Nəsrin növbəti “Nadir şah”ı
Tanınmış yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.
Bu əsər müəllifin sayca 6-cı, həcminə görə isə (568 səhifə) ən iri romanıdır. Təxminən, 5 ildən artıq müddətə ərsəyə gələn bu əsər Nadir şah haqqında indiyədək nəşr olunan romanlardan əhatəliliyi və tarixiliyi ilə fərqlənir. Romanda Nadir şahın həyatını, sərkərdə kimi yetişməsini, fatehliyini daha dolğun təsvir etmək üçün Rusiya, Osmanlı, Moğol imperiyalarında baş verən əlaqəli hadisələr xüsusilə seçilir. Nadir şah tarixdə dinə, təriqətlərə münasibəti ilə fərqlənib və dini islahatlar keçirən başçı kimi yaddaşlara həkk olunub. Son nəfəsinəcən sünni-şiə bölgüsünə qarşı mübarizə aparıb. Fəth etdiyi ölkələrdə yerli əhali ilə humanist davranıb, insanların rəğbətini qazanıb.
Əsərdəki bəzi hadisələr yazıçının təxəyyülünün məhsulu kimi maraq doğurur.
Hüseyn Arifə Güney sevgisi
Azərbaycan poetik epistolyar ədəbiyyatına aid nəşr edilən ilk kitab – “Arxada qalan illər” Xalq şairi Hüseyn Arifin bir neçə gün sonra qeyd olunacaq 100 illiyinə töhfədir.
Kitabda Güney Azərbaycanda yaşayan istedadlı şair və tədqiqatçı Sədyar Vəzifə Eloğlunun mərhum Hüseyn Ariflə olan mənəvi dostluq və ədəbi yaradıcılıq əlaqələrini əks etdirən xatirə və şeirləşmələri yer alıb.
Bildiyimiz kimi, böyük Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının sərhədləri aşması ilə güclənən həsrət poeziyası Azərbaycanın Quzeyi və Güneyi arasında xüsusi bir şeirləşmə forması yaradıb. Yəni, aşıq ədəbiyyatında olduğu kimi, məktub ədəbiyyatında da Azərbaycan şairləri biri-birinin üzünü görmədən, ancaq əsərləri ilə tanışlıq əsasında şeirləşir, ədəbi mühitlərinə səmimiyyət yaradan xoş təsirlər buraxırlar. “Arxada qalan illər” buna gözəl nümunədir.
104 səhifəlik kitabın tərtibçisi, elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın Nizami Cəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyevadır.