Hüseyin Feyzxanov və tatar-Azərbaycan əlaqələri

by Samir Asadli

Vilayət QULİYEV

Keçən il qardaş tatar xalqı görkəmli maarifçi, ictimai xadim və şərqşünas-alim Hüseyin Feyzxanovun (Xösəen Fəezxanov, 1823-1866) anadan olmasının 200 illiyini ölkə daxilində və beynəlxalq miqyasda geniş qeyd etdi. Bu münasibətlə Kazanda, eləcə də tatarların toplu halda yaşadıqları digər yerlərdə elmi konfranslar, dəyirmi masalar, sərgilər və digər yubiley tədbirləri keçirildi. Yeni kitab və məqalələr nəşr edildi. Qısa ömür yaşamasına baxmayaraq, Hüseyin Feyzxanov yalnız Kazan tatarlarının və Volqaboyu türklərinin deyil, bütünlükdə türk xalqlarının elmi-mədəni fikir tarixinə, türk mənəvi irsinə, maarifçilik və  yeniləşmə hərəkatına ciddi töhfə vermiş diqqətəlayiq yaradıcı simalardan biridir. Azərbaycan elmi-mədəni mühiti üçünsə məsələnin maraqlı cəhəti onun kommunikasiya vasitələrinin çox məhdud olduğu XIX əsr şəraitində ölkəmizlə maraqlanması və müəyyən əlaqələr qurmasıdır.

Hüseyin Feyzxanovun Avropa tipli  müasir filoloq-şərqşünas kimi yetişməsində müasirlərinin “Rusiya orientalistikasının patriarxı” adlandırdıqları Azərbaycan əsilli alim Mirzə Kazımbəyin (1802-1870) böyük rolu olmuşdur. Tatar tədqiqatçıları akad. M.Usmanov və Tatarıstan EA-nın müxbir üzvü, professor S.Mixaylova Mirzə Kazımbəylə H.Feyzxanovun ilk ünsiyyət və əlaqələrini 1849-cu ilə aid edirlər. Bizim Tatarıstan Mərkəzi Dövlət Arxivində aşkara çıxardığımız bir sənəd isə onların daha əvvəl – 1848-ci ildə tanış olduqlarını söyləməyə əsas verir. Çoxsaylı vəzifələri ilə birlikdə həm də Kazan numizimatlarının fəaliyyətinə rəhbərlik edən Mirzə Kazımbəy həmin il sentyabrın 3-də universitetin fəlsəfə fakültəsinin birinci şöbəsinə göndərdiyi məlumatda Kazandakı Baymurat mədrəsəsinin tələbəsi Hüseyin Feyzxanovun mints-kabinetə 56 ədəd qədim sikkə satdığını bildirmişdi. Bu isə gənc tatar aliminin tək Şərq dilləri deyil, Şərq numizmatikası ilə də ciddi şəkildə maraqlandığını göstərir. Məhz Mirzə Kazımbəyə müraciət etməsi isə aralarında yaranmış işgüzar əlaqədən xəbər verir. Rusiya şərqşünaslığının tarixini araşdıran müəlliflərin əksəriyyəti – V.V.Qriqoryev, N. İ.Veselovskiy, K.Q.Zaleman, İ.N.Berezin, V.V.Bartold və b. Hüseyin Feyzxanovdan söz açarkən onu ilk növbədə azərbaycanlı alimin yetirməsi kimi təqdim edirlər.

Bizim günlərdə tanınmış teoloq-alim, Rusiya Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini, Sankt-Peterburq universitetinin professoru Dəmir Mühitdinov türk əsilli iki alimin münasibətlərindən bəhs edərək yazır: “Mirzə Kazımbəylə yaxın tanışlıq və əməkdaşlıq Hüseyini həmin vaxta qədərki təhsili nəticəsində əldə etdiyi biliklərin çərçivəsini aşmağa, dünyəvi elmlərin tənqidi metodlarına yiyələnməyə ruhlandırdı. Bu məqsədlə də o, müstəqil şəkildə rus dilini öyrənməyə başladı”

Tarixçi, ictimai xadim, pedaqoq, mənbəşünas, şərqşünas-türkoloq, arxeoloq və kalliqraf kimi tanınan, XIX əsrin ikinci yarısında tatar cəmiyyətinin mədəni-mənəvi ab-havasının formalaşmasına ciddi töhfə verən Hüseyin Feyzxanov 1823-cü ildə Simbirsk quberniyasının Sabaçay (indiki Nijni-Novqorod vilayətinin Krasnaya qorka kəndi, rus mənbələrində bu yerin adı bir qayda olaraq “sobachiy ostrov” kimi qeyd edilir. Əslində isə türk-tatar dilində “səfa cay” – “səfalı yer”, “gözəl yurd” anlamı verir – V.Q.) aulunda doğulmuşdu. Valideynlərinin mənşəyi baxımından dövlət kəndlisi sayılırdı. Yalnız 1861-ci ildə Peterburq universitetdəki elmi-pedaqoji fəaliyyətə başlaması ilə əlaqədar qulluqçular silkinə daxil edilmişdi.

Təhsilini doğma kəndində, sonra isə Kazanda, əvvəlcə Baymurat mədrəsəsində, ardınca da böyük tatar maarifçisi Şihabuddin Mərcaninin (1818-1889) yanında almışdı. Mirzə Kazımbəylə tanış olandan sonra onun köməyi ilə müasir elmi-tədqiqat üsullarına yiyələnmək, Avropa tipli filoloq-şərqşünas kimi formalaşmaq yolunu seçmişdi. Hüseyin Feyizxanov taleyini bölgənin yeganə ali təhsil müəssisəsi – Kazan Universiteti ilə bağlamaq, azərbaycanlı alimin rəhbərliyi altında Şərq dillərini, tatar xalqının tarixini, ədəbiyyat və mədəniyyətini öyrənmək istəyirdi. Lakin ünlü həmkarının 1849-cu ildə paytaxt universitetinə dəyişilməsi, ardınca isə Kazanda Şərq dillərinin tədrisinin dayandırılması planlarını gerçəkləşdirməyə imkan verməmişdi.

Mirzə Kazımbəy Kazandan ayrılarkən gənc həmkarını əmin etmişdi ki, Peterburqda Şərq dillərinin tədrisi yoluna düşən kimi onu paytaxta dəvət edəcək. Xoşbəxtlikdən Kazan təhsil dairəsinin keçmiş popeçiteli N.M.Musin-Puşkin də Peterburqa eyni vəzifəyə göndərilmişdi. Mirzə Kazımbəy yaxın əlaqə saxladığı və fəaliyyətinin Kazan dövründə bir sıra mühüm layihələri həyata keçirdiyi nüfuzlu çar rəsmisinin köməyi ilə məsələni tezliklə yoluna qoyacağını düşünürdü. Odur ki, Şərq dilləri fakültəsinin açılışı ərəfəsində -1854-cü ildə Hüseyini Peterburqa çağırmışdı. Rusiyada təhkimçilik hüququnun mövcud olduğu bir şəraitdə hələ də “dövlət kəndlisi” sayılan H.Feyzxanov çətinliklərə baxmayaraq, özü də paytaxta can atırdı. Çünki yalnız bu yolla bilik səviyyəsini yüksəldə, universitetdə çalışaraq xalqına fayda gətirə bilərdi. Müasir tatar alimi A.N.Yuzeevin yazdığı kimi, Hüseyin gələcək fəaliyyətini şərqşünas-alimlərlə işgüzar əlaqə və əməkdaşlıqdan kənarda təsəvvür etmirdi.

Həyatının mühüm qərarını verərkən Hüseyin Feyzxanov istər-istəməz Mərcani ilə Mirzə Kazımbəy arasında seçim etməli olmuşdu. Mərcani ən bacarıqlı tələbəsi və  köməkçisinin paytaxt Peterburqa getmək niyyətini təqdir etmirdi. Yönünü hər vasitə ilə bir vaxtlar özünün təhsil aldığı Buxara və Səmərqəndə salmağa çalışırdı. Bu münasibətlə gənc həmkarının erkən ölümündən sonra yazmışdı: “Mən nəinki onun Peterburqa getməsinə qarşı çıxırdım, həm də hər vasitə ilə dilə tuturdum ki, Kazandan ayrılmaq istəyirsə, başqa yerə getsin. Amma hər şey Allahın iradəsinə bağlıdır. Qadir Allah onun əli ilə mənim üçün də çox şeylər etdi, vacib işlərimdə onu mənə köməkçi göndərdi. Qoy Allah mənə görə mükafatını versin və məqamını cənnət eləsin”.

(Soldan) Şihabutdin Mərcani, Hüseyin Feyzxanov, Mirzə Kazımbəy.

Mərcaninin tərəddüdlərinə rəğmən, Mirzə Kazımbəy tatar aliminin universitetdə bilik və bacarığına uyğun işlə təmin olunması üçun imkanı daxilində hər şeyi etmişdi. Hələ Kazanda çalışdığı dövrdə dəfələrlə ortaya qoyduğu prinsipial mövqeni –  tatar gənclərinin və ziyalılarının istər tələbə, istərsə də Şərq dilləri müəllimi sifətində universitetə cəlb edilmələri ilə bağlı niyyətini Peterburqda da açıq şəkildə bildirmişdi. Yeni fakültəsinin fəaliyyətinin ilk dövrləri haqda  sənədlərdə də dəfələrlə vurğulandığı kimi, “universitetin Şərq dilləri fakültəsinin dekanı Mirzə Kazımbəy H.Feyzxanovu yeddi ilə yaxındır ki, tanıyır. Professor Mirzə Kazımbəy onun həm insan kimi şəxsi keyfiyyətləri, həm də şərqşünas-alim kimi biliyi və elmi axtarışları barəsində yüksək fikirdədir. Hesab edir ki, Hüseyin Feyzxanovun burada işə cəlb edilməsi universitet üçün faydalı ola bilər”.

Təbii ki, bu yüksək fikri şəxsi təcrübəsi və birgə əməkdaşlıqdan çıxış edərək bildirmişdi. Çünki Mirzə Kazımbəyə böyük zəhmət tələb edən mürəkkəb əsərinin – daha çox “Quranın tam konkordansı” (SPb. 1859) adı ilə tanınan “Miftax kunuz əl-Quran” (“Quran xəzinəsinə açar”) sözlüyünün çapa hazırlanmasında yaxından kömək göstərənlərdən biri ilk növbədə Hüseyin Feyzxanov olmuşdu.

Universitetin rektoru, tanınmış rus ədəbiyyatşünası P.A.Pletnyova ünvanladığı raportda Mirzə Kazımbəy yazırdı: “Kazan sakini tatar molla Hüseyin gözəl müsəlman təhsili alıb, türk-tatar dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilir, fikirlərini rusca sərbəst şəkildə ifadə etməyi bacarır”. Təbii ki, universitetdə Şərq dillərinin təbii daşıyıcılarına böyük ehtiyac duyulduğu bir şəraitdə bu göstəricilər onu müvafiq sahə üzrə ali məktəbə cəlb etmək üçün yetərli idi.

Amma bütün müsbət təqdimat və rəylərə baxmayaraq, işlər arzu olunan şəkildə getmirdi. Peterburqda Şərq dilləri fakültəsinin ilk dekanı kimi işə başlayan Mirzə Kazımbəyin təkidli xahişlərindən sonra popeçitel M.N.Musin-Puşkin yalnız 1855-ci ilin noyabr ayında xalq maarifi nazirliyi qarşısında “dövlət kəndlisi Hüseyin Feyzxanovun universitetdə işə qəbul olunması” ilə bağlı məsələ qaldırmışdı.

Nazirliyin qərarını isə düz iki il gözləmək lazım gəlmişdi. Uzun-uzadı yazışmalardan sonra nəhayət 1857-ci ilin noyabrında tatar gəncinin Şərq dilləri fakültəsində türk-tatar və ərəb dili məşğələlərini aparmasına  icazə verilmişdi. Beş ildən sonra, 1862-ci ildə isə Rusiya imperiyasında idarəçiliyi həyata keçirən Senat Hüseyin Feyzxanovu rəsmən universitetdə türk-tatar dilləri mühazirəçisi vəzifəsinə təsdiq etmişdi. Beləliklə, qraf Musin- Puşkin, professor Mirzə Kazımbəy kimi nüfuzlu himayəçilərin səyinə baxmayaraq, təyinat heç də asan başa gəlməmişdi.

Peterburq həyatının ilk günlərindən Mirzə Kazımbəy Hüseyin Feyzxanovun yolgöstərəni, xeyirxahı və hamisi vəzifəsini könüllü şəkildə öz üzərinə götürmüşdü. Gənc həmkarını Şərq dilləri və türkologiya sahəsində çalışan bir sıra görkəmli rus alimləri ilə tanış etmiş, elmi cəmiyyət və nəşrlərə yol tapması üçün zəmanət məktubları vermişdi. Peterburqda yaşadığı on üç il ərzində Feyzxanov Mirzə Kazımbəylə yanaşı, akademiklər B.A.Dorn, V.V.Velyaminov-Zernov, professor V.V.Qriqoryev kimi məşhur rus şərqşünasları ilə əməkdaşlıq şəraitində, əlbir çalışmışdı.

Türkoloq Velyaminov-Zernovun xahişi ilə 1858-ci ildə o, dörd ay ərzində Rusiya xarici işlər nazirliyinin Moskvadakı arxivində saxlanan Yaxın Şərq ölkələri ilə bağlı sənədləri, eləcə də Krım xanlarının Rusiya və Polşaya diplomatik məktublarını araşdırmışdı. Çoxsaylı sənədləri diqqətlə gözdən keçirən alim onlardan 348-nin üzünü köçürmüş, izah və şərhlər yazmış, adlar göstəricisi hazırlamışdı. 1520-1742-ci illəri əhatə edən təxminən min səhifəlik sənədlər məcmuəsi “Krım xanlığının tarixinə dair materiallar” adı altında1864-cü ildə çap edilmişdi. İşin 80-90 faizini H.Feyzxanov görsə də, kitab akademik Velyaminov-Zernovun müəllifliyi ilə çıxmışdı. Fədakar tatar aliminin adı yalnız müqəddimədə çəkilmişdi. Lakin Rusiya EA bu işdəki zəhmət və peşəkarlığını yüksək qiymətləndirib tərtibçinin Rusiya Arxeologiya Cəmiyyətinin üzvü seçilməsi haqda məsələ qaldırmışdı. Nəticədə 1860-cı ildə tatar alimi nüfuzlu elmi qurumun həqiqi üzvləri sırasında yer almışdı

1858-ci ildə H.Feyzxanov yenə də İmperator Elmlər Akademiyasının təşəbbüsü ilə bir neçə dəfə Orenburq vilayətinə ezamiyyətə göndərilmişdi. Apardığı mühüm elmi araşdırmaların nəticəsi kimi “Rusiya Arxeologiya Cəmiyyətinin Xəbərləri” məcmuəsində “Üç mükəmməl bulqar yazısı” məqaləsi ilə çıxış etmişdi. Mütəxəssislər məqaləni Volqa-Kama bulqarlarının epiqrafik abidələrinin tədqiqində yeni söz kimi qiymətləndirmişdilər. Çünki ilk dəfə olaraq H.Feyzxanov bulqar məzar daşlarının dəqiq elmi meyarlarla deşifrə olunması metodikasını  işləyib hazırlamış, onlarda çuvaş elementlərinin mümkünlüyü fikrini irəli sürüb əsaslandırmışdı.

Azərbaycanı Öyrənmə Cəmiyyətində çalışan və 1926-cı ildə dilimizin Şəki dialekti haqda dəyərli kitab çap etdirən çuvaş əsilli türkoloq  N.İ.Aşmarin (1870-1933) həmkarının türk-tatar epiqrafikası sahəsindəki fəaliyyətindən heyranlıq hissi ilə söz açaraq yazmışdı: “Feyzxanovun məqaləsi böyük elmi dəyərə malikdir. Çünki ilk dəfə məhz onun əsaslandığı elmi-tədqiqat üsulları bolqar məzar daşlarına düzgün yanaşmanı bərqərar etmişdir. Məqalədə abidələrin çuvaş dili vasitəsi ilə izahına ilk uğurlu cəhd göstərilmişdir. Bolqar məzar daşlarının Feyzxanov tərəfindən həyata keçirilən deşifrəsi həm də Berezinin (və Klaprotun) tərcümələrinin kifayət qədər düzgün olmadığını göstərdi. Bu da tamamilə təbii idi. Çünki adı çəkilən alimlərin heç birinin ağlına da gəlməmişdi ki, bolqar yazısında çuvaş sözləri ola bilər”

İndiki Ryazan vilayətinin ərazisində yerləşən tarixi Qasımov xanlığının (Kasıym xanlığı, 1451-1682) tədqiqində də tatar aliminin mühüm xidməti olmuşdu. 1860-cı ildə xanlığın ərazisinə ekspedisiya zamanı H.Feyzxanov 29 məzar daşını deşifrə etmişdi. Onların arasında 1610-cu ildə rus taxt-tacının iddiaçısı Yalançı Dmitri tərəfindən qətlə yetirilmiş tatar əsilli Qasımov xanı Uraz Muhəmmədin (?-1610) məzar daşı da vardı. Akademik Velyaminov-Zernov özünün “Kasımov çarları və şahzadələri haqqında tədqiqat” əsərində ilk dəfə H.Feyzxanov tərəfindən oxunaraq elmi dövriyyəyə daxil edilmiş materiallardan geniş şəkildə faydalanmışdı.

Elmi maraq dairəsi çox geniş olan  Hüseyin Feyzxanov qısa ömrü ərzində yalnız bir monoqrafik tədqiqat çap etdirə bilmişdi. Bu, 1860-cı ildə Peterburq universitetinin  mətbəəsində litoqrafiya üsulu ilə çıxan “Tatar dilinin müxtəsər qrammatikası” kitabı idi. Kitabda Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” (1846) əsərinin təsiri duyulurdu. Müəllimi kimi Hüseyin də dilin leksika və sintaksisinin daha yaxşı anlaşılması üçün məcmuəyə oxu materialları – müntəxabat əlavə etmişdi.  Müntəxəbat hissəsinə farsdilli hind didaktik ədəbiyyat nümunəsi “Kəlilə və Dimnə”dən tatarcaya tərcümə olunmuş parçalar, Krım xanı Canıbəy Gireyin (XVII əsr) bəzi fərmanlarının mətni, özbək ədəbiyyatının klassiki Əmir Əlişir Nəvainin “Məcalis-ən-nəfais” (“Seçkinlərin məclisi”) poemasından parçalar salınmışdı.

Nəhayət, Mirzə Kazımbəyin təsiri altında H.Feyzxanov da tatar gənclərinin gimnaziya və universitetlərə cəlb olunması məsələsini qaldırmış, tatar məktəblərinin əsaslı şəkildə islah edilməsi, dünyəvi təhsilə keçidi, tatar dilində gimnaziya tipli müasir tədris müəssisələri ideyasını irəli sürən “İslah əl-mədaris” (“Mədrəsələrin islahı”) adlı nəzəri-pedaqoji əsər qələmə almışdı.

Hələ 1860-cı illərin ortalarında tatar milli mətbuatının yaradılması istiqamətində ilk təşəbbüs də Hüseyn Feyzxanova məxsus idi. Bu məqsədlə müxtəlif illərdə tatar dilində dövrü nəşrlə bağlı bir neçə layihə (“Çulpan” qəzeti, 1859-1862, “Tan yoldızı” qəzeti, 1862-1863, “Fayda” jurnalı, 1864-1865) hazırlasa da, istəyinə nail ola bilməmişdi. O, eyni zamanda görkəmli rus şərqşünasları ilə birlikdə universitetin Şərq dilləri fakültəsinin “Aziatskoe obozrenie” adlı elmi jurnalının nəşri ilə bağlı kollektiv petisiyanı imzalamışdı. Göründüyü kimi, Rusiya türklərinin milli mətbuatının yaradılması istiqamətində ilk addımın Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspralıya qədər Hüseyin Feyzxanov tərəfindən atılması tarixi gerçəkdir.

Akademik Dornun tövsiyəsi ilə Rusiya Xarici İşlər Nazirliyinin Moskva arxivində işlədiyi zaman Hüseyin Feyzxanov Azərbaycan tarixinə dair bir mənbəni də aşkara çıxarıb üzünü köçürmüşdü. Bu, uzun müddət səhvən Şəki qazısı Hacı Əbdüllətif əfəndiyə isnad edilən, əslində isə Şəki xanları nəslindən şair və salnaməçi Kərim ağa Fatehin (1788-1858) qələminin məhsulu olan Azərbaycan türkcəsində yazılmış “Şəki xanlarının müxtəsər tarixi” idi. Tatar aliminin nəşrə hazırladığı həmin əsər akad. Dornun “Əl-İntixabatül-Bəhiyyə” (“Gözəl seçmələr”) adlı külliyyatında çap olunmuşdu. Əlyazma müəllifinin şəxsiyyəti iranşünas N.V.Xanıkovun qeyri-dəqiq məlumatına əsasən müəyyən edilmişdi. Akad. Dorn bu münasibətlə yazırdı: “1858-ci ildə əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdı: “Müxtəsər Şəki tarixinin müəllifi mənim dostum, nəsilbənəsil Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz”. Yalnız 1929-cu ildə Salman Mümtaz əlyazmasının həqiqi müəllifinin Şəki xanı Hacı Çələbi xanın kötücəsi Kərim ağa Fateh olduğunu sübuta yetirmişdi. İstənilən halda H.Feyzxanovun qiymətli mənbəni aşkara çıxarıb çapa hazırlaması onun Azərbaycan tarixi qarşısında xidməti sayılmalıdır.

Hüseyin Feyzixanov mürşid və ata timsalında gördüyü Mirzə Kazımbəyin qədirşünaslığını həmişə yüksək dəyərləndirmişdi. 1865-ci ildə Şərq dilləri fakültəsində tədrisin iki istiqamətdə aparılması ilə bağlı fikir ayrılıqları meydana çıxanda o, universitetdəki vəziyyətinin qeyri-müəyyənliyinə, gələcəyi üçün bəlli təhlükə törənə biləcəyinə baxmayaraq, tərəddüd etmədən müəllimi və xeyirxahı Mirzə Kazımbəyin mövqeyində dayanmışdı. Sanki bu yolla da  azərbaycanlı həmkarına minnətdarlıq duyğularını ifadə etməyə çalışmışdı. Şihabuddin Mərcaniyə məktublarında dəfələrlə Mirzə Kazımbəyin türkologiya və islamşünaslıq qarşısındakı mühüm xidmətlərindən, əsərlərinin elmi dəyərindən söz açmışdı.

Hüseyin Feyzxanov gənc yaşda ehtiyac və xəstəliklər ucbatından həyatdan köçəndə Şərq dilləri fakültəsinin dekanı Mirzə Kazımbəy universitet Şurasına əslində nekroloq xarakteri daşıyan 9 noyabr 1866-cı il tarixli məktubunda yazmışdı: “Fakültə universitet Şurasına mərhum Hüseyin Feyzxanovun türk dillərinə hətərəfli bələdliyi, bütün səy və biliyini sərf etdiyi xidməti, tədris işlərinə və elmi tədqiqatlara dərin bağlılığı haqda bir daha məlumat verməyi özünə borc sayır. O, biliyindən faydalanmağı hər kəsə təklif edir və çoxları bu təmənnasız xidmətdən yararlanırdı. Feyzxanov fakültə professorları, akademik dairələrdə çalışan şərqşünaslarla davamlı ünsiyyət nəticəsində ciddi elmi səviyyəyə yüksəlmişdi. Nəticədə əgər belə demək mümkünsə, bizim iki milyonluq tatar əhali (Kazan tatarları nəzərdə tutulur -V.Q.) arasında yeganə tədqiqatçı alim kimi (müəllif burada Avropa tipli alimləri nəzərdə tutur – V.Q.) tanınmışdı. Şərq ədəbiyyatı sahəsində yüksək bilik və erudisiya tələb edən EA-dakı məşğələləri ilə yanaşı, Kazan tatarlarının ünsiyyət vasitəsi – tatar dili qrammatikasını, Arxeologiya cəmiyyətinin “Xəbərləri”ində isə bulqar yazılarına dair dilçilik baxımından çox əhəmiyyətli iki məqalə nəşr etdirmişdi. Yalnız tədris deyil, elmi-nəzəri baxımdan da böyük dəyərə malik qırğızca-rusca (“qırğız” dedikdə burada qazax dili nəzərdə tutulurdu – V.Q.) lüğət hazırlayırdı. Təəssüf ki, amansız ölüm alimə adı çəkilən əsərini başa vurmağa imkan vermədi. Sadaladığımız işlərlə bir sırada Hüseyin Feyzxanov 1861-ci ildən vəfat etdiyi günə qədər heç bir maddi qazanc güdmədən, sadəcə fakültə üçün faydalı olmaq naminə müxtəlif vəzifələri yerinə yetirmişdi.  Kalliqrafiya müəllimi kimi çalışanda Osmanlı türkcəsi və tatar dillərini məvacibsiz tədris etmişdi. Tatar dili mühazirəçisi kimi işlədiyi dövrdə isə yenə də maaş almadan Osmanlıca və xəttatlıq məşğələlərini aparmışdı”.

H.Feyzxanovun vəfatından sonra Mirzə Kazımbəyin uzun müddət onun ailəsinə maddi yardım göstərməsi də aralarındakı yaxınlıq və dostluğun təzahürü idi. Tatar aliminin dul qadını Bibi-Fatimə Feyzxanovanın Peterburq universitetinin rektoruna 27 noyabr 1868-ci il tarixli ərizəsindən aydın olur ki, “ərinin vəfatından keçən üç il ərzində ailəsinin dolanaçağı yalnız professor Mirzə Kazımbəyin qayğı və diqqəti sayəsnndə mümkün olmuşdur”. Ərizədə daha sonra deyilirdi: “Hətta indiyə qədər Mariinsk qız gimnaziyasında oxuyan böyük qızlarımın təhsil xərcini də Mirzə Kazımbəy öz üzərinə götürmüşdür”. Bu fakt həm də bir insan kimi böyük alimin alicənablığından xəbər verir. Din ayrılığının onun nəzərində qətiyyən baryerə çevrilmədiyini, islama xas şəfqət və xeyirxahlıq hisslərini qoruyub saxladığını göstərir.

Mirzə Kazımbəyin gəlini M.L.Tolstaya-Kazımbəyin Kazan Universitetinin nadir kitablar və əlyazmalar fondunda mühafizə olunan gündəliklərindəki müxtəlif illərə aid qeydlər patriarx alimin ölümündən sonra da onun ailəsi ilə Faizxanovlar ailəsi arasındakı əlaqənin kəsilmədiyinə dəlalət edir. Məlum olur ki, H.Feyzxanovun kiçik qızı Əminə bir müddət Peterburqda  Mirzə Kazımbəyin oğlu, XIX əsr Rusiyasının görkəmli hüquqşünası, senator Aleksandr Kazımbəyin (1844-1896) ailəsində yaşamış,  övladları ilə birlikdə tərbiyə almış, hətta onları özünün “ziyanlı” fikirlərinə şərik etməyə çalışmışdı. M.L.Tolstaya-Kazımbəyin gündəliyindəki 1880-ci illərin əvvəlləri ilə bağlı qeydlərdən gimnaziya şagirdi Əminənin dövrün qabaqcıl fikirli gəncləri arasında geniş yayılmış xalqçılıq hərəkatı, inqilabçı “Torpaq və Azadlıq” təşkilatının fəaliyyəti ilə yaxından maraqlanmışdı. Mühafizəkar rus zadəgan ailəsinin yetirməsi olan xanım Kazımbəy ailələrindəki bu “təhlükə ocağından” narahatlıqla bəhs etmiş, övladlarını hər vasitə ilə zərərli saydığı təsirdən qorumağa çalışmışdı.

Maraqlıdır ki, eyni münasibət Feyzxanovlar ailəsi tərəfindən də nümayiş etdirilmişdi. Birinci xanımının ölümündən sonra Mirzə Kazımbəy Peterburqda qızlıq familiyası Muravyeva olan Yekaterina Nikolayevna Qartunqla tanış olmuşdu. Faktiki ayrıldığı əri qadını boşamaq istəmədiyindən rəsmən evlənə bilməmişdilər. Ona görə vətəndaş nikahında yaşamışdılar. Bu qeyri-rəsmi nikahdan 1867-ci ildə Olqa adlı qız, 1868-ci ildə isə Nikolay adlı oğlan övladları doğulmuşdu. Mirzə Kazımbəy öləndə övladlarının hər ikisi çox kiçik yaşda idi. Valideynləri rəsmi nikaha girmədikləri üçün körpələr kilsə hüququ nöqteyi-nəzərindən qeyri-qanuni, yəni bic sayılırdı. Belə şəraitdə Hüseyin Feyzxanovun Ufada yaşayan kiçik qardaşı Əbdülhəlim Nikolayı öz ailəsinə aparıb təlim-tərbiyəsi ilə doğma övladı kimi məşğul olmağa başlamışdı. Lakin dövrün tələblərinə görə xristian uşağının müsəlman ailəsində yaşaması yolverilməz sayılırdı. Bir müddət sonra Mirzə Kazımbəyin qanuni nikahdan doğulmuş oğlu Aleksandr Kazımbəy (1844-1894) ögey qardaşını qəbul edib ona ailə soyadını verməyə razı olmuşdu. Gələcəkdə Kazan quberniyasında iri mülkədar kimi tanınan Nikolay Kazımbəy (1868-?) Peterburqda, Aleksandrın himayəsində böyümüşdü.

XX əsrin əvvəllərində Azərbaycanda Hüseyin Feyzxanovun istər özünü, istərsə ailəsini də müəyyən qədər tanıyırdılar. 1855-si ildə alim əslən Ryazan quberniyasının Qasımov qəzasından olan Peterburq sakini Bibi Fatimə Bikeeva ilə ailə qurmuşdu. Bu nikahdan Aişə (1856-?), Zeynəb (1861-?) və Əminə (1865-?) adlı qızları doğulmuşdu. Aişə Birinci Dövlət dumasının üzvü, hüquqşünas Şahheydər Sırtlanovun (1847-1916), Zeynəb isə II Dövlət Dumasının üzvü Seyid Girey Alkinin (1967-1919) xanımı idi. Ümumrusiya müsəlman hərəkatının lideri Əlimərdan bəy Topçubaşov onların hər ikisini yaxından tanıyırdı. Duma xətti ilə, eləcə də “İttifaqi-müslimin” partiyasının sədri kimi Sırtlanov və Alkinlə əməkdaşlıq etmiş, məktublaşmışdı. Görünür, bu şəxslərlə əlaqə ona Hüseyin Feyzxanovun yuxarıda adını çəkilən kiçik qızı Əminəni də yaxından tanımağa imkan yaratmışdı. XX əsrin əvvəllərində Əminə Feyzxanova Ufa  quberniyasında yaşayırdı. Orada tatar və başqırdlar arasında müsəlman qadın hərəkatının fəal nümayəndələrindən biri və xeyriyyəçi kimi tanınmışdı. Əlimərdan bəy baş redaktoru olduğu “Kaspi” qəzetinin 28 noyabr 1903-cü il tarixli sayında bu fədakar tatar xanımı haqqında “Müsəlman qadınının sərbəst fəaliyyəti” adlı məqalə dərc etdirmişdi. Yazıda tatar xalqının çətin və qaranlıq zamanlarında Əminənin nəcib ailə  ənənəsini davam etdirərək köməksiz və binəsib insanlara əl tutmasından minnətdarlıq hissi ilə söz açılırdı. Tatar maarifçisi Musa Bigiyevin həmkarı, “Şura” jurnalının naşiri  Rizaəddin Fəxrəddinə 1914-cü ildə yazdığı məktubda Əminə xanımın anası ilə birlikdə Peterburqda yaşadığı və ictimai fəaliyyətini davam etdirdiyi bildirilirdi.

Bəlkə bir qədər qəribə görünə bilər: amma XIX yüzilliyin ortalarından etibarən türk xalqlarının qabaqcıl nümayəndələri sanki bizim günlərlə müqayisədə bir-birlərini daha yaxından tanımağa, əməkdaşlıq etməyə daha çox maraq göstərmişdilər…

Sarayevo, fevral 2024.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK