Güney həsrətlisi və ümidlər şairi Balaş Azəroğlu

by Samir Asadli

Balaş AzəroğluSon illərdə Təbrizə, Ərdə-bilə aparan yollara, cığırlara, az da olsa, işıq düşüb, izlər salınıb. Bu cığırlar ellikcə qovuşmağa qadir olmasa da, ruhumuza, ümidlərimizə ilk qaranquşlarının qanadları ilə sığal çəkməyə başlayıb.

On illər boyu ot basmış cığırların içində bir Azəroğlu çığırı da var. Güneyə həsrət şairin o cığırın bu başında yarım əsr Ərdəbilə, Təbriz səmtə baxmaqdan gözləri saralıb–sozalmışdı. İki əsrə yaxın bir müddətdə bir-birindən amansız sərhəd xəttilə ayrılmış Güney və Quzey Azərbaycanın xalqı və bu vahid xalqın mənəviyyatı, dili, ədəbiyyatı həmişə bir olmuşdur. Bu baxımdan gənclik illərini Ərdəbildə yaşamış, Cənubi Azərbaycanın milli azadlıq hərəkatının fəal iştirakçısı olmuş Azərbaycanın xalq şairi Balaş Azəroğlu güneyli-quzeyli ədəbiyyatımızın görməkli çağdaş nümayəndəsidir.

Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgini də o yaratmışdır. İlk mətbu şeiri “Dnepr” 1937-ci ildə “Pioner” jurnalında Bakıda çapdan çıxmışdır. Böyük yolun başlanğıcında ilk kövrək, utancaq addımlarını şair özü “Addımlar” adlandıraraq yazmışdır:

Sənət meydanına qədəm qoyuram,

Qoy sözüm güc alsın elimdən mənim.

Nə qədər çətindir, bunu duyuram,

A dostlar, tutunuz
qolumdan mənim!

Bu şeirdəki ictimai motivlər, vətən torpağına, doğma el-obaya bağlılıq hissləri və bunların bədii səviyyədə ifadəsi istedadlı, vətənpərvər və mübariz bir şairdən xəbər verirdi.

Balaş Azəroğlu 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. O burada milli azadlıq hərəkatına qoşulur. 1942-ci ildə İran Xalq Partiyasına daxil olur. Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynayır. Balaş Azəroğlunun Cənubi Azərbaycanda ədəbi-siyasi fəaliyyətə başladığı illər çox keşməkeşli, ziddiyyətli, tarixi hadisələrlə zəngin olan bir dövrə təsadüf edir. Gənc mübariz “Azərbaycan zidd faşist cəmiyyəti”nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir. Bu cəmiyyətin orqanı “Yumruq” qəzetinin redaktoru olur.

Vətənpərvər şair Təbrizdə nəşr edilən “Vətən yolunda” qəzeti redaksiyasının müsabiqəsində “Səttarxan” şeirinə görə mükafata layiq görülür. Təbrizdə Milli hökumət qurulanda isə Balaş Azəroğlu Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunur. Sonra isə “Yazıçılar və şairlər cəmiyyəti”nin idarə heyətinin üzvü seçilir.

Balaş Azəroğlunun ilk şeir kitabları Ərdəbildə və Təbrizdə (1943, 1945) nəşr olunmuşdur. Milli hökumətin süqutundan sonra Bakıda məskunlaşan demokrat şair ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Eyni zamanda, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. Şair-
ədəbiyyatşünas AMEA Nizami adına Ədəbiyyat İnstitutunun orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi işləmişdir (1963–1982). Sonrakı illərdə o, Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsində çalışmış, qurumun Ağsaqqallar Şurasının üzvü olmuşdur.

Otaylı-butaylı ədəbiyyatımızın görkəmli nümayəndəsi Balaş Azəroğlu ədəbi-mədəni xidmətlərinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. 17 mart 1997-ci ildə o, müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülmüşdür. Müdrik xalq şairimiz 24 aprel 2011-ci ildə Güney həsrəti ilə əbədiyyətə qovuşmuşdur.

Xalq şairi Balaş Azəroğlu gözəl lirik şeirlərin, bənzərsiz poemaların müəllifidir. “Sinəm Savalan dağıdır”, – deyən Balaş Azəroğlunun yaradıcılığında Cənub ağrısı, Vətən həsrəti daim oxuculara da sirayət edib, onları düşündürüb. Ölməz şeirləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə bütöv Azərbaycanın möhtəşəm heykəlini ucaldan sənətkar mənalı və şərəfli həyat yolu keçib. O, doğulduğu Bakını, böyüdüyü Ərdəbili sevib, erkən yaşlarından şeirə könül verib. Həyatı müxtəlif dolanbaclardan keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan şair mənini və imzasını tanıda bilib.

Həsrət və ümidlər şairi Balaş Azəroğlunun əsərləri dövrün, zamanın nəbzini tutuduğuna, birbaşa hədəfə vurduğuna görə həmişə diqqət mərkəzində olmuşdur. Bu insanı şair edən xalqının, vətənin özündən böyük dərdidir. Azəroğlunun yaradıcılığından danışarkən elə o böyük xalqın dərdindən danışmaq deməkdir. Odur ki, Cənubi Azərbaycan milli-demokratik poeziyasını Azəroğlusuz təsəvvür eləmək mümkün deyil. “Dodaqları qurumuş” şeirində çair özünü suya həsrət qalmış Vətən toprağına bənzədirdi:

Azaqlıqçün döyüşən,

Bir torpağın, bir elin,

Bölünməz zərrəsiyəm….

Balaş Azəroğlu poeziyası XX əsrin real həyat həqiqətlərindən doğulub, poetik sənətin estetik təsir gücü ilə, ictimai-əxlaqi keyfiyyəti və dərin siyasi məzmun daşıyan mənası ilə zənginləşib. Zaman-zaman Azəroğlunun əsərləri yaşayacaq və müəllifini də yaşadacaq. Yalnız azadlıq eşqi ilə yaşayan şairin şeirləri yaşaya bilər, yalnız Vətən və xalq məhəbbəti ilə yaşayan şair yazıb-yarada bilər.

 


İnqilab şairiyəm

Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,

Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,

Nə qədim əsrləri yada salıb ağlayan,

Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,

Nə dövrün hakiminə şeir yazıb pul alan,

Nə cəlladlar önündə həyat üçün alçalan,

Nə peymana, nə saqi, nə sərab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni.

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Mənim könül dəftərim bənzəyir gülüstana,

Onda yer verilməmiş qarlı qışa, tufana,

Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,

Baharın həsrətilə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq,

Mənim arxalandığım onlardan daha artıq.

Ölkələr həsrət çəkən afitab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

Ərdəbil, 1941

 

Lalə BƏDİROVA,
AMEA Folklor İnstitutunun
elmi işçisi

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK