İranda hakim rejim əleyhinə etiraz aksiyaları davam edir. Bununla yanaşı, etirazların yatırılması, həbsdə olan fəallara qarşı işgəncələr də davam etdirilir. Dünən aldığımız məlumata görə, təbrizli milli fəal Əli Şadinin təhlükəsizlik təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılması və barəsində məlumat verilməməsi ailəsinin onun sağlamlığı ilə bağlı narahatlığına səbəb olub.
Milli fəalın ailəsindən bildirilib ki, dəfələrlə prokurorluq və digər əlaqədar qurumlara müraciətlərinə baxmayaraq, dəqiq məlumat ala bilməyiblər. Şadinin qanuna uyğun olaraq girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılması mümkün olsa da, təhlükəsizlik idarəsi buna icazə vermir. O, yanvarın 4-də Təbrizin “Əmin” küçəsindəki iş yerində həbs edilib, kitabları, kompüteri və mobil telefonu müsadirə edilib, nədə ittiham olunduğu məlum deyil.
Gunaz.TV-nin məlumatına görə, həbsdə olan iki iranlı jurnalist Nilufər Həmidi və İlahə Məhəmmədi Kanada Mətbuat Azadlığı Mükafatına layiq görülüblər. Bu barədə Kanadanın “Toronto Star” qəzeti məlumat yayıb. Bu mükafat jurnalistlərə qiyabi olaraq fevralın 15-də veriləcək. Jurnalistlər İranda etiraz aksiyaları barədə məlumatlar yaydıqları üçün həbs ediliblər.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mürtəza Mahmudvənd isə bildirib ki, ölkəyə qarşı beynəlxalq konsensusun genişlənməsinə baxmayaraq, yerli ekstremistlər öz ambisiyalarını davam etdirməkdə israrlıdırlar: “Ölkədə olan radikal kəsim öz əməllərini davam etdirərək əlavə problemlər yaratmaqda maraqlıdırlar. Ümid edirəm ki, məntiq onlara qalıb gələcək və bundan artıq vətəndaşların sıxıntısına yol verə bilməyəcəklər”.
Onun sözlərinə görə etiraz aksiyaları başlayandan bəri radikal kəsim nümayişçiləri susdurmaq üçün hətta uşaqlara da sərt cəzaların tətbiqini tələb edirlər.
Yanvarın 19-da Avropa Parlamenti İranda etirazların yatırılmasını pisləyən və İran İnqilab Keşikçiləri Korpusunun terrorçu qruplaşmalar siyahısına salınmasını nəzərdə tutan qətnaməni lehinə 313 səs olmaqla təsdiqləyib. Bununla bağlı iclasda İranın dini lideri, prezidenti, baş prokuroru və onların ailə üzvlərinin də sanksiyalar siyahısına daxil edilməsi tələb edilib. Bu, “Avropa İttifaqının İrandakı nümayişlərə və edamlara cavabı” adlı qətnamədə yer alıb. Eyni zamanda SEPAH və onun köməkçi qüvvələri, o cümlədən Bəsic və Qüds qüvvələrinin terrorçular siyahısına daxil edilməsi tələb edilir.
Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri SEPAH-ı terror qruplaşması kimi tanımaq səyləri ilə eyni vaxtda İranın 37 rəsmisinə sanksiya tətbiq edəcəklərini bildiriblər. Bu barədə “Reuters” iki etibarlı mənbəyə əsaslanaraq məlumat yayıb. Hər iki mənbə deyib ki, bu 37 İran rəsmisi insan haqlarını pozduqlarına görə sanksiyaya məruz qalacaq. Sanksiyalar nəticəsində bu şəxslərin Avropa İttifaqı ölkələrinə daxil olmasına icazə verilməyəcək və onların Avropadakı bütün aktivləri dondurulacaq.