Rafael HÜSEYNOV
Akademik
Bunlar sadəcə yadigarlar deyil, bunlar böyük çaya qovuşan arxlardır, uzaqları yaxın edə bilən körpülərdir. Heç birində hansısa mətləbdən deyən bircə cümlə belə yoxsa da, hamısı başdan-sonacan yalnız adlardan, soyadlardan ibarətsə də, bunlar danışa, göstərə, yada sala, həmsöhbət ola, duyğulandıra bilirlər. Bəzilərinin yaşı artıq bir əsri keçib, bir parası elə aşağı-yuxarı 100 yaşındadır, hansılarısa nisbətən cavan – 80, 70, 50, 40 yaşında. Bunlardan vaxtca daha təzə olanları artıq ayrı dövrə aiddir.
XX yüzil başlanırdı və Bakının mərkəzi küçələrində, ayrı-ayrı meydanlarındaafişa dirəkləri vardı. O dirəklərə yapışdırılan afişalar qarşısında dayananları sanki sehrləyərdi, uzun dəqiqələr boyu cazibəsindən buraxmazdı. Əslində o afişalarda xeyli müddət dayanıb baxılası nələrsə yoxdu – onlarda nə fotolar olardı, nə rəsmlər. Sadəcə, hansısa tamaşaların adları, onların haçan, harada, hansı saatda göstəriləcəyi haqda soraq, bir də rollar, rolları ifa edəcəklərin soyadları. Biri camaatı “Müsibət-i Fəxrəddin”ə çağırırdı, digəri “Leyli və Məcnun”a baxmağa dəvət eləyirdi, bir ayrısı “Hacı Qara”ya səsləyirdi, bir başqası “Arşın mal alan”a. Hələ nə radio vardı, nə televiziya. Teatr tamaşaları insanların ömrünə rəng qatan, həyatı adilikdən çıxararaq ayrı-ayrı axşamları möcüzəyə döndərə bilən gözəllik idi. İnsanlar səhnəyə, orada oynayanlara həyat qədər inanırdılar, ona görə xoşbəxt idilər, çünki 2-3 saat ərzində özgə həyatın axarında ola, gündəlik qayğılarından aralana bilirdilər. Səhnədəkilərsə bütün sıxıntılarına, əziyyətlərinə rəğmən, onları seyr edənlərdən də bəxtiyar idilər, çünki dünyada onlarçün bu heyran baxışlardan, bu minnətdar alqışlardan ali mükafat olmazdı. Tamaşaçılar vurğun qaldıqları bu ifaçıları yalnız səhnədə izləmirdilər, onları tamaşadan sonra da gözləyirdilər. O aktyorlar bığlarını-saqqallarını çıxarırdılar, üzlərinin qrimini silib-təmizləyirdilər, səhnə paltarlarını dəyişib öz libaslarını geyinir, küçəyə çıxırdılar, teatr məftunlarıonlarıelə səhnədə olduğu kimi, küçələrdə də valehliklə seyr edərdilər.
O günlərdən kinolentlər qalmayıb, tək-tək fotolar əldədir. İndi nə o tamaşaçılar həyatdadır, nə o aktyorlar. Qəzetlərdə tamaşalardan sonra isti-isti məqalələr yazılıb, aktyorlardan hansılarısa bir vaxtlar xatirələrini qələmə alıb, hansılarısa yaddaşda qalanları kameraya, mikrofona söyləyib. Ancaq bütün bunlar bu gün oçağkı bütöv mənzərəni görməyə əsla bəs etməz. İndi əsas şahid, aktyorların da, tamaşaçıların da əvəzinə dil açıb olub-keçənləri bizə nağıl edə bilən afişalar, proqramlardır. Baxırsan, quruca adlar, soyadlar bir andaca canlanır, unudulmamalı dünənlər haqda doyulmaz hekayətlərini başlayır (Və özümü kədərli bir məqamda tuturam – axı o quruca adlarla danışa bilənlər, onlarla söhbəti doyulmaz sayanlar da elə həmin köhnə aktyorlar və tamaşaçılar kimi asta-asta tükənməkdədir).
…1908-1909-cu illərin saxlancı, “Bəxtsiz cavan”a,”Müsibəti-Fəxrəddin”ə çağıran həmin afişaların, proqramların, dəvətnamələrin bəzilərində bir ad da keçir. İlk baxışdan əksəriyyətə tanış olan, amma tanımadığınız bir ad: A.Gəraybəyov. Sözsüz, dərhal yada Ağasadıq Gəraybəyli düşür. Ancaq 1908-də, 1909-da Ağasadıq vur-tut 11-12 yaşlı oğlandı. Bəs həmin proqramda əfsanəvi Hüseyn Ərəblinski ilə yanaşı qeyd edilən Gəraybəyov soyadlı, proqramda adının sadəcə baş hərfi yazılmış aktyor kim idi? Elə beləcə də yazılıb: “Tamaşanın rejissoru Hüseyn Ərəblinski. Suflyor A.Gəraybəyov”. Bu, teatr aşiqi, səhnə aludəsi Ağalar Gəraybəyov idi. Amma həmin adın sonraların məşhur aktyoru Ağasadıq Gəraybəyliyə də hər halda birbaşa aidiyyəti var. Ağalarla Ağasadıq doğma qardaşlardı. Ağasadıq hələ kiçik idi, məktəbdə oxuyurdu. Ancaq teatra bağlı olan qardaşının vasitəsilə artıq onun da ürəyinə səhnə həvəsi düşmüşdü. Və Azərbaycanın həmin Ağalar Gəraybəyova vəfa borcu var. Çünki 91 illik ömür yaşamış, bu qısa olmayan ömrün 80 ilinə yaxınını Azərbaycan teatrına həsr etmiş böyük aktyorumuz Ağasadıq Gəraybəylinin səhnəyə gəlməsinin ilk səbəbkarı məhz böyük qardaşı Ağalar bəy olmuşdu.
Hüseyn Ərəblinski (1881-1919) də, Abbas Mirzə Şərifzadə (1893-1938) də, Mirmahmud Kazımovski (1882-1940) də, Sidqi Ruhulla (1886-1959) da və onların neçə-neçə məsləkdaşı da sadəcə aktyorlar deyildilər. Həqiqətdə onların hər biri millət fədaisi idi. Onlarla bir yerdə olub teatra Məcnun kəsilməmək mümkünsüzdü.
Ağasadıq Həbib bəy Mahmudbəyovun (1864-1928) məktəbində oxuyurdu və elə həmin əyyamlarda da ayağı teatra açılır, balaca qəlbinə bu gözəlin ilk qığılcımı qonur. Elə bir qığılcım ki, Ağasadıq Gəraybəylinin ürəyində alışdırdığı ocaq yaşı doxsanı adlayanadək sönməyəcək.
…Ağasadıq Gəraybəyli teatr yolunu erkən başladığından yaşından daha yaşlı idi. Yetmişi-səksəni arxada qoyandan sonra da canı suluydu, yaddaşı iti idi, səhnəyə çıxırdı, cavanlarla yanaşı və onlardan geri qalmayan bir şövqlə rollarını ifa edirdi. Ancaq daha heyrətli olan Ağasadıq Gəraybəylinin hafizəsi idi – xatirələrini söyləyirdi və o yaddaşlar elə iraqlara aparırdı ki, zənn eləyirdin, bu adamın 75-80, 85-90 yox, 100, bəlkə yüzdən çox yaşı var. Çünki tale ona qeyri-adi fürsət vermiş, yolunun başlanğıcından, lap uşaq yaşlarından nəhənglərlə eyni yolda və yanaşı addımlatmışdı.
1983-cü il idi. Radiodakı bir verilişimiz üçün onunla növbəti görüşümüzdən sonra rica etdim ki, xeyirxah və gərəkli bir işi başlasın – xatirələrini qələmə alsın. Söz də verdim ki, siz yadınızda qalanları epizod-epizod yazın, sonra mən əl gəzdirib qaydaya salaram. 2 il sovuşdu. Moskvada yarım illik ezamiyyətdə idim, o vaxtlar bəstəkar Müslüm Maqomayev (1885-1937) haqqında kitab üzərində işlədiyimdən ara-sıra suallarımla Ağasadıq müəllimə zəng vururdum. Bir gün o özü zəng çaldı. Xəbər məni sevindirdi. Dedi ki, tapşırdığın dəftəri yazıb doldurdum. Oxu, desən yaxşıdır, ardını da yazaram. Qayıtdım ki, “yaxşı”nı oxumamış deyirəm, çünki hafizənizdən nəyi qoparıb kağıza köçürsəniz, artıq qiymətlidir, onları sizdən savayı bilən kim var ki!
Dəftərlərində də yazdığı, mənə də daha təfərrüatlı söylədiyi o xatirələrin içərisində Müslüm Maqomayev də vardı. Müslüm bəy Qori Seminariyasını bitirəndən sonra bir müddət məktəblərdə müəllimlik eləmişdi. Elə Üzeyir bəy də o cür – ayrı-ayrı məktəblərdə dərs demişdi. Ağasadıq ustad danışırdı ki, Həbib bəy Mahmudbəyovun məktəbində oxuduğu, Müslüm bəyin onlara dərs dediyi çağlarda məktəbdə orkestr də varmış. Həmin nəfəsli orkestri Müslüm Maqomayev düzəldibmiş və Ağasadıq Gəraybəyli də orada klarnet çalırmış. Özünün illər sonra təvazökarlıqla söylədiyinə görə, “heç pis də çalmırmış”. 1908-1909-cu illərdə Müslüm bəy məktəbin nəfəsli orkestrinə şagirdlərin sırasından ən qabiliyyətliləri cəlb edirmiş. Məqsəd yalnız bu orkestri gücləndirmək deyildi, Müslüm bəy gələcəyə baxırdı, düşünürdü ki, bunların arasından kimlərisə daha sonra opera teatrında istifadə etmək olacaq. Şagirdlərinə o dövrdə artıq hissə-hissə yazdığı “Şah İsmayıl”dan parçaları əzbərlətdirirmiş. Həmin məşğələ saatlarını, Müslüm bəyin söylədiklərini Ağasadıq müəllim an-an xatırlayırdı. Amma onun ən məhrəm, ən işıqlı xatirələri Hüseyn Ərəblinski ilə bağlı idi. Ağasadıq müəllim o fədakarların hər əsəri səhnəyə gətirməkçün nə qədər əziyyətlər çəkməsinin hər üzünü görmüşdü. Deyirdi ki, zavallıların heç əməlli-başlı məşq etməyə, tamaşaları göstərməyə irəlicədən hazır yerləri də yox idi, gah onun, gah bunun mənzilində toplaşırdılar, biz Vidadi küçəsində yaşayırdıq, oradakı mənzilimizə tez-tez Hüseyn Ərəblinski digər aktyorlarla gələrdi, məşq eləyərdi, ancaq tamaşaları o vaxt daha çox Tağıyev teatrında – camaat arasında “Morskoe sobranie” – “Dənizçilər evi” adlanan yerdə təşkil edərdilər.
Və bu, məktəbli Ağasadığı aktyor Ağasadıq Gəraybəyli edən qığılcımın hekayətidir ki, əhvalat 1908-ci ildə vaqe olur. Ağasadıq 1897-ci ildən idi və həmin il 10 yaşını tamamlayıbmış, 11-nin içindəymiş. Axşamlardan birində qardaşı Ağalar ona deyir ki, sabah dərsdən çıxanda evə tez gəl, səni bir yerə aparacam, lazımsan. Artıq teatra isinişmiş, afişalarda adı Hüseyn Ərəblinski ilə yanaşı görünən Ağalar Gəraybəyova balaca Ağasadıq nəyə görə lazım ola bilərdi ki?
Dənizçilər evində göstərməkçün yeni tamaşa hazırlayırlarmış, orada balaca qız surəti də varmış. Ancaq elə dövr idi ki, səhnəyə kişilərin gəlməsi müşkül idi, onda qalmış qadınlar-qızlar ola. Növbəti məşq bitir, aktyorlar iki bir-üç bir dağılışır, qalır Ərəblinski ilə Ağalar. Hüseyn başlayır Ağalarla dərdləşməyə ki, vaxt lap daralıb, bir-iki günə Səriyyə rolunu oynamağa münasib oğlan uşağı tapa bilməsək, vəziyyətimiz ağır olacaq. Əgər 9-10 yaşlı qabiliyyətli bir oğlan olsaydı, sözləri də öyrədərdik, qız paltarı da geyindirərdik, bu yaşda səsi də zərif olacaq, heç qız səsindən seçilməyəcək, baxanlar da onu elə qız kimi qəbul edəcək.
Ağalar bir az fikrə gedir və qayıdır ki, narahat olma, deyəsən, tapmışam. Hüseyn maraqlanır ki, haradan tapmısan? Ağalar “Mənim qardaşım fərasətli uşaqdır, məktəblidir, onlara Müslüm bəy dərs deyir. Arada uşaqlara yazdığı təzə operadan parçaları da öyrədir. Mənə elə gəlir ki, kiçik qardaşıma bu işi tapşırsaq, yaxşı başa salsaq, öhdəsindən gələcək”.
Hüseyn Ərəblinskinin gözləri işıqlanır və Ağalar da ertəsi günü balaca qardaşının əlindən tutub gətirir Dənizçilər evinə ki, ona hansı iş üçün lazım olduğunu başa salsın. Səhnəni göstərir, izah edir ki, bax, Hüseyn əmi duracaq orada, ona bir kişi yaxınlaşacaq, söhbət eləyəcəklər və onlar söhbətlərini yekunlaşdıran əsnada sənə işarə edəcəklər. Gedərsən onların yanına, dayanarsan Hüseyn əminin böyründə, onların söhbəti yenə davam edəcək və Hüseyn əmi sənə deyəndə ki, “get”, oradan aralanarsan.
Ağasadıq Gəraybəyli həmin əhvalatın üstündən 70 ildən artıq bir zaman ötəndən sonra da sanki həmin günün, həmin dəqiqələrin içərisindəymiş kimi olmuşları həyəcanla yada salırdı. Deyirdi ki, məni geyindirib-kecindirmişdilər, dayanmışdım pərdənin arxasında, Hüseyn əminin pərdənin o üzündən söylədiklərini eşidirdim və onun danışığına qulaq asdıqca, cazibəli səsinin təsiri ilə kövrəlib ağlamağa başlamışdım. Arada Ərəblinski keçdi pərdə arxasına, məni ağlayan görüncə başımı sığalladı, yenə səhnəyə getdi, yenə danışırdı, mən yenə özümü saxlaya bilməyib ağlayırdım. Birdən işarə elədilər ki, ayıq ol, səhnəyə çıxmaq vaxtıdır. Elə ağlaya-ağlaya səhnəyə getdim, Hüseyn əminin yanında durdum, o, danışıb-danışıb “Get!” deyəndə elə yenə ağlaya-ağlaya gəldim pərdənin ardına.
Beləcə, Ağasadığın könlündə hərarəti 80 ilə yaxın bir müddətdə səngiməyəcək ocağa ilk qor Hüseyn Ərəblinskinin yüngül əli ilə o axşam, o səhnədə düşmüşdü.
Teatrla əsl vüsalının baş tutduğu o saatı Ağasadıq Gəraybəyli bütün həyatının ən bəxtəvər parçası sayırdı.
O il, o gün, o Dənizçilər evində tamaşanın davam etdiyi vaxt 2-3 saat, ya bir az çox olmuşdu. Ancaq həmin bir neçə saatda yaşadıqları haqda Ağasadıq müəllimin nəinki saatlarla, günlərlə, aylarla danışılası, hətta bir ömür boyu söylənib qurtara bilməyəcək qədər xatirələri vardı. Hər dəfə də bu hekayəti başlayanda sanki həmin rəvayəti ömründə ilk dəfə söyləyirdi. Hər dəfə hafizənin dərinliyindən elə incə xatirələr sıyrılıb çıxırdı ki, gerçəkdən də həmin günün büsbütün möcüzə ilə dolu olmasına inanırdın. Deyirdi ki, Dənizçilər evinə gələn kimi məni apardılar balaca bir otağa, əyləşdirdilər. Bir gur saçlı, ucaboylu, gülümsər çöhrəli kişi yaxınlaşdı mənə. Əvvəlcə mənə qız paltarı geyindirdi, sonra başıma uzun saçlar taxdı və başladı yanaqlarımı qızartmağa ki, qıza daha çox oxşayım.
Balaca Ağasadıq o dəqiqələrdə bu işi görənin kim olduğunu bilmirmiş. Onun nəzərində bu, sadəcə, ucaboy, gur saçlı, gülümsər çöhrəli bir əmi idi. Ancaq üstündən çox keçməmiş öyrənmişdi ki, ona bəzək vuran bu əmi Əbdürrəhim bəy Haqverdiyevmiş.
Beləcə, yolunun başlanğıcından təpədən-dırnağa tarix olan adamlarla oturub durduğundandır ki, Ağasadıq Gəraybəyli özü də hələ qocalmamışdan canlı tarixə döndü.
Səhnəyə ilk gəlişindən sonra teatr onun bütün varlığını doldurmuşdu. Yollanırdı məktəbə, oxumağına bütün dərslərini yaxşı oxuyurdu, ancaq onu daha çox çəkən o fənlərin arasındakı nəğmə dərsi idi. Bir baxın bu uşaqlara nəğmə dərsini kimlər deyirmiş. O cür müəllimlərlə ünsiyyətdən sonra teatra, sənətə, musiqiyə vurulmamaq mümkün olardımı? Nəğmə müəllimləri Müslüm Maqomayevlə Hənəfi Terequlovdu (1877-1942). Məktəbdə müəllimləri teatr adamları, dərsdən çıxıb evə qayıdırdı, qardaşı Ağalar teatr adamı.
Və artıq ayağı teatra açılmışdı, ona ara-sıra xırda rollar da verirdilər. Öz etirafları, 1970-80-ci illərdə mənə söylədikləridir – yatırdı, yuxusunda da teatr görürdü, röyalarında bir-bir arzuladığı rolları ifa edirdi. Deyirdi ki, Hüseyn Ərəblinskinin öz truppası vardı, Abbas Mirzə Şərifzadənin öz dəstəsi, ora da gedirdim, bura da. Orda da mənə rollar verirdilər, burda da, sonra Hacıbəyov qardaşlarının truppası yarandı, ayağım ora da açıldı, Üzeyir bəylə Ceyhun bəy musiqili teatr tamaşaları verməyə başladılar, orda da məndən kiçik rolları əsirgəmirdilər.
…Rol sayına görə çətin ağlım kəsir ki, haçansa Ağasadıq Gəraybəyliyə çatan ikinci bir aktyorumuz ola. O, Azərbaycan teatrının tarixində heç kəsin oynamadığı qədər rollar ifa edib. Ancaq bununla bitmir ki! Ağasadıq Gəraybəylinin başqa rekordları da var. Elə rekordlar ki, onlar da Azərbaycan teatr tarixində heç kimə nəsib olmayıb, bundan sonra da çətin qismət ola. Gəraybəylinin elə rolları oldu ki, onları 60-70 il boyunca oynadı. Uşaqlığında, yeniyetməliyində – 1910-cu illərdə o rolları ona tapşırmışdılar, cavanlığında – 1920-1930-cu illərdə yenə etibar etdilər, ahıllığında -1940-1950-1960-cı illərdə də həmin surətləri yaratdı, qocaman çağlarında – 1970-1980-ci illərdə də yenə o rolları ifa edirdi. Ancaq müxtəlif onillərdə yaratdığı bu eyni surətlər heç də səhnədə köhnəki sayaq görünmürdü, əvvəlki cür səslənmirdi. Ağasadıq Gəraybəylinin aktyor üstünlüklərindən biri də bu idi ki, oynadığı rola həmişə içərisində yaşadığı zamanın havasını da əlavə edə bilirdi.
“Ölülər” Azərbaycan səhnəsinə ilk dəfə 1916-cı ildə gəldi. Sonralar – ta XX əsrin sonlarına, XXI əsrin əvvəllərinə qədər həmin tamaşanın baş surətini – Kefli İsgəndəri bir-birindən üstün sıra-sıra parlaq aktyorlarımız yaratdı. Ancaq ilklərdən biri Ağasadıq Gəraybəyli idi. Onun Kefli İsgəndəri də Azərbaycan insanının teatr yaddaşında həmişə yaşayır.
Ağasadıq Gəraybəyli hansı surəti yaradıb ki, yaddaşlara birdəfəlik həkk olunmasın? Nəyi oynayıbsa, o surətə möhürünü vurub.
…Ağasadıq Gəraybəyli ömrü boyu şuxluğunu, nikbinliyini qeyb etməsə də, həyatı heç də rahat, rəvan keçməmişdi. Ömür boyu saysız çətinliklərlə də üzləşmişdi. Onu soyumağa qoymayan, səhnənin ecazkar cazibəsində daimilik saxlayan tükənməz sevgi idi. Bir də ürəyində həmin sevgini oyatmış, həyatının mənası səhnə olan misilsiz müəllimlərindən aldığı dərslərə, nəsihətlərə, vəsiyyətlərə sədaqət.
Ağasadıq Gəraybəylinin nəvəsi, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli yada salır ki, babam artıq 88-89 yaşında olanda ayda bir, bəzən iki, hərdən də üç dəfə səhnə ömründəki son tamaşada – “Xurşidbanu Natavan” pyesində səhnəyə çıxırdı. Adətən tamaşadan bir neçə gün qabaq atama zəng vurub yadına salardı ki, mənim filan vaxt tamaşam olacaq, işdən bir az tez icazə al, gələrsən dalımca. Evdə də hamımız görürdük ki, bu yaşında da hər tamaşaya necə hazırlaşır. Hər bir hərəkətindən hiss olunurdu ki, səhnəyə çıxmaq onunçün nə dərəcədə böyük, vacib bir işdir.
Özünün danışıqsız riayət etdiyi səhnə intizamı və teatr məsuliyyəti vərdişlərini digərlərində, illah da cavanlarda görməyəndə Ağasadıq müəllim daxilən çox incik olurdu. Yenə nəvəsinin xatirəsidir ki, 1987-ci il idi, respublikanın ictimai-siyasi həyatında gərgin, narahat günlər yaşanırdı və babam bir axşam teatrdan əlində çiçək dəstəsi ilə qayıtsa da, çox dilxor görünürdü. Təbii ki, onu hamıdan artıq duyan nənəm idi, babam içəri girən kimi sifətindən, tərpənişindən qanıqara olduğunu anlayaraq soruşdu ki, “Ağasadıq, nə olub?” Cavab vermədi. Onda nənəm babamla birgə teatrdan qayıtmış atamdan xəbər aldı ki, “nə baş verib?” Atam da çiyinlərini çəkdi ki, bilmirəm, elə maşına oturandan danışmır. Həmin gün biz bir şey öyrənə bilmədik. Ertəsi gün nənəm danışdı ki, bilirsən baban nəyə görə qanıqara idi? Tamaşada iştirak edən hansısa gənc aktyor teatra özünü zor-bəla çatdırdığından tələsdiyindən əynindəki cins şalvarını soyunmağa macal tapmamışdı, XVIII əsrin hadisələrindən bəhs edən pyesdə səhnəyə elə həmin görkəmdə çıxaraq oynamışdı. Babamı hədsiz pərişan edən müqəddəs saydığı səhnəyə bəslənən belə münasibət idi.
Ağasadıq Gəraybəylini həyatı boyu heç vaxt tərk etməmiş məsuliyyət duyğusu haqqında Gəray müəllimbabasını hamıdan yaxşı və müddətcə də hamıdan daha çox tanımış nənəsinin dilindən bir maraqlı hekayəti də söyləyir. Deyir ki, nənəm Əməkdar müəllim idi, orta məktəbdə işləmişdi, bizim – bütün nəvələrin ev tapşırıqlarını necə yerinə yetirməsinə həmişə özü nəzarət edərdi, daim də bizə babamızı misal çəkərdi ki, səliqədə, məsuliyyətdə ona bənzəyin.
Nənənin nəvələrə nağıl kimi danışdığı ibrətli Ağasadıq əhvalatlarından biri də bu imiş ki, cavanlıq illərində kasıb şəraitdə, birotaqlı mənzildə yaşayırmışlar, uşaqlar hələ körpəymiş, üstəlik, onlara baxan dayə də varmış, ona görə də gecələr həmin balaca otağın ortasından pərdə çəkərmişlər, o tərəfdə uşaqlarla dayə, bu tərəfdə Ağasadıqla həyat yoldaşı yatarmış.
Sabah Ağasadığın premyerası varmış. Gecə yarısı elə tuman-köynəkdə durub keçibmiş mətbəxə, əsərdə bilyard stolu arxasında gəzərək söyləyəcəyi monoloqu indi əlində oxlov tutaraq yemək masasının yanında var-gəl etməklə dönə-dönə təkrarlayırmış. Səsə oyanan dayə ev sahibəsini təlaşla silkələyib oyadır ki,”Xozyayka, xozyayka, vstavayte, xozyain s uma soşyol” – “Xanım, xanım, qalxın, ağanın başına hava gəlib”.
O sadədil qadının bu sadəlövh sözlərini qəribliyə də salmayaq. “Dəli” bizlərdə ta qədimlərdən yalnız ağlını itirmiş adamlara deyilməyib ki! Çənlibeldə Qoç Koroğlunun çevrəsinə yığışmış 7777 dəli bir qoşun ağlını itirmiş adamlar deyildi, beyinlərinə savaş havası dolmuş, dəli-dolu igidlərdi. Dəlilik həm də eşqində, məsləkində ölçülərə, hüdudlara sığmamaqdır. Zəkası qəlibləri sındırıb yeni üfüqlərə qanadlanan istedadlar da yolunu dəlicəsinə gedənlərdir. Sərhədlər arasında sıxılıb qala bilməyən istedadlı qafalar çəpərləri qırmasaydılar, başlarını aşağı salıb adi adamlar kimi saya ömür sürsəydilər, dünyanı dəyişən kəşflər, ixtiralar da doğulmazdı.
Allahın Ağasadığa bəxş etdiyi vergi öz yerində, lakin dünyanı, sənəti dərk edəndən yan-yörəsində əsl fanatikləri, vurğunları görmüşdü, böyüklərini o cür görəndən sonra başqa sayaq ola bilərdimi?! O, bir adam deyildi ki, ona elə tək adamdan umulan ütülü keyfiyyətləri gözləyəsən. Səkkiz onilə sığışan səhnə həyatı ərzində iki yüzdən artıq rol oynadı. İki yüzdən artıq rol elə bir o qədər fərqli ömürlər deməkdir. Ağasadıq Gəraybəyli o qədər ömrün hər birinin içərisinə girmişdi, girincə də dönüb olmuşdu həmin adam, Ağasadıqlığını yaddan çıxararaq həmin ömrü yaşamağa başlamışdı.
Əlində oxlov gecə ailəni yuxuya verərək məşq etmək dəlilik deyil ki! Əsl dəliliyin, əsl Məcnunluğun təsdiqi Ağasadıq Gəraybəylinin ömrün qürubunda etdiyi idi. Xalqına, sənətinə verə biləcəyindən də artıq töhfələri vardı. Yaş gəlib dirənmişdi doxsana. Daha heç bədən də, səhhət də əvvəlki deyildi. Əsl dincələn, xatirələrin şirinliyinə, keçmiş uğurların xumarına dalmaq zamanı idi. Ancaq səhnəyə can atırdı. Çünki eşq əvvəlki eşq idi. Başındakı məhəbbətin havası elə cavanlığında olan idi. Onu səhnəyə çəkən də elə bu hava idi. Yenə nəvəsi Gəray Gəraybəyli anır: “Babam 92 yaşında rəhmətə getdi. Təxminən 88-89 yaşlarına qədər “Xuşidbanu Natavan” pyesində knyaz rolunu oynayırdı. Axırıncı bir ildə-il yarımda görmə qabiliyyəti çox aşağı düşmüşdü. Bir neçə dəfə əməliyyat təklif olundu, ancaq yaşına görə atamgil buna razı olmadı. Bir gözünün görmə qabiliyyəti, demək olar ki, 10 faizə enmişdi. İkinci gözün görmə qabiliyyəti haradasa 50 faiz, 60 faiz əhatəsində idi və ona görə də o, çox pis seçirdi. Evi, təbii ki, hər qarışı tanıyırdı, öz mənzilində asudə hərəkət edirdi. Onda görmə sıxıntısı yaranandan sonra atam da, nənəm də məsləhət gördülər ki, daha bəsdir, artıq ərizəni yaz, daha səhnəyə çıxma. Qətiyyən razılaşmadı”.
Necə razılaşa idi? Səhnə onun nəfəsi idi, nəfəs almasa, necə yaşaya bilərdi?! Səhnə onun ürəyi idi, ürəksiz necə qala bilərdi?!
Gedirdi teatra, çıxırdı səhnəyə, yeni günləri, yeni həftələri, yeni ayları yaşamaqçün əlavə güc alaraq qayıdırdı evinə.
Doğmaları söyləyir ki, öz evinin içində rahat idi – hər iki gözü aydınca görən kimi. Amma o, səhnəni öz evindən də yaxşı, məhəbbətin gözü ilə, bütün aydınlığı ilə görürdü, sevgisini də sonacan ondan ayrılmamaqla bir daha sübut etdi. Onun əsl evi bura yox, ora idi. Ona görə də nəhayətdə bu evdən – sənədlərində yaşayış ünvanı göstərilən mənzilindən birdəfəlik ayrılıb getdi son mənzilinə. Ancaq səhnədən yenə ayrılmadı və heç vaxt da ayrılmayacaq. O, səhnədə öz stixiyasında olurdu və həmişə də həmin səhnədə qalacaq. Və bu səhnə də yalnız Milli Dram Teatrının səhnəsi, hansısa kinoteatrın ekranı, çeşidli televiziyaların Ağasadıq Gəraybəylinin yadigar lentlərini göstərən və göstərəcək aynası deyil.
O səhnə bütöv Azərbaycan mənəviyyatının səhnəsidir ki, Ağasadıq Gəraybəyli oradan daha heç vaxt ayrılmayacaq.
…Bir var aktyora heyranlığını kütlələr dilə gətirsin, bir də var həmin məftunluğu təcrübəlidən-təcrübəli, sanballı rejissor söyləsin. Əlbəttə ki, ikincinin qiyməti daha üstündür. Səhnə həyatının müxtəlif illərində Ağasadıq Gəraybəyliyə tamaşaçılar həmişə valeh oldu. Ancaq onun müxtəlif illərdə işlədiyi rejissorlar da sanki Ağasadıq Gəraybəylini hər dəfə yenidən kəşf etdilər, hər dəfə hansısa məşq, hansısa tamaşa bitəndən sonra o məşqin, o tamaşanın gedişində indiyəcən gözəlcə tanıdıqları Ağasadıq Gəraybəylinin ogünəcən müşahidə etmədikləri hansısa üstünlüklərini görərək mat qaldılar, təəccübləndilər və bu hisslərini gizlətmədilər də. Bu, Ağasadığın səhnədə olduğu bütün onillərdə görüldü. Gəncliyində də, ixtiyarlığında da!
1924-cü ildə böyük rejissor Aleksandr Aleksandroviç Tuqanov (1871-1960) işləməkçün Gürcüstandan Azərbaycana köçdü. Burada Tuqanova sevərək San Sanıç deyərdilər. Onun gəlişi ilə Azərbaycan teatrı çox qazandı. Milli teatrımızın 1920-1930-cu illərdəki yüksəlişlərinin, bir silsilə zəfərlərinin altında onun imzası dayanır. San Sanıç Tiflisdən Bakıya əliboş gəlməmişdi, özü ilə Gürcüstandan bir bölük azərbaycanlı aktyoru da gətirmişdi. Həm də necə aktyorları?! Ülvi Rəcəbi (1903-1938), Əli Qurbanovu (1898-1962) və o biçimli neçə mahir sənətkarı ki, gəlişləriylə Azərbaycan teatrının həyatında yeni tərəqqi dalğası coşdu. Və Tuqanov gəlişindən az sonra hadisəyə çevrilən bir tamaşa hazırladı – Maksim Qorkinin (1868-1936) “Na dne” – “Həyatın dibində” əsərini səhnəyə çıxartdı. Həsən Səbrinin (1878-1938) tərcüməsində bu pyes “Yurdsuz insanlar” adlanırdı. Təbii, 1924-cü ildə artıq Azərbaycan teatrı yetərincə qüvvətli idi, səhnəmizdə xeyli bişkin aktyorlar çalışırdı, Tuqanov özü ilə gətirdiklərini də bura əlavə edəndə sıranın necə sıx və qüdrətli olmasını təsəvvür etmək çətin olmaz. Ancaq Ağasadıq Gəraybəyli bu parlaqlar qatarında ən seçilənlərdən idi ki, Tuqanovun gözü onu tutmuşdu və Satin rolunu tapşırmışdı ona. Ağasadıq Gəraybəylinin Satin olduğu tamaşada Nastyanı Mərziyə Davudova (1901-1962) oynayırdı. Və iş elə gətirmişdi ki, həmin pyesin repertuarda olduğu dönəmdə Maksim Qorki yenə Azərbaycana səfər edibmiş. Görkəmli yazıçını dəvət edirlər ki, “Yurdsuz insanlar”ın yeni quruluşunu seyr etsin. Əsər Azərbaycan dilində gedirdi, Qorki isə Azərbaycan dilini bilmirdi. Ancaq o əsərdəki hər kəlmə, hər cümlə ona bəlli idi və səhnədəki hiss-həyəcandan, ifanın tərzindən hər şeyi duyurdu. Tamaşadan sonra Qorki San Sanıçla təəssüratlarını bölüşmüşdü və nə yaxşı ki, Tuqanov yazıçının söylədiklərini yalnız dost-tanışla bölüşməklə kifayətlənməyərək bunları qələmə də alıb. Qorki söyləmişdi ki, bütövlükdə tamaşa çox gözəldir, aktyorların hamısı rollarının öhdəsindən layiqincə gəldi, amma Satinlə Nastyadan olmaz, onların ifasına heyran qalmamaq mümkün deyil.
Və Aleksandr Aleksandroviç Tuqanovun – o böyük rejissorun da artıq səhnəyə çıxmış tamaşa haqqında yox, pyesin bu səhnəyə çatana qədərki keçirilmiş onlarca məşqindən sonra gəldiyi diqqətə layiq bir qənaət də vardı ki, onu da qeyd edib – həmin tamaşada iştirak edən o qədər (və hamısı da adlı-sanlı) aktyorun arasından təkcə Gəraybəylini seçir, onun üzərində dayanaraq yazırdı: “Ağasadıq Gəraybəyli elə məşq edirdi ki, bu, hər bir aktyora necə məşq eləməyin bir nümunəsi ola bilər”.
Ağasadıq Gəraybəyli o vaxt 27 yaşında idi. Çağın ölçüləriylə ona artıq gənc aktyor demək düz olmazdı. Baxmayaraq ki, 27 yaşında insana elə “cavan” deyərlər. 27-sində Ağasadıq artıq yetişmiş, özünü təsdiqləmiş, şöhrəti ondan xeyli yaşlılardan az olmayan püxtə sənətkar idi. Hələ başlanğıcdakı addımları bir tərəfə qoysaq, artıq 15 ildən çox idi ki, peşəkar səhnədə idi, fəqət yenə usanmadan elə məşq edirdi ki, sanki yolunu yeni başlayan bir sütül aktyordur. Və həmin məsuliyyət hissi ömrünün sonuna qədər Ağasadıq Gəraybəylini tərk etmədi. O qədər usta, o qədər kamil sənətkardı ki, məşqsiz də səhnəyə çıxardı, çoxdan bəri işlənib cilalanmış kimi görünən improvizələrini də edərdi, səhnəyə məşqsiz çıxdığını kimsə sezməzdi. Ancaq sürəkli səhnə ömrünün heç bir mərhələsində heç vaxt bunu özünə rəva bilmədi. Ona görə də böyük idi, ona görə də təkrarsız idi. Allahın verdiyi istedad hələ azdır. Böyüklüyə yetməkçün, təkrarsızlıq qazanmaqçün gərək məsuliyyət hissi də hər qırpımda, hər nəfəs gedib-gələndə səninlə ola.
Qədim yunan müdriki söyləyirdi ki, axan çaya bir dəfə ayaq basmaq olar. Fəlsəfəsinə dalınca, bu, labüd bir həqiqətdir. Hər şey axır, hər şey dəyişir. Zaman çayı keçib gedir və özü ilə çox şeyləri aparır. Ağasadıq Gəraybəyli ömrü boyu Azərbaycanın dörd bucağındakı ən darkolxoz klublarından tutmuş ölkənin ən mötəbər teatrlarına qədər neçə səhnədə sayını itirdiyi qədər hədsiz çıxışlar etdi, bir-birindən bəyənimli, biri digərindən yapışıqlı surətlər yaratdı. O adamlar ki, 1920-ci illərdə onu kənd-kəsəkdə, elə açıq havada, yerdə oturub seyr edirdilər, o adamlar ki, onu rayonlara etdiyi səfərlərdə, kənd klublarında, mədəniyyət evlərində səhnədə görürdülər, o adamlar ki, artıq məşhur teatrlarımızın səhnələrində Ağasadıq Gəraybəyliyə heyran qalırdılar, onların hamısını vaxtın suları alıb aparıb, coşqun təəssüratları da onlarla birgə gedib, həmin tamaşalarla əlaqədar ayrı-ayrı qəzetlərdə, jurnallarda, kitablarda əksini xəsis cümlələrdə tapan rəylər heç vəchlə o insanların köksəsığmaz duyğularının yüzdə birini də çatdıra bilməz. Amma nə yaxşı ki, kino var. Sənət tariximizdə və millətin yaddaşında həmişə yaşayan və sevilən neçə bədii filmdə Ağasadıq Gəraybəyli var. 30 il, 40 il, 50 il, 60 il əvvəl ilk dəfə həmin filmləri görənlər necə riqqətə gəlmişlərsə, yeni günün insanları da həmin hissləri yaşayır. Teatrın kinodan əsas üstünlüyü odur ki, eyni əsər hər təzə təqdimatında yenidir, qətiyyən əvvəlki deyil və aktyorun hər dəfə ifasını daha çəkici, daha mükəmməl etmək fürsəti var. Kinodasa bir dəfə çəkilirsən, nə var odur, həmişəlik o cür qalır. Ağasadıq Gəraybəylinin yüz dəfələrlə baxdığımız tanış kino surətlərini hər dəfə yenidən görəndə elə zənn edirsən ki, birinci baxmağımdır, Gəraybəyli bu dəfə keçən səfərkindən də yaxşı oynayır. Həmin lentlərdə o, həmişə cavandır, daim şuxdur, əbədidiridir. Ağasadıq Gəraybəylinin çəkildiyi filmlərin ən məşhuru “O olmasın, bu olsun”dur. “Məşədi İbad”ı keçmişlərdə, hələ Azərbaycanın yeganə televiziyasının olduğu çağlardan həmişə Novruzda insanlara bayram hədiyyəsi kimi göstərərdilər, elə indi də həmin xoş ənənə davam edir. Ağasadıq Gəraybəyli bu millət üçün bayram payı olmaq missiyasını yenə davam etdirməkdədir.
Hər şeyin axdığı, hər nəsnənin dəyişdiyi bu dünyada dəyişməyən, həmişə sabit qalan, qüdrətlidən-qüdrətli Zamana da təslim olmayan möhtəşəm bir güc də var – Pərvərdigarın yaratmaq istedadı bağışladığı insanların ömürlərinin davamı olan irsləri. O ölməz mirasın sayəsində Ağasadıq Gəraybəyli də hər şey axıb, hər şey dəyişdiyi aləmdə dünən necə sağ idisə, bu gün də həmin təhərdir, bu gün də elə dünənki qədər bizimlədir və üstəlik, bizləri də arxada qoyub sabahlara çatacaq. Bu, ömürləri və işıqları bahasına insanlara əbədi bayram bağışlamağı bacarmışların hər birinin alınyazısıdır!
27 mart, 2024