Aprelin 23-də Təbrizin “Vadi Rəhmət” qəbristanlığının sənətçilər bölməsində güneyli yazıçı, şairə və ictimai fəal Süsən Nəvadeyi Rəzinin 40 mərasimi keçirilib.
Süsən Nəvadeyi Rəzinin yaradıcılığı barədə danışılıb, şeirlər oxunub və güneyli sənətçi Solmaz Balayi “Ayrılıq” mahnısını ifa edib.
Mərasimdə Süsən Nəvadeyi Rəzinin məzari üstündə “Hər harda gözəllik və dirilik varsa, orada qadın izi var demək” məzmunlu baner asılıb.
1962-ci ildə Təbrizin Şəhriyar məhəlləsində dünyaya gələn Süsən Nəvadeyi Rəzi uzun illər “Məhdi Azadi” qəzetinin türkcə bölümündə çalışıb.
Ömrünün son illərini “Təməddün” qəzetinin türkcə bölümündə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı yazılar yazmaqla keçirib.
Nəvadeyi Rəzi “El bilimi” və “Folklorçu xanımlar” mədəni-ədəbi dərnəklərinin idarə heyətinin üzvü idi.
Onun “Arzuların gülşən bağı”, “Təbrizim kimi”, “Günlərin bir günündə”, “Muncuq hekayələri” və Azərbaycan dilində başqa bir neçə kitabı nəşr edilib.