Masallının məşhur “Halay” etnik folklor ansamblının bu il 65 yaşı tamam olur. İlk gündən bölgənin folklor örnəklərini təbliğ etməsi, Azərbaycan və talış dillərində şən mahnıları, milli geyimdə şux rəqsləri ilə hamını heyran qoyan “Halay” gur bulaq kimi çağlamaqdadır.
Mahmudavar kəndinin gənc sakini Ümbülbanu Cəbiyeva gözəl səsi və rəqsləri ilə tanınıb. Fəal özfəaliyyətçi olduğu üçün hələ 20 yaşında ikən kənd klubuna müdir təyin edilib. Bakıda görüşdüyü məşhur opera aktrisası, SSRİ Xalq artisti Şövkət Məmmədova ona məsləhət görüb ki, talış qızlarını başına toplayıb folklor kollektivini yaratsın. O da kəndə qayıdan kimi Xanımgül Kərimovanı, Həbibə Nağıyevanı və digər rəfiqələrini dilə tutaraq, aşkarda oxuyub-oynamağa razı salıb. Özfəaliyyət sahəsində müəyyən təcrübəsi olan anası Ağabacı xanımın səhnə tərtibatı və əməli köməyi ilə qrup formalaşıb. Masallı qızları ilk dəfə Bakıda keçirilən festivalda uğurlu çıxışlarına görə mükafat alıblar. Kollektiv 1959-cu ildə ansambl kimi rəsmən təsdiq olunub, status qazanıb. Get-gedə şöhrətlənən kollektiv illər ərzində xalq incilərini toplayaraq onlara təzə nəfəs verib, özünəməxsus şəkildə təqdim edib.
“Halay” dəfələrlə Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova və digər korifey sənətkarlarla eyni səhnəni bölüşüb. Nəsillər dəyişsə də, ansamblın qədim bayatı, nəğmə və rəqslərə sevgisi zərrəcə dəyişməyib.
…Yenə də “Halay”a baxırıq. Folklor şedevrlərini, koloritli musiqi parçalarını sərgiləyir. Gəlin köçürməmişdən qabaq ifa edilən “Masallı toyu”, “Lo-lo”, “Sonalar” əsl el şənliyi təəssüratı yaradır. “A yordu-yordu” etnoqrafik musiqili səhnəciyində tərəflər üzbəüz dayanıb deyişirlər. Bu deyişmə, bir növ, yumorlu təsir bağışlayır. Axırda yorulan tərəf uduzmuş hesab olunur. “Ay ləli, yar” “Talışo mey”, “Kinəli”, “Yallı”, “Səməni” olduqca dinamik ifalardır. Biri ortada dayanıb başlıq oxuyur, sağında, solunda duranlarsa başlığı təkrarlayaraq onu sanki müşayiət edirlər. Qızlar oxuyub-oynadıqca ecazkar ifalarının səsi-sorağı dağlarda əks-səda yaradır.
Ümbülbanu Cəbiyevadan sonra ansambla onun qızı – Masallı Mədəniyyət Mərkəzinin Mahmudavar Folklor Evinin direktoru Natəvan Əliyeva rəhbərlik edir. Natəvan xanım əlindən gələni edir ki, kollektiv ənənələri layiqincə yaşatsın. Bütün el bayramlarında “Halay” öz kəndlərində, Ərkivan qəsəbəsində, qonşu rayonlarda çıxışlar edir və özünün “alov” dilimləri ilə ətrafına toplaşanların ürəyini isidir, gözünü işıqlandırır.
– Anam bu sənəti anasından öyrənib, mən də ondan, – deyə söhbət edir. – Ənənəni yaşatdığımıza görə xoşbəxtik. Qızlarımız sağ olsunlar, əl-ələ verib el şənliklərinə oynaq ruh qatırlar, konsertlərdə, festivallarda şux, qıvraq ifaları ilə ovqat yaradırlar. Ötən ay Azərbaycanın elə televiziya kanalı olmadı ki, bizi Novruz proqramlarına dəvət etməsin. Masallıda, Lənkəranda da uğurlu çıxışlar elədik.
Kollektivin mükafatlar kolleksiyası zəngindir. ”Halay” Masallını dünyaya tanıdıb. “Qızıl Buta”, “Qızıl Balta” beynəlxalq mükafatları, medallar, diplomlarla təltif olunub. Rusiya, Ukrayna, Belarus, İraq, Gürcüstan, Macarıstan və digər ölkələrdə “Halay” dəfələrlə konsertlər verib. Haqqında filmlər çəkilmiş, kitablar yazılmış kollektivin Türkiyənin 15 şəhərində yaddaqalan çıxışları olub. Bir yaz Novruz ərəfəsində qardaş ölkəyə qastrol səfərinə yollanan ansambl üzvləri özləri ilə bayram atributu olan səməni, şəkərbura, paxlava, noğul və başqa sovqatlar da götürüblərmiş. Konsertlərin birində Türkiyənin ovaxtkı baş naziri, hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan “Halay”ın üzvləri ilə görüşüb onları təbrik edib. Onlar da öz növbələrində baş nazirə yaz simvolu olan yaşıl səməni veriblər…
“Halay”ın hazırda 18 üzvü var. Yarısı veteranlardır, yarısı da gənclər. Onlarla tanış oluruq. Veteranlar Ağabəyim Hacıyeva, Gülzar Nağıyeva, Təranə Hacıyeva, Məhbubə Nuriyeva, Mehparə Qulamova kollektivin səfərlərini, rəsmi tədbirlərdə ifalarını xatırlayırlar. Gənclərdən Fəridə Babayeva, Rufanə Fərəcova, Gülər və Şəbnəm İsgəndərovalar həm də qohum-əqrabadırlar.
– Bu sənətin layiqli davamçısı olmağımızla fəxr edirik, – deyə biri bildirir.
Digəri rəfiqəsinin sözünə qüvvət olaraq əlavə edir:
– Düz 10 il əvvəl Masallıda Prezident İlham Əliyevin qarşısında uğurla çıxış etməyimizi fəxrlə xatırlayıram. Əvvəlcə çox həyəcanlı idik, amma bu, tez keçdi. Axırda dövlət başçısı bizimlə səmimi söhbət də elədi.
– Şuşada, Cıdır düzündə V Beynəlxalq “Xarıbülbül” festivalındakı çıxışımız da möhtəşəm olub, – deyə başqa bir ifaçı söhbətə qatılır. – Azadlığına qovuşmuş Qarabağda konsertdə çıxış eləmək böyük səadət idi. Bu günləri bizə yaşadanlar var olsunlar!
Sonra qızlar səhnəyə, yeni bir kompozisiyanın məşqinə çağrılırlar. Bunun qarşıdakı sənət yarışmalarına hazırlıq mənasına gəldiyini düşünüb, uğurlar diləyir və sağollaşırıq.
İnanırıq ki, multikultural dəyərlərə dövlət səviyyəsində diqqət göstərilməsindən məmnun olan “Halay”ın səhnələrdə hələ çox harayını, sorağını eşidəcək və fəxr edəcəyik.