm elm mərkəzlərindən birində Cənubi Azərbaycanla bağlı belə bir əsər çap etdirməsi önəmli bir mədəni hadisə olmuşdur.
Hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”