Çillə gecəsi Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsidir.
Bu gecə ilə bağlı qədim adət-ənənələr, mərasimlər cüzi fərqlərlə həm Azərbaycan Respublikasında, həm də Güney Azərbaycanda eynidir.
Güney Azərbaycanın bir çox bölgələrində köhnədən qalan adətə görə, qışa girməzdən əvvəl qış tədarükü görər, qış aylarında tapılması çətin olan ərzaqları köhnə üsulla konservləşdirər, müxtəlif meyvələr qurudarlar.
Böyük çillə başlanan gecə hamı bir-birinin evinə toplaşar, qonaqlar üçün quru yemişlər, qovurğa, iydə, qovud, halva və nar gətirilər. Ən sonda da çillə qarpızını dilim-dilim kəsib hamıya paylayarlar.
Qərbi Azərbaycan əyalətinin Salmas mahalında yaşayan kürəsunlu türklərin çillə qarpızı ilə bağlı maraqlı adətləri var. Onların adətinə görə, çillə qarpızını məclisdə olan ən yaşlı ağsaqqal kəsər. “Qada-bəlamızı kəsdik” deyib, qarpızın qabıqlarını axar suya atar.
Çillə gecəsinin qədim adətlərindən bir çoxunu bu gün Urmiyanın (Urmu) kəndlərində görmək mümkündür.
Misal üçün Urmiyanın Qızılaşıq kəndində bu gün də gəlinlərin və nişanlı qızların pay boxçasında qırmızı alma mütləq olmalıdır.
Bu bölgədə təmiz sevgi rəmzi kimi tanınan qırmızı alma olmadan təzə gəlinlərə və adaxlı qızlara pay göndərməzlər.
Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Güney Azərbaycanın Qaradağ mahalının bir çox yerində, Böyük çillə ilə Kiçik çillənin son üç gecəsini “Xıdır Nəbi gecəsi” adlandırırlar.
Bu gecələrdə Xıdır Nəbi və Xıdır İlyasın onların evinə gəldiklərinə inanar, bu altı gecə yuxularında gördüklərinin onların gələcək həyat və talelərindən xəbər verdiyini düşünərlər.
Yeri gəlmişkən, elə bu inanca görə də Güney Azərbaycanın bir neçə bölgəsində Xıdır (Xızır) Nəbi adında yaşayış yerləri və müqəddəs ocaqlar var.
Urmiyanın güneyində Xızır və Xızırlı kəndləri, Əhər şəhərinin cənub şərqində Xıdırova kəndi, Əcəbşer və Qaraziyaəddin şəhərləri ətrafında yerləşən Xızır kəndi və başqa onlarla belə nümunələr göstərmək olar.
Maraqlıdır ki, bir sıra bölgələrdə, xüsusilə kənd yerlərində hər mərasim və günə özəl xüsusi bayatılar var. Bu bayatılar başqa vaxtlar söylənilməz, söylənilməsinin uğursuzluq gətirəcəyinə inanarlar.
Bir çox bölgədə çillə gecəsi qohum-qonşunun toplaşdığı məclislərə el aşıqları çağırılar, qədim zamanlardan qalan adət-ənənələr, mərasimlər barədə danışılar, küsülülər barışdırılar, “Koroğlu”, “Əsli Kərəm” və başqa aşıq dastanları dinlənilər.
Çillə gecəsi mərasimləri qədim adət-ənənələrin qorunub-saxlanılması ilə yanaşı, qış vaxtı xüsusilə kənd və kiçik yaşayış yerlərində bir növ sosiallaşmağa xidmət edən adət kimi də dəyərləndirilə bilər.