Güney istiqlalının nəğməkarı

by Samir Asadli

Əli Tudə – 100

Vətəndə qürbət taleyi yaşamış mübariz şair, Əməkdar incəsənət xadimi Əli Tudə ömrü boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayıb. 100 il əvvəl Bakıda dünyaya göz açsa da, əslinin-kökünün ünvanı olan Ərdəbilin Çanaxbulaq kəndinin ruhunu yaşadıb varlığında, şair qələmi ilə xalqın çoxəsrlik birlik amalının alovunu sönməyə qoymayıb. 

Yardımlı rayonunda da Çanaxbulaq adlı kənd var. Zirvəsindən baxanda Sa­valan görünən ata yurduma hər gedəndə, qohum-əqrabanın şirin Ərdəbil–Yardımlı ləhcəsində danışmalarını dinlədikcə 100 yaşlı adaşımı xatırlayıram. Şairin oğlu – uzun illər Azərbaycan televiziyasında birlikdə çalışdığım Natiq Cavadzadə ilə söhbətlərimizdə bu məqamı dəfələrlə vurğulamışam.

Uşaq ikən valideynlərini itirən Əli nənəsinin yanında böyüyüb. Tanrı sanki ona yetimliyin əvəzində istedad verib. İlk şeirləri 13 yaşında qəzetlərdə çap olunub. Amma bu fərəh uzun çəkməyib, 30-cu illərin repressiya dalğaları onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana – Azərbaycandan sür­gün edilib. Mühacir həyatı onun tale payı olub.

Cənubda da gənc şair təbəddülatlar yaşayıb. Savalanın ətəyindəki Çanaxbu­laq kəndində təsərrüfatda çalışıb. Sonra bir müddət Ərdəbildə fəhləlilik edib, tez-tez duyğulanıb, doluxsunub və ürək dö­yüntülərini şeirə çevirib:

Sən ey baxıb neçə yerə, 

Nəsə xəbər alan dünya! 

Heç demirsən bircə kərə, 

Nə təhərdi balan, dünya!

1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı Əlinin hə­yatında yeni bir səhifə açır. “Nə qədər dö­yüş var, mübarizə var, bayrağım vətəndir, silahım qələm”, – deyir. 1945-ci il dekab­rın 12-də Cənubi Azərbaycanda milli hö­kumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin maarif nazirli­yində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır.

Əli Tudənin mühacir həyatının bir parlaq səhifəsi də Təbrizdə yaranan Milli Filarmoniyaya rəhbərlik etməsi olub. Xa­tirələrində bu barədə yazırdı: “Bu, tək­cə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proq­ramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoni­yanın müdiriyyəti bilirdi”… O unudulmaz gündən və Pişəvərinin xeyir-duasından sonra filarmoniyanın gənc direktoru qısa müddətdə mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. “Şairlər məclisi”ndəki alovlu çıxışlarına, yüksək şeiriyyətinə görə müdriklər ona “Tudə”, yəni “Xalq” deyə müraciət edirlər.

Tudə təxəllüsünü 

Xalq özü verdi mənə. 

Mərd, fədai olmağı 

Məsləhət gördü mənə.

Doğma Vətən qarşısında xidmətlə­rinə görə Milli hökumətin “21 Azər” me­dalı ilə təltif olunduğu zaman Əli Tudənin 22 yaşı vardı. Arzuları böyük idi gənc vətənpərvərin, lakin qanlar bahasına qurulmuş hökuməti İran dövləti beşik­dəcə boğur. Əli Tudənin üsyankar ruhlu kitabları mətbəədə yandırılır. Şah onun barəsində xüsusi fərman verir: “Tutuldu­ğu anda məhkəməsiz-filansız qətlə yeti­rilsin!”.

İnqilabçı şair yenidən Şimali Azərbay­cana üz tutur. 1946-cı il dekabrın 12-də təmiz vicdanla Bakıya gəlir və budəfəki mühacirliyi ömürlük olur.

O, 60 illik yaradıcılığında şərəfli şair ömrü yaşayıb. Ayrılığın həsrətini köksün­də gəzdirib və bütün yaradıcılığı boyu Vətən, Cənub deyərək yaşayıb.

Əli Tudə 1996-cı il fevralın 26-da vəfat edib. Özündən sonra bütöv bir irs qoyub gedib. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” – bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer alıb.

Əli Tudə həm də XX əsr Cənubi Azər­baycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirlir. Xalq şairi Nəriman Həsənzadə yazır: “Ona ömrünün axırına kimi Cənubi Azərbaycana getməyə im­kan verməyiblər. O tərəf – İran, bu tərəf – sovet. İki imperiya bir şairdən qorxdu!”.

Xalqın mənəvi təkamülündə Vətən həsrətli məğrur və umacaqsız şairin bö­yük xidmətləri olub. “Şöhrət zirvəsinə qalxmaq istəyən Milləti nərdivan etmə­sin gərək!” düşüncəli şair Əli Tudə bütöv Azərbaycanın yaddaşında azadlıq şairi, xalqının şairi kimi qalıb.

Əli Tudənin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əli Tudə – 100” kitabı işıq üzü görüb. Bu yaxınlarda AYB-nin Natəvan klubunda kitabın təq­dimatı ərəfəsində şairin irsinin yorulmaz təbliğatçısı olan Natiq Cavadzadənin necə həyəcan keçirdiyini yaxşı xatırla­yıram. Səbəbini soruşduğumda dedi ki, qorxuram, tədbirə az adam gələ və ata­mın ruhu məndən inciyə. Natiqə ürək-dirək verdim və mən də bir çox dostumu­zun həmin mərasimə gəlməsinə yardımçı oldum.

Natiq Cavadzadənin yurd və ata sev­gisi ilə ərsəyə gətirdiyi 608 səhifəlik ki­tabın təqdimatında AYB-nin sədri, Xalq yazıçısı Anar Əli Tudənin vətənpərvər bir insan və məfkurə şairi kimi məziyyətlərin­dən bəhs etdi. O, tezliklə “Əli Tudə poezi­ya mükafatı”nın təsis ediləcəyini bildirdi. Yazıçı Elçin Hüseynbəyli, şair Sayman Aruz, Xalq şairi Balaş Azəroğlunun oğlu Etibar Abizadə, Güney mühaciri Adilə Çernik Bülənd, professor Elman Quliyev və başqaları Əli Tudə ilə bağlı xatirələri­ni dilə gətirdilər, onun poeziyasının əsas məziyyətlərini dəyərləndirdilər. Qeyd edildi ki, şairin 100 illiyi münasibətilə bun­dan əvvəl “Mən nə gətirdim” və “Bakının işıqları” kitabları Təbrizdəki “Azərturan” nəşriyyatında əski əlifba ilə çap olunub. Həmin nəşrləri gənc yazar və tərcüməçi Əli Aslani tərtib edib. O, 100 illik müna­sibətilə şairin “Təbriz yolu”, “Araz üstə palıd” kitablarını və xatirələrini də çapa hazırlayır.

Sonda gördüm ki, Natiqin üzü gülür. Çünki tədbirə toplaşanların sayı çox idi və hər kəs iştirakdan məmnun qalmışdı.

Əli NƏCƏFXANLI
XQ

 

Mən nə gətirdim


Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım
Bir xilqət görmədi, pünhan gətirdim.
Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.
Ürək daş deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim.
Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim.
Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.


Əli TUDƏ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK