Həyatın dibindən göyərən söz

Qulu Məhərrəmli – 70

by Samir Asadli

Onun həyat yolu heç də asan olmayıb. Öz zəhməti və bacarığı sayəsində çoxları üçün əlçatmaz olan uğurlar qazanıb. Arzu-istəklərinə öz zəkası, zəhməti ilə yetişib.

Özünün arxa-dayağı olmasa da, əldə etdiyi imkanlarla çoxlarına kömək edib, yol açıb. Milli jurnalistikamızın istedadlı və ustad simalarından biri, dilçilik elmimizin yenilikçi araşdırıcısı kimi tanınan Bakı Dövlət Universitetinin professoru, jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərəmlinin ömür yolunu qısaca belə ifadə etmək olar. Xalq şairi Bəxtiyar Vahabzadə isə bir vaxtlar milli teleməkanın ulduzuna çevrilmiş həmkarımız haqqında demişdi: “Mürəkkəb siyasi prosesləri doğma dilimizdə Qulu Məhərrəmli qədər gözəl, cazibədar, səlis və obrazlı tərzdə çatdıran ikinci şərhçi tanımıram”.

Ölkənin media və elmi-mədəni ictimaiyyətinin bu gün 70 illik yubileyini sevgi-sayğı ilə qeyd etdiyi Qulu Məmmədqulu oğlu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Kiçik redaktor kimi əmək fəaliyyətinə başlayıb, redaktor, baş redaktor təyin olunub. “Xəbərlər” redaksiya heyətində şərhçi, şöbə müdiri vəzifəsində çalışıb. “Səhər” musiqili informasiya proqramına rəhbərlik edib.

Əməkdar jurnalist fəxri adına layiq görülüb. Ölkə jurnalistlərinin qurultaylarında dəfələrlə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Azərbaycanın tanınmış jurnalisti 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. Jurnalistikanın nəzəri problemlərinə dair çoxsaylı tədqiqatların, 20-dən çox kitabın, o cümlədən 5 monoqrafiyanın, 2 dərsliyin, 3 dərs vəsaitinin və 2 izahlı lüğətin müəllifidir. Elmi əsərləri ingilis, rus, çex, fars, alman və koreya dillərində çap olunub.

Bu bioqrafik təqdimatdan sonra 70 yaşını qeyd edən görkəmli jurnalist və tədqiqatçı alimin adı önünə xeyli titullar əlavə etmək olardı. Məşhur diplomat Ramiz Abutalıbovun onun haqqında dediklərini xatırlatmaq kifayət edir: “Adının qarşısında təşbehlər yazmağa, titullarını sadalamağa lüzum yoxdur, sadəcə, Qulu Məhərrəmli demək bəs edər ki, onun obrazı göz önündə canlansın. İstedadına, peşəkarlığına, mənəvi gücünə görə o, jurnalistikada çoxları üçün ölçüyə, etalona çevrilib”.

Yubileyi ərəfəsində görüşümüzdə olduqca zəngin həyatı, təhsil illəri, səfər və beynəlxalq tədbirlərdə iştirakından yox, taleyini, həyatını bağladığı jurnalistikadan danışdıq.

– Ömrünün kamillik çağında Qulu Məhərrəmli medianın rolunu və önəmini necə dəyərləndirir?

– İndi mətbuat geniş bir anlayışa çevrilib, əvvəllər yalnız yazılı mətbuat nəzərdə tutulurdu, indi isə media anlayışı daha çox işlədilir. Bu səbəbdən mətbuat haqqında birmənalı “yaxşı” və ya “pis” demək düzgün deyil. Çünki həm peşəkar jurnalistlər, həm də jurnalistikadan kənar fəaliyyət göstərənlər mövcuddur.

Keyfiyyətli media cəmiyyəti dəqiq və obyektiv məlumatlandıraraq insanların şəxsi qərarlarının formalaşdırılmasına kömək edən mətbuatdır. Azərbaycanda mətbuatın, təxminən, 20–30 faizini bu tələblərə cavab verən keyfiyyətli media kimi qiymətləndirmək olar. Digər qurumlar isə fəaliyyət göstərsə də, onların cəmiyyətə və jurnalistikaya təsirini dəyərləndirmək üçün ciddi düşünməyə ehtiyac var.

– Jurnalistikanın cəmiyyətə təsir gücünü yetərli hesab edirsinizmi?

– Klassik mətbuatdan üzü bəri jurnalistikanın əsas missiyalarından biri cəmiyyəti doğru və obyektiv şəkildə məlumatlandırmaqdır. Yəni media hadisələr barədə geniş məlumatlar verərək bu hadisələrin səbəb-nəticə əlaqələrini, arxa planını izah etməlidir. Analitik izahlar və şərhlər verərək ictimaiyyətin hadisələri anlama qabiliyyətini artırmaq medianın məsuliyyətlərindən biridir. Bu, yalnız məlumat çatdırmaqla məhdudlaşmamalı, eyni zamanda, hadisələrin dərinliyinə gedərək müxtəlif baxışları da əhatə etməlidir. Belə yanaşma ilə media, həm də ictimai rəyi formalaşdırmağa təsir edir.

Medianın bu missiyası cəmiyyətdə müxtəlif mövzularla bağlı düzgün və məlumatlı düşüncələrin yaranmasına səbəb olur. Bu isə sonda insanlar arasında sağlam müzakirə mühiti yaradır və eyni zamanda, cəmiyyətin inkişafına xidmət edir. Ancaq medianın bu imkanlarından düzgün istifadə edilmədikdə ictimai rəyi yanıltmaq, qərəzli məlumatlarla manipulyasiya etmək riski də artır. Buna görə də media hər zaman etik prinsiplərə riayət etməli və obyektivliyini qorumağa çalışmalıdır.

– Sosial medianın kütləviləşdiyi bir dövrdə tez-tez eşidirik: “qəzet-jurnallar ölür”, “teleradio şöhrətini itirir”. Ənənəvi media bu kəmiyyət rəqabətini necə və nə ilə qarşılayır?

– Qəzetlər “ölmür”, amma əvvəlki tirajlar da yoxdur. Hesab edirəm ki, qəzetlər intellektual insanlar üçün qalır və qalaçaq. Yaxşı məzmunu olan qəzet oxunacaq və müstəqil qəzetlərə ehtiyac var. Hazırda bir çox qəzetlər, sanki, təşviqat vərəqələri kimi çıxış edir, lakin peşəkarlıq və müstəqil maliyyə dəstəyi ilə bu böhrandan çıxmaq mümkündür. Əgər qəzetlər müstəqil və keyfiyyətli olsalar, oxucuların marağını qoruyub saxlaya biləcəklər.

Teleradio isə hüdudsuz imkanlarından qədərincə istifadə edə bilmir. Axı mobil telefonda, kompüterdə internetlə məhdud tirajlanan sosial media peşəkar yaradıcı heyəti olan, yüksək texnologiyalarla hazırlanıb yayılan qəzet-jurnalları və teleradionu əvəz edə bilməz. İnternet məkanında yayımlanan ənənəvi media məhsulunu da əyləncə xarakterli paylaşımlarla qarışdırmaq olmaz. Burada keyfiyyət meyarı həqiqəti əks etdirən ictimai rəyin formalaşdırılmasıdır.

– Peşəkar media yaradıcılığı, dilçilik sahəsində tədqiqatlar və səmərəli pedaqoji fəaliyyət axarında ömrünüzün 70 onilliyinin tamam olması bu gün ölkəmizdə qədirbilənliklə qarşılanır. ”Xalq qəzeti”nin kollektivi də yubiley təbriklərinə qoşulur, sizə möhkəm cansağlığı, milli jurnalistikamıza xidmətdə yeni uğurlar arzulayır.

Namiq QƏDİMOĞLU

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK