Son vaxtlar İran mətbuatında, mediasında Azərbaycan dövlətinin rəhbərliyi, ayrı-ayrı məmurların ünvanlarına təhqiramiz fikirlər səslənməkdə, davranışlar nümayiş olunmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl məhz İran rejiminin əli ilə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum oldu, terror hadisəsi törədildi. Videogörüntülərdən də aydın görünürdü ki, bu hücum əvvəlcədən planlaşdırılıb, ölçülüb-biçilib. Bu azmış kimi, İran rejimi çərçivəni daha da aşaraq, çirkablı təhqir “maşınını” işə salıb. Halbuki Azərbaycan uzun illər İranla münasibətdə hər zaman həssas və diqqətli olub, mehriban siyasət yürüdüb, beynəlxalq müstəvidə Qərb dövlətlərinin sanksiyalarına, bu kimi təşəbbüslərə, siyasi qarşıdurmalara qoşulmayıb.
Bəs İran rejiminin bu həyasızlığına Azərbaycan tərəfi necə cavab verməlidir?
Aqil Abbas: “Azərbaycan İran rejimi kimi tərbiyəsiz deyil ki, onun davranışlarına eynilə cavab versin”
Millət vəkili Aqil Abbas isə qeyd etdi ki, Azərbaycan İran rejimi kimi tərbiyəsiz deyil ki, onun davranışlarına eynilə cavab versin: “İkincisi də, dəfələrlə demişəm, İran Ermənistanla qohum, qardaşdır, familyaları, adları da demək olar ki, eynidir. Söhbət ondan gedir ki, onlar bir millətdirlər, sadəcə, onları bir-birilərindən din ayırır. İranın Azərbaycana qarşı siyasəti bu amildən irəli gəlir. Həm də ondan irəli gəlir ki, Azərbaycan kimi qüdrətli bir dövlət yaranır, dünyada söz sahibiyik, bunu da İranın rejiminin gözü götürmür. Qorxur ki, İrandakı azərbaycanlılar ayağa qalxar və müstəqillik istəyər.
O ki qaldı İran rejiminin Azərbaycan dövlətinin rəhbərliyi, ayrı-ayrı məmurlarına qarşı təhqiredici fikirlər səsləndirməsinə, biz onlara bu cür də cavab verə bilmərik, çünki bizə layiq deyil. Belə bir amil var, böyük millətlər kiçik millətlərin dediklərini qulaqardına vurur. Ona görə də biz onların cavabını beynəlxalq səviyyələrdə verməliyik.
Xatırlayıram ki, bir dəfə İran bayrağını tərsinə vermişdilər. Onda demişdim ki, mən İran rejiminin bayrağını tərsinə verə bilmərəm, çünki üzərində Allah sözü var. Amma İran prezidentinin şəklini qəzetdə tərsinə çap etdim.
Daha bir məsələ, İranda şiə, din söhbəti yoxdur. Çünki İranda din olsaydı, dava salardılar ki, ermənilər məscidlərdə donuz otarır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”