Güney Azərbaycanın əzəmətli keçmişə şahidlik edən möhtəşəm tarixi memarlıq abidələri sırasında Ərdəbil şəhərində yerləşən Şeyx Səfi kompleksi nadirliyi və məfkurəvi önəmi ilə xüsusi seçilir. Kompleks orta əsrlərdə Ərdəbildə Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddinin məzarı üzərində inşa edilən məqbərə ətrafında formalaşıb və buradan ad alıb.
Xatırladaq ki, Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kələxoran kəndində anadan olub. Nəsil şəcərəsi yeddinci imam Musa əl-Kazimə (m.754-800) gedib çatan Şeyxin beşinci babası Firuzşah Qızılbaş o nəsildən Ərdəbilə gəlib məskunlaşan ilk şəxs hesab olunur. Görkəmli şərqşünas V.Bartold bu sülalənin banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən bildirib: “Bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər”. İ.Petruşevski də eyni qənaətdə olub: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur”. “Ey piri-türk”( ey türk müqəddəsi), “türk gənci”, “türk oğlu”– deyə çağırılan Şeyx Səfinin türk olması bu gün də şübhə doğurmur.
XVI əsrin əvvəlində Təbrizdə Səfəvilər dövlətini elan etmiş sülalənin şahları babalarına məxsus Ərdəbil məqbərəsinə böyük önəm verərək onun genişləndirilməsini və zənginləşdirilməsini təşviq ediblər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin fasadı nəfis kaşı işləmələrlə bəzədilib. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilib. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilib.
Nəfis çini qab nümunələrinin toplandığı və sərgiləndiyi bina getdikcə böyük kitabxanaya və mədəni tədbirlər mərkəzinə çevrilib. I Abbasın dövründə burada rəsmi görüşlər də keçirilib. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşünün şəhidləri dəfn edilib. Pəhləvilərin hakimiyyəti zamanında bu məzarlıq dağıdılıb. İran–Rusiya müharibəsi zamanı şəhəri işğal etmiş ruslar səfir A.Qriboyedovun göstərişi ilə çinixananın nadir qab kolleksiyası və qiymətli kitablar qarət edilərək Sankt-Peterburqa aparılıb. Məscid üçün toxunulmuş böyük Şeyx Səfi xalçasının sorağı isə sonralar Londonun Albert və Viktoriya Muzeyindən gəlib.
Yeri gəlmişkən əlavə edək ki, Avropa elmi ədəbiyyatında həm də Ərdəbil xalçası adı ilə tanınan “Şeyx Səfi” I Təhmasibin sifarişi ilə 1539-cu ildə Şeyx Səfi məscidi üçün xalçaçı Məsud Kaşani tərəfindən toxunub. Ümumi sahəsi 56,12 kvadrat metr olan (10,51 m x 5,34 m) xalının bədii əsasını “Ləçək-türünc” kompozisiyası təşkil edir. Xalının mərkəzindəki onaltı guşəli göl – türünc günəşi, qübbələr isə ondan ayrılan şüaları andırır. Naxış örtüyü gül-çiçək rəsmlərindən ibarətdir. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzi kimi düşünülüb.
Kompleksə müxtəlif dövrlərdə inşa edilmiş türbələr, məscid, Çinixana və yaşayış binaları daxil olub. Bütün bu tikililər bir neçə həyət ətrafında formalaşdırılıb. Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı var. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üçtağlı, sağdan isə birtağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır.
Tikili bazar meydanı tərəfdən də görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Bu həyətin girişi 31 metr uzunluğu və 16 metr eni olan böyük həyətə açılır. Daş döşənmiş həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı məscid, ona bitişik isə Şeyx Səfi türbəsi yerləşir.
Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı, daha bir neçə türbə, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir. Xatırladaq ki, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi Şeyx Səfi, Səfəvi təriqəti və Ərdəbil hakimliyinin rəhbəri Şeyx Heydər, Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin həyat yoldaşı Aləmşah bəyim, Səfəviyyə təriqətinin şeyxi (1494–1524), Səfəvilər dövlətinin ilk şahı (1501–1524), şair Şah İsmayıl Xətai, onun həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu Taclı Bəyim, Səfəvilər dövlətinin ikinci şahı (1524–1576), şair I Şah Təhmasib, onun həyat yoldaşı, Şahhiran Pərixan Sultanın anası, Şəki hakimi Şamxal xanın bacısı Sultan Ağa xanım Şeyx Səfi məzarlığında dəfn olunublar.
XIV əsrdə Ərdəbil şəhəri yerli şeyxlərin iqamətgahına çevrilib. Ərdəbil şeyxlərinin əvvəl Azərbaycanda, daha sonra isə bütün İranda siyasi hakimiyyəti ələ keçirmələrindən sonra XVI əsr boyunca şəhərin ölkə həyatında rolu və mövqeyi yüksəlib. Həmin dövrlərdə Ərdəbilə səfər etmiş səyahətçilər onu böyük və canlı ticarət mərkəzi kimi təsvir ediblər.
Səfəvilər sülaləsinin (1501–1736) ailə türbələrinin Ərdəbildə yerləşməsi də şəhərin əhəmiyyətinin artmasına təsir göstərən mühüm amil olub. XVI əsr ərzində Şeyx Səfinin şəhərdə yerləşən türbəsi ətrafında geniş dini-memarlıq kompleksi formalaşıb. Bu memarlıq kompleksi şiə müsəlmanlar arasında böyük nüfuz qazanmaqla mühüm ziyarətgaha çevrilib. Böyük vəqf torpaqları olan kompleks təkcə Ərdəbilin deyil, həm də ətraf ərazilərin iqtisadi inkişafında mühüm rol oynayıb.
Şəhərin 10 kilometrlik mərkəzi hissəsini əhatə edən kompleksin mədrəsələri, karvansarayları, bazarları və ticarət sıraları Qacarlar dövründə siyasi qısqanclıq və bədxahlıqla dağıdılıb, çoxsaylı kəndləri və əkin əraziləri əlindən alınıb, bu dini-mədəni mərkəzin rolu tamamilə kiçildilib. Kompleksdə və ətrafda sıxışdırılan seyidlər və şeyxlər Azərbaycanın şimalı işğal edildikdən sonra Qafqazda ruspərəst dini-aristokratik elita yaradan Rusiya hakim dairələrinə sığınmaq üçün Arazın bu tayına yayılıblar.
Şeyx Səfi kompleksinin memarlıq özəlliklərini incələyən mütəxəssislər göstərirlər ki, tikililərdə stalaktitlərin və portalın digər ərazilərinin səthi şirəli kaşılarla örtülüb. Dekorativ bəzəklər arasında kifayət qədər realistik təfsirə malik nəbati motivlər üstünlük təşkil edir. Stalaktitlərin altında yerləşən dayaz nişlər həndəsi xarakterli ornamental kompozisiyalarla bəzədilib. Portalda güllərlə dolu vaza elementi xüsusi diqqət çəkir. Vazaların hər iki tərəfində mükəmməl çəkilmiş tovuzquşu təsvirləri yerləşir. Həmin motiv sonradan cüzi dəyişikliklərlə Azərbaycan divar rəssamlığının əsas motivlərindən birinə çevrilməklə Şəki xan sarayı, Şəkixanovların evi, Şuşada Mehmandarovların evi, Qarabağ xan sarayı, İrəvan Sərdar sarayı və sair tikililərdə də təkrarlanıb.
Şeyx Səfi türbəsi və ona bitişik səkkizbucaqlı məscid əzəmətli memarlıq abidəsi olmaqla Azərbaycanın qülləvari türbələrinin ən mükəmməl nümunələrindən biridir. Azərbaycanın erkən qülləvari türbələrinin piramidal və konik dam hissəsinə malik olması, Şeyx Səfi türbəsinin də əvvəl belə örtüklə tamamlanmasını ehtimal etməyə əsas verməklə onun dövrümüzə çatmış oxvari gümbəz örtüyünün XVI əsr yenidənqurması zamanı inşa edildiyini göstərir.
Türbənin silindrik korpusu qırmızı və şirələnmiş mavi kərpiclərin fiqurlu hörgüsü ilə bəzədilib. Mavi şirələnmiş kərpiclərin düzümü nəticəsində türbənin fasadında “Allah” sözü çoxlu sayda təkrarlanır. Digər qülləvari türbələr kimi, Şeyx Səfi türbəsinin də həcmi daş sokol üzərində dayanır. Binanın xarici həcminin kompozisiyasında türbənin korpusundan günbəzinə keçidin tamamilə düz həll edilməsi də diqqət çəkir.
Orta əsr Azərbaycan memarlığında polixromiya tam inkişafına məhz Ərdəbil tikililərinin dekorativ həllində çatıb. XV əsrdə mayolik ornamentikası və nəbati naxışlara keçid (Təbriz Göy məscidinin simasında) Ərdəbil kompleksində inkişafı davam etdirilib. Göy məsciddə bitki təsvirləri müəyyən stilləşdirmə elementləri daşısalar da, Ərdəbil kompleksində bu cür təsvirlər kifayət qədər realistik təfsirə malikdir. Ərdəbil kompleksində ən çox tətbiq edilmiş kompozisiya isə güldanlarla kompozisiyadır. Böyük mürəkkəbliyə baxmayaraq, bütün ornament kompozisiyaları müxtəlif yığma elementlərdən həyata keçirilib.
Mütəxəssislər göstərirlər ki, Şeyx Səfi kompleksinin əsas əhəmiyyətli cəhətlərindən biri də onun, aid olduğu tipin inkişafında mühüm əhəmiyyət kəsb edən portallarıdır. Feodal dövrü şərq memarlığında geniş yayılmış portal kompozisiyaları Azərbaycan memarlığında ən bitkin nümunələri ilə təmsil olunub.
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə yanaşı, Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunəsidir. Kompleks UNESCO tərəfindən Ümumdünya irs siyahısına daxil edilib.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”