Noyabrın 1- də Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başlanır.
Festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.
Teatr bayramında TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcəklər.
Festivalda, həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcəklər.
Beynəlxalq tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.