Hər kitab bir dünyadır

by Samir Asadli

Azadlıq mücahidinin ömür yolu

“Qanun” nəşriyyatında tarix elmlə­ri doktoru, professor Nəsiman Yaqub­lunun “Məhəmməd Əmin Rəsulzadə: həyat və fəaliyyəti” kitabı nəşr edilib.

Bu il 140 illiyi qeyd olunan M.Ə.Rəsul­zadənin haqqında 360 səhifədən ibarət olan kitabda azadlıq mücahidinin həyatı və fəaliyyəti ilə bağlı bilgilər elmi əsaslar­la, sənəd və faktlarla oxuculara təqdim edilib. Kitabın sonunda M.Ə.Rəsulzadə haqqında rus və ingilis dillərində də mə­lumatların olması bu tarixin kitabın daha də əhəmiyyətli olmasına imkan yaradır.

Qeyd edək ki, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə haqqında Azərbaycanda, Türkiyədə, Rusiyada da ensiklopediyaları nəşr edilib və oxucular tərəfindən maraqla qarşılanıb.

“Qarabağın incisi – Şuşa” 

Azərbaycan Respublikasının Bos­niya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Tər­cümə Mərkəzində hazırlanan “Qaraba­ğın incisi – Şuşa” kitab-albomu Sara­yevoda boşnak dilində çap edilib.

Kitabda Qarabağın tacı olan Şuşanın qədim tarixi, memarlıq abidələri, mədəni və strateji əhəmiyyəti, Azərbaycanın ic­timai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli simalarının hə­yat və yaradıcılığı əhatə olunub. Nəşrdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər ge­niş şəkildə təqdim edilib. Bu baxımdan kitab-albom Şuşanın zəngin tarixi irsinin təbliği və Qarabağla bağlı həqiqətlərin boşnak oxucuların diqqətinə çatdırılma­sında mühüm əhəmiyyət kəsb edir.

Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, boşnak dilinə tərcümənin müəllifi isə Səfirliyin ştatdankənar əmək­daşı Admira Çosoviçdir.

Qeyd edək ki, nəfis şəkildə çap olun­muş kitab-albom Bosniya və Herseqovi­nanın universitetlərinə, kitabxanalarına, tanınmış ziyalılara və dövlət adamlarına hədiyyə edilib.

Quzey Azərbaycanda türk məfkurəsi

AMEA Fəlsəfə və Sosiologiya İnsti­tutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbər­linin “Azərbaycan Türk fəlsəfi və icti­mai fikir tarixi (XIX-XX əsrlər)” adlı ki­tabının 2-ci cildinin ikinci hissəsi nəşr olunub.

Üç cilddə nəşri planlaşdırılan kita­bın 2-ci cildinin 2-ci hissəsində Quzey Azərbaycan türk mütəfəkkirlərinin həm romantizim, həm də tənqidi- maarifçilik fəlsəfəsindən, eyni zamanda bu dövrdə xüsusilə Sovet Azərbaycanı dövründə yaşamış Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhət, Abdula Şaiq, Cəlil Məmməd Quluzadə, Mirzə Ələkbər Sabir, Ömər Xaliq Nemanzadə, eyni zamanda, Nəriman Nərimanov, Sultan Məcid Əfən­diyev, Ruhulla Axundov, Heydər Hüsey­nov, Ziyəddin Göyüşov və başqalarının elmi- fəlsəfi irsindən bəhs olunur.

Kitabda istər Azərbaycan Respublika­sında yaşayan, istərsə də Güney Azər­baycanda yaşayan yeni nəslə milli fəlsəfi fikir tariximizi, məhz digər yad ideyalar­dan uzaq, milli idea çərçivəsində təqdim etməkdir.

Nəşr AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Nəşrin elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə doktoru, dosent Zeynəddin Şa­banovdur. Əsərin çapına professor Sakit Hüseynov, qabaqcıl maarif xadimi, do­sent Müstəqil Ağayev rəy veriblər.

Cəhənnəm mələyinin sərgüzəştləri

“Bircə” təxəllüsü ilə yazan müəlli­fin avtobioqrafik “Cəhənnəmdən keç­miş mələk” romanının üçüncü hissə­si çapdan çıxıb. 2017-ci ildə birinci, 2018-də ikinci kitabı işıq üzü görən romanın üçüncü hissəsi 760 səhifədir. Dördüncü hissəsi artıq elektron medi­ada yayımlanan romanın müəllifi mü­sahibələrinin birində beşinci hissəni də tamamladığını bildirib.

Hadisələri birinci şəxsin təkinin dilin­dən – yəni, öz dilindən nəql edən Bircə ən pünhan hisslərini oxucusuna açır, üzünü ona tutub danışır. Müəllif Bircənin timsalında Azərbaycan qadınının yaşa­dığı ailə-məişət çətinliklərini, qohumluq münasibətlərini, cəmiyyətin tabuları ilə mübarizəsini bədii sözün ən zəngin qatla­rında təsvir edir. Romanın motivi üzləşdi­yi çətinliklərə mətinliklə dözməyi bacaran, mental düşüncəmizdə kök salmış ailə ka­nonlarını qorumaq naminə hər cür əzaba, təhqirə, hətta söyüşlərə tab gətirən incə ruhlu qadının ilahi iradəsidir.

Ə.ƏLİYEV
XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK